Bilmirəm Araz Ağalarovun 43 illik həyat yoldaşından ayrılaraq 27 yaşlı qızla ailə qurduğu barədə xəbəri eşidəndə bəzi kollektivlərdə qızlar kədərləndilərmi, oğlanlar eyvana siqaret çəkməyə çıxdılarmı, amma orası yəqindir ki, xəbər heç də ürəkaçan türdən deyil.
Adamın 70 yaşı var, dünya da fani dünyadır. “Yaşın nə fərqi var” söhbəti isə mahnı sözləridir. Əslində yaşın çox fərqi var. 17 yaşında 42 kilometri birnəfəsə qaça, rekord qıra bilərsən, 70 yaşda 70-cə metr qaçsan, kəhildəyə-kəhildəyə qalarsan, üstünə ambulans gələr.
Düzdür, milyarder olandan sonra adam canının qayğısına, sağlamlığınnı qeydinə yaxşı qalır, həmişə gümrah olur, cavan görünür, ancaq o da bir yerə qədərdir. Qoca çinar da kənardan əzəmətli görünür, amma bir də görürsən, külək əsdi, çinar böyrünü qoydu yerə.
Belə şeylər xaricdə çox olur: milyarderlər gənc qızlarla ailə qururlar. Məsələn, milyarder Robert Merdok bir neçə il öncə 92 yaşında beşinci dəfə Ann Lesli adili qadınla evlənib.
Hazırda “gənc ailə” harada yaşayır, təzətoylular necədirlər, salamatdırlarmı, ailədə “bi şey-mi şey” varmı, hələ xəbər yoxdur.
Amma Araz müəllimdən gələn xəbər belədir ki, cütlüyün artıq bir övladı dünyaya gəlib. Ta nə demək olar, atalı, analı böyüsün.
Bax, belə şeylərə görə qart feministlər deyirlər ki, kişi tayfasına etibar yoxdur, ən sədaqətli kişi kasıb kişidir. “Kişinin pulu artırsa, gözü-başı qaynayır, birinci maşınını, ikinci evini, üçüncü mərhələdə isə arvadını dəyişir” – belə bir ehkam var. Hərçənd zövqə və həvəsə görə dəyişdiriləsi şeylərin sıralamasını dəyişənlər də var. Elə qızıxmış adam olar ki, pullanan kimi birinci arvadı dəyişər, sonra avtomobilini və evini.
Məsələn, qardaş Türkiyədə onlarla belə hadisə olub. Vilayətlərdə yaşayan və lotereyada çoxlu pul udan kasıb kişilər ləngimədən ailə-uşağı köydə qoyaraq, “iş qurmaq” adıyla İstanbula, Ankaraya köçüb. Bəylər lotereyanın pulunu götürüb gediblər meqapolisə, görməmişcəsinə gecə həyatına baş vurublar: “fıstıq kibi cananlar”, “rakı-balıq-peynir”, yeni tanışlıqlar, tələbkar həyat qadınları, dolandırıcı sutenyorlar, filan-bəhmən. Bir-iki ilin içində pul-para sıfırlanıb gedib, adam suyu süzülə-süzülə təzədən qayıdıb köyə, köhnə arvadın yanına.
Amma milyardlarını ağılla, zəhmətlə, yavaş-yavaş qazanan adamlar üçün belə təhlükə yoxdur, onları pul qazanmağı bacardıqları kimi, pulu artırmağı, qoruyub saxlamağı da bacarırlar. İntəhası, onlar da yaşlarının yetmişində gedib təzə arvad alır, o boyda varidatı bir neçə ildən sonra dul qalacaq gənc qadına miras qoyub gedirlər.
Beləcə, ara yerdə qazanan gənc və gözəl qadınlar, bir də onların gələcək ərləri olur. İndi qoca milyarderlərə ərə gedən gözəllərdən soruşsalar ki, sizi 70 yaşlı kişiylə ailə qurmağa nə vadar etdi, onlar kipriklərini belə qırpmadan saf sevgidən, “qadına dəyər verən centlmen”dən danışacaq, maddiyyatın önəmli olmadığından bəhs edəcəklər.
Millət də inanacaq. Amma kimsə mütləq mızıldanacaq ki, niyə sizin “saf sevgi”nin obyekti həmişə milyarder qocalar olur, onlarla eyni yaşda, hətta onlardan 10-20 yaş kiçik santexniklər, çilingərlər, sürücülər olmur.
Demək, əsas məsələ qoca kişiləri gənc gözəllərə sevdirən şoqəribdir və onun adı puldur.
Məşhur keçmiş futbolçu Zlatan İbrahimoviçin bir sözü var, deyir, pulum çoxalandan sonra burnum qızların xoşuna gəlməyə başladı. (Mötərizə arasına qeyd edək ki, Zlatanın burnu Avropa standartlarına uyğun deyil, uzun və yekədir). Belə anlaşılır ki, pulsuz gəncliyində tanış olmaq üçün yaxınlaşdığı qızlar ona ya məhəl qoymurmuşlar, ya da “get anqır, tayını tap” deyirmişlər. Amma indi yaxşıdır, adına uyğun olaraq, Zlatanın əli və burnu qızılla oynayır, indi ona “yox” demirlər. Hətta o, pulunu saxlayıb artıracağı təqdirdə, 70 yaşında yenidən evlənmək istəsə, hansısa gənc qız dərhal “yes” deyəcək və jurnalistlərə izahat verəcək ki, Zlat uşaqlıqdan onun kumiridir.
Əlbəttə, hansı yaşda, kiminlə evlənmək insanları şəxsi işidir, buna heç kəs qarışa bilməz. Tarixdə də parlaq örnəklər var. Bu heç. Lakin presedent olaraq bunu alqışlamaq mümkün deyil. Onsuz da kişilərin adı vayqanlı idi, pullu qocalar da ard-arda belə edəndən sonra cəmiyyətdə “kişi düşmənçiliyi”ni böyüyəcəyi yəqindir.
Bir də qadınlar istəməyəcəklər ki, ərləri varlansın. Çünki varlanınca “kişi əldən getdi” vaqiəsi baş verir.
Samir SARI