ABŞ prezidenti Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması özünü dünya gücü sayan Rusiya dövlətinin kimliyinin, qürurunun ən yüksək səviyyədə təhqiri idi. Ukraynada ağır hərbi-siyasi uğursuzluğa görə tamamilə gücdən düşmüş Rusiya bu təhqirə görə ABŞ-a və xüsusilə Donald Trampa sərt cavab verə bilmir. Ancaq cəmiyyətinin bunu hakimiyyətin zəifliyi kimi qəbul edəcəyindən də qorxur. Ona görə də Moskva özünəməxsus reaksiya verərək, “söz oyunu” ilə ABŞ prezidentinin fikirlərini “zərərsizləşdirməyə” çalışıb.
Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov Donald Trampın Rusiyanı “kağız pələng”lə müqayisə etməsini şərh edərkən deyib ki, Rusiya pələnglə deyil, ayı ilə assosiasiya olunur: “Kağız ayı isə olmur”.
Əslində “kağız pələng” Çin dilindən gəlmə ifadədir. Bu, ilk baxışda güclü, təhlükəli görünən, lakin əslində heç bir qüvvəyə malik olmayan bir şeydən danışarkən işlədilən metaforadır. Bu mənada bir ölkənin simvolunun pələng və ya ayı olmasından asılı olmayaraq o dövlət göründüyündən zəifdirsə, onu təsvir etmək üçün “kağız pələng” ifadəsindən obrazlı şəkildə istifadə etmək olar. İsrailin İrana qarşı 13 günlük hücumu zamanı, Ukraynanın Rusiyada həyata keçirdiyi möhtəşəm “Hörümçək toru” əməliyyatından sonra İran və Rusiyanın vəziyyətini ifadə etmək üçün əcnəbi ekspertlərin “kağız pələng” ifadəsindən istifadə etdiyini dəfələrlə müşahidə etmişəm. Bu mənada Peskovun təkzibi söz oyunundan başqa bir şey deyil.
Kağız ayı olmadığını bəyan edən Peskov əl ayısı olduğunu inkar edə bilməz. Rusiya hazırda Çinin əl ayısına çevrilib. Rusiyanın Çinin əl ayısı olduğunu təsdiq edən məlumatı isə Rusiya Nəqliyyat Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, sentyabrın 23-də Çinin yük gəmisi Aşağı Amur daxili su yolları ilə ilk səyahətinə başlayıb. Gəmi artıq Amurdakı dövlət sərhəd-keçid məntəqəsini keçib və Xabarovsk limanına doğru yol alıb. Nazirlik bunu “Şimal-Şərqi Çin - Rusiyanın Uzaq Şərqi” birgə intermodal nəqliyyat dəhlizinin inkişafı adlandırır. Ancaq aydın görünür ki, Çin Rusiyanın daxili su yollarından dədə malı kimi istifadə etməyə başlayıb. Ekspertlər qeyd edirlər ki, Pekin əvvəllər dəfələrlə Moskvadan icazə istəsə də, Rusiya həmişə Çinin bu istəyini rədd edirdi. İndi isə məsələ Çinin xeyrinə, Pekinin istədiyi kimi həll olunub.
Başqa cür ola da bilməz. Rusiya Çinin əl ayısına çevrilib.
Xaqani Cəfərli,
politoloq