Son bir ayda avtomobil bazarında eyni anda həm canlanma, həm də müəyyən narahatlıq müşahidə olunur. Alıcı sayının artması bazarda hərəkətlilik yaratsa da, xüsusilə yeni avtomobil satanlar və ölkəyə avtomobil idxalı ilə məşğul olan şəxslər arasında təlaş hiss olunur.
Medianews.az Sfera.az-a istinadən xəbər verir ki, bazarda qeyri-adi qiymət davranışları diqqət çəkir: yeni gətirilmiş, texniki cəhətdən problemsiz avtomobillər bazar dəyərindən aşağı qiymətlərlə, bəzən isə tələsik şəkildə satışa çıxarılır.
Bu vəziyyət isə həm alıcılar, həm də bazarı yaxından izləyən ekspertlər üçün suallar doğurur. Müşahidələr göstərir ki, bəzi satıcılar gələcək riskləri nəzərə alaraq hazırkı mərhələdə avtomobilləri tez bir zamanda nağd pula çevirməyə çalışır. Digər tərəfdən, alıcılar arasında da “son fürsət” psixologiyası formalaşıb.
Belə bir şəraitdə əsas sual ortaya çıxır: bu tələskənliyin arxasında hansı iqtisadi, hüquqi və ya bazar amilləri dayanır? Satıcıları qiymətdən güzəştə getməyə vadar edən əsas səbəblər nələrdir və yaxın aylarda avtomobil bazarında hansı dəyişikliklər baş verə bilər?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev bildirib ki, avtomobil bazarında canlanmanın baş verməsi təbii haldır. Onun sözlərinə görə, yanvarın 1-dən etibarən elektrik və hibrid avtomobillərə tətbiq olunan güzəştlərin müddəti başa çatır:
“Bu da insanları daha çox tələsməyə vadar edir. Onlar hazırkı qiymətlərlə avtomobil əldə etmək istəyirlər. Yanvardan sonra avtomobil qiymətlərinin artacağını hər kəs anlayır. Burada başqa məqamlar axtarmaq məntiqsiz olardı”.
Qeyd edək ki, rəsmi statistikaya əsasən, 2025-ci ilin ilk yarısında Azərbaycana 51 min 700-dən çox avtomobil idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 22 faiz artım deməkdir. İdxal olunan avtomobillərin ümumi dəyəri 800 milyon ABŞ dollarına yaxın olub. Xüsusilə 23 minə yaxın hibrid avtomobilin ölkəyə gətirilməsi bu seqmentdə kəskin artımın olduğunu göstərir. Bununla yanaşı, elektrik avtomobillərinin idxalı 900-dən bir qədər çox olub ki, bu da əvvəlki illə müqayisədə azalma deməkdir.