Medianews.az
Azərbaycanda kommunizmi yayanlardan biri danışdı:
249 baxış

Azərbaycanda kommunizmi yayanlardan biri danışdı: "SSRİ bayrağı…”

Bakıda bir qrup şəxs SSRİ və Azərbaycan SSR-nin bayraqları ilə aksiya keçirib, kommunist ideologiyasının təbliğatını aparıblar. Amma aksiyada Azərbaycan bayrağı olmayıb.

Polis aksiyanın təşkilatçıları olan Abdulla İbrahimli və İbrahim Əsədli də daxil olmaqla bir neçə nəfəri saxlayıb. Onların barəsində cinayət işi başlanaraq istintaq prosesinə cəlb ediliblər.

Həmin aksiyanın və sosial şəbəkələrdə yayılan digər foto-videolardan məlum olur ki, Azərbaycanda sosialist və kommunist ideologiyalarını yayanlar təşkilatlarının rəmzlərində (bayraq, emblem və s.) müstəqil Azərbaycanın atributlarından deyil yalnız SSRİ-nin simvolları olan çəkic, oraqdan yararlanırlar. Onlar keçirdikləri tədbirlərdə də yalnız həmin rəmzləri nümayiş etdirirlər.

Bəs bunun səbəbi nədir? Yerli solçu və kommunistlər niyə milli rəmzlərdən kənar gəzirlər?

Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov “Yeni Sabah”a açıqlamasında deyib ki, müasir veksikologiya elminin son məlumatlarına görə, hazırda dünyada mövcud olan dövlət bayraqları içərisində qırmızı rəngli bayraqlar birinci yerdə olub, ümumən mövcud bayraqların üçdə ikisini təşkil edir:

“Onlardan biri də Azərbaycan Sovet Sosialist Respublikasının dövlət bayrağıdır. Bu bayraqda oraq və çəkic tərəfi bayraq eninin ¼-nə bərabər olan kvadratın içərisinə yerləşdirilir. Orağın şiş ucluğu kvadratın üst tərəfinin ortasına düşür, orağın və çəkicin dəstəkləri kvadratın alt künclərinə dirənir. Çəkicin dəstəyi ilə bir yerdə uzunluğu kvadratın diaqonalının uzunluğunun ¾-ni təşkil edir. Beşguşəli ulduz kvadratın yuxarı tərəfinə bitişik diametri bayraq eninin 1/8-nə bərabər olan çevrəyə yerləşdirilir. Ulduzu, orağı və çəkici ortadan bölən şaquli ox bayraq sapından bayraq eninin 1/3-i qədər məsafədə yerləşir. Bayrağın yuxarı kənarından ulduzun mərkəzinə qədər məsafə bayraq eninin 1/8-i qədərdir”.

Ə.Abdinov vurğulayıb ki, fiziki cəhətdən Azərbaycan SSR bayrağı ilə müstəqil Azərbaycan Respublikasının bayrağı arasında fərq bunlardan ibarətdir:

“Nəzərə almalıyıq ki, həm Azərbaycan SSRİ-nin, həm də müstəqil Azərbaycan Respublikasının bayrağında təmsil etdikləri qurluşu, millətin hüquqları var. Hər iki bayrağın yaradılması naminə insanlar böyük səylər göstərib və bəlkə də çoxları bu yolda canlarını fəda ediblər. Mən sovet vətəndaşı olmuşam və ömrümün 50 ili sovet bayrağı altında keçib. Yaxşı və çətin günlər olub. Azərbaycan SSRİ-nin bayrağı sovet xalqının şərəf və ləyaqəti, müstəqil Azərbaycan Respublikasının bayrağı isə azad xalqımızın şərəf və ləyaqətidir”.

“Əgər mən sosialist ideyalarına üstünlük verirəmsə, bu ancaq hazırki müstəqil və azad Azərbaycan çərçivəsində qəbul oluna bilər. Bugünkü bayrağımızın, emblemin və gerbin sovet ideologiyasının atributlarından ən böyük fərqi onların müstəqilliyimizin rəmzi olmasındadır. Ona görə bu şanlı bayrağın təmsil etdiyi ölkə mənim üçün müqəddəsdir”, - deyə hərəkatın sədri qeyd edib.

Hərəkat sədri həmçinin, başqa bir fərqi də diqqətə çatdırıb:

“Fərq bir də ondan ibarətdir ki, bu günkü bayrağımız olmasaydı biz azad yaşaya bilməzdik. Biz bayrağımız sayəsində azadıq. Onu sevməli, qorumalı, qədrini bilməliyik. Elə millətlə eyniləşdirən yeganə sevgi də bayraq sevgisidir”.

Bizə qoşulun