Avstriyada məşhur “Hipp” markalı uşaq qidaları ilə bağlı narahatedici hadisə baş verib və bu məsələ digər ölkələr, o cümlədən Azərbaycan üçün də diqqətlə izlənilməlidir.
Məlumata görə, Avstriyanın Burgenland federal ərazisində bir alıcı mağazadan aldığı tərəvəz püresinin keyfiyyətindən şübhələnib. Onun bildirdiyinə görə, məhsulun qabı artıq açıq vəziyyətdə olub. Aparılan laborator analizlər nəticəsində isə həmin bankalarda siçan zəhəri izləri aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, bəzi bankaların alt hissəsində qırmızı dairə işarəsi mövcuddur və qapaqların qoruyucu örtüyü zədələnib.
Hadisə ilə əlaqədar olaraq, bazar nəzarət qurumları “Hipp” markasına aid məhsulları təkcə Avstriyada deyil, həm də Sloveniya, Macarıstan, Norveç və İtaliyada ümumilikdə 1500 supermarketdən təcili geri çağırıb. Şirkət özü də uşaq qidalarında zəhərli maddə izlərinin aşkarlandığını təsdiqləyib və bunun “kənar müdaxilə” nəticəsində baş vermiş ola biləcəyini açıqlayıb. İstehsalçı valideynləri bu məhsullardan istifadə etməməyə çağırıb.
Bu cür hallar göstərir ki, hətta tanınmış və etibarlı hesab olunan markalarla bağlı da təhlükəsizlik riskləri tam istisna edilmir. Azərbaycan bazarında da idxal olunan bu cür uşaq qidalarının mövcudluğu nəzərə alınarsa, bu məsələ yerli istehlakçılar üçün də potensial risk yarada bilər.

Medianews.az xəbər verir ki, İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a bildirib ki, körpələrin qidalandırılması ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyində çox vacib bir maddə mövcuddur və bunu hətta bir çox pediatr da tam şəkildə anlamır: “Azərbaycana üçüncü ölkələrdən körpə qidalarının idxalı qadağandır. Bu sualın cavabını çox adam bilmir, lakin mənə bu məsələ məlumdur. Avstraliyada müəyyən edilmiş bu məsələ, qida məhsulunun tərkibində Argentium NO3 kimi maddə var. Bu maddə zəhərlidir, lakin ümumiyyətlə, bütün kimyəvi maddələr müəyyən miqdarda qidalarda rast gəlinə bilər. Argentium NO3 ilə bağlı konkret məlumatım yoxdur və bunun təsdiqləndiyini demək çətindir. Bu isə o demək deyil ki, Avstraliyaya göndərilən qidalar avtomatik olaraq Azərbaycana da daxil olur. Lakin istisna edilmir ki, belə hallar baş versin”.
Eyyub Hüseynovun sözlərinə görə, araşdırmalar göstərir ki, Azərbaycanda bəzən qanunun tələbləri pozulur və körpə qidaları birbaşa istehsalçıdan deyil, üçüncü ölkələr vasitəsilə idxal olunur: “Təəssüf ki, bu halların qarşısı tam şəkildə alınmır və istisna deyil ki, həmin məhsul partiyalarından bəziləri Azərbaycana da daxil olsun. Bununla belə, qeyd edilməlidir ki, bütün qida məhsulları, o cümlədən körpə qidaları AQTA tərəfindən ciddi şəkildə yoxlanılır və bütün partiyalar nəzarətdən keçir.
İnanıram ki, AQTA tərəfindən bu araşdırılacaq. Bildiyimə görə, “Hipp” markasının Azərbaycanda nümayəndəliyi də var. Yəqin ki, onlar da bu işdə maraqlı olub, məsələ ilə bağlı məlumat verəcəklər”.