Medianews.az
Azərbaycanda güclü zəlzələ olacaqmı? -
181 baxış

Azərbaycanda güclü zəlzələ olacaqmı? - SON DƏQİQƏ AÇIQLAMASI

Xəbər verdiyimiz kimi, Şamaxı rayonunda son iki gün ərzində 8 yeraltı təkan qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi-nin məlumatına əsasən, zəlzələlər əsasən Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə baş verib.

Qeyd olunur ki, təkanların maqnitudası 3–3,8 intervalında dəyişib. Zəlzələ ocağının dərinliyi 8–13 kilometr təşkil edib. Bəzi hallarda yeraltı təkanlar episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunsa da, bir sıra zəlzələlər əhali tərəfindən hiss edilməyib.

Sonuncu təkan yerli vaxtla saat 08:31-də Pirqulu stansiyasından 23 kilometr cənub-qərbdə qeydə alınıb.

Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 8-ə çatıb.

Maraqlıdır, Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib ki, hazırda bizim Respublika üzrə də, zəlzələ bölgəsi üzrə də monitorinqimiz davam edir: "Bildiyiniz kimi Şamaxıda xırda təkanlar davam edir. Maqnitudu 3-dən aşağı olan afterşoklar da qeydə alınır. Zəlzələnin dəqiq proqnozu yoxdur. Hər halda dünən qeydə alınan 4.7 maqnitudalı zəlzələdən sonra davam edən təkanlar ondan zəifdi. Hazırda monitorinqimiz davam edir. Məlumatlar təhlil olunur və ml 3 və 3-dən böyük olan təkanlar haqqında ictimaiyyət operativ şəkildə məlumatlandırılır".

Nailə Qasımova
Medianews.az

Bizə qoşulun