2025-ci ilin oktyabrında Azərbaycanın həftədə altı dəfə nəşr olunan rəsmi qəzetləri dövriliyini azaltdı. O vaxtadək ikicə qəzet həftədə altı dəfə çıxırdı: Prezidentin İşlər İdarəsinin nəşri olan “Xalq qəzeti” və Milli Məclisin orqanı “Azərbaycan”.
Bu qəzetlər bazar saylarını ləğv edib həftədə beş dəfə çap olunandan ölkədə həftədə altı dəfə çıxan qəzet qalmayıb.
O dövrdə Azərbaycanda daha 7 qəzet həftədə beş dəfə çıxırdı: “İki sahil”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs”, “Şərq”.
“İki sahil”in təsisçisi Dövlət Neft Şirkətidir.
Qalan gündəlik qəzetlər həftədə beş dəfə nəşr olunmaq üçün dövlətdən maliyyə alırdı. Medianın İnkişafı Agentliyi “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər”, “Səs” və “Şərq” qəzetlərinə ayda 15 min manat, onların saytlarına isə 3 min manat ayırırdı.

2026-cı ildən qəzetlərin yalnız həftədə bir nömrəsinin çapına maliyyə yardımı göstərilir: onlara aylıq 5 min manat vəsait ödənir. Hər bir qəzetin internet versiyası üçün isə ayda 3 min manat maliyyə yardımı verilir.
Maliyyə yardımı azaldığına görə “İki sahil” və “Səs” həftədə iki dəfə, “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər” və “Şərq” həftədə bir dəfə nəşr olunmağa keçib.
Hazırda 3 qəzet həftədə beş dəfə çıxır: “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”.
Rus dilində işıq üzü görən “Novoye vremya” həftədə dörd dəfə çıxır. Medianın İnkişafı Agentliyi əvvəllər də “Novoye vremya”nın həftədə yalnız bir nömrəsini maliyyələşdirib, lakin qəzet öz hesabına həftə ərzində daha üç nömrəsini çap edə bilir.
Həftədə iki dəfə çıxan qəzetlərin sırasında “İki sahil” ilə “Səs”dən başqa “Futbol+” da var.
Həftəlik qəzetlər arasında “Yeni Müsavat”, “525-ci qəzet”, “Bakı xəbər” və “Şərq”lə yanaşı “Azernews” (ingilisdilli), “Azərbaycan müəllimi”, “Azərbaycan Ordusu”, “Bakinski raboçi” (rusdilli), “Cümhuriyət”, “Ejednevniye novosti” (rusdilli), “Ədalət”, “Ədəbiyyat qəzeti”, “Həftə içi”, “Hərbi and”, “Kaspi”, “Xalq Cəbhəsi”, “Nedelya” (rusdilli), “Olaylar”, “Olimpiya dünyası”, “Paralel”, “Təzadlar”, “Türküstan”, “Unikal”, “Vışka” (rusdilli) qəzetləri də var.
Beləliklə, Azərbaycanda ölkə miqyasında çıxan əsas ictimai-siyasi qəzetlərin və sahə nəşrlərinin 3-ü həftədə beş dəfə, 1-i dörd dəfə, 3-ü iki dəfə işıq üzü görür. 20-dən çox qəzet isə həftəlikdir.

Medianews.az ictimai-siyasi qəzetlərin bir nömrəsinin neçə tirajla çap olunduğuna da nəzər salıb.
“Yeni Azərbaycan”ın bir nömrəsi 4919 nüsxədə, “Azərbaycan”ın bir nömrəsi 3317 nüsxədə, “Xalq qəzeti”nin bir nömrəsi 2951 nüsxədə işıq üzü görür.
“Novoye vremya” qəzetinin bir nömrəsinin tirajı 3000 nüsxədir.
“İki sahil”in bir nömrəsi 5913 nüsxədə, “Səs”in bir nömrəsi 2000 nüsxədə çap olunur.
Həftəlik qəzetlərdən də bir neçəsinin tirajına nəzər yetirək: “Bakı xəbər” - 3050 nüsxə, “525-ci qəzet”, “Həftə içi”, “Kaspi” (həmçinin rusdilli “Kaspiy”), “Unikal” - 2000 nüsxə, “Ədalət”, “Türküstan”, “Yeni Müsavat” - 1500 nüsxə, “Bakinski raboçi” - 1179 nüsxə.
Bazar və bazar ertəsi heç bir qəzet çıxmır. Şənbə günü isə yalnız “Azərbaycan”, “Xalq qəzeti” və “Yeni Azərbaycan” işıq üzü görür.

Gündəlik qəzetlərin azalması mətbuat yayımında da dəyişikliklərə gətirib. Paytaxtın əsas mətbuat yayıcısı olan Bakı Mətbuat Yayımının kollektivi 2026-cı ilədək yalnız bazar və bazar ertəsi işləmirdi, indi şənbə günü də qeyri-iş günü olub. Bakı Mətbuat Yayımının rəhbəri Cavid Rzayev Medianews.az-a müsahibəsində bu qərarı belə izah edib ki, cəmi üç gündəlik qəzetə görə komandanı səfərbər edib işləmək maddi baxımdan şirkətə sərf etmir.
Beləliklə, yayım firması işləmədiyinə görə şənbə günü çıxan qəzetlər köşklərə bir neçə gün sonra - növbəti həftənin çərşənbə axşamı çatdırılır. Nəticədə çərşənbə axşamı köşklərdə “Azərbaycan”, “Xalq qəzeti” və “Yeni Azərbaycan” qəzetlərinin eyni vaxtda iki nömrəsi - həm o gün çıxan sayı, həm də şənbə sayı satılır.
Bəs qəzetlər dövriliyini dəyişəndən sonra qəzet alanların sayı necə dəyişib?

Bakı Mətbuat Yayımının rəhbəri Cavid Rzayev Medianews.az-a deyib ki, dövriliklər azalandan qəzet alanların sayı da xeyli azalıb: “Sözün açığı, bunu gözləmirdim. Düşünürdüm ki, filan qəzetin, tutalım, gündəlik çıxanda bir nömrəsinin 100 nüsxəsi satılırdısa, həftəliyə keçəndən sonra heç olmasa 120-130 nüsxəsi satılar. Yaxud ən azından satış səviyyəsi elə əvvəlki kimi 100 nüsxədə qalar. Amma satış aşağı düşüb. Özünüz təsəvvür edin, qəzetlərin dövriliyi azalıb, yəni satışa çıxarılan qəzet nüsxələrinin sayı azalıb, üstəlik, alıcılıq da zəifləyib. Bütün bu faktorları cəmlədikdə ümumən qəzet satışının təxminən 10 dəfə azaldığını deyə bilərəm”.
Beləliklə, qəzetlərin dövriliyinin azalması mətbuat yayımına növbəti zərbəni vurur. Bakı Mətbuat Yayımı bu zərbələrə davam gətirə biləcəkmi?
Cavid Rzayev deyir: “Nə qədər işləyə biləcəyiksə, o vaxta qədər də işimizi davam edəcəyik. Başqa çarə yoxdur. Satış səviyyəsi aşağı düşməyən yalnız rusdilli qəzetlər və krossvord qəzetləridir. Rusdilli qəzetlərin satış qiymətlərində elə bir artım olmayıb. Satış səviyyələri də olduğu kimi qalıb. Krossvord qəzetləri satış qiymətlərini artırsa da, satış səviyyəsini saxlaya bilib. Faktiki bu gün Bakı Mətbuat Yayımı əsas krossvord qəzetlərinin və rusdilli nəşrlərin satışı sayəsində fəaliyyətini davam etdirə bilir. Onların satışı da aşağı düşsəydi, yəqin ki, biz daha işləyə bilməyəcəkdik”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.
