CNN Türk-ün aparıcısı Burçak Bozkuş sosial mediada etdiyi paylaşım ilə gündəm olub.
Medianews.az xəbər verir ki, o, canlı yayım zamanı anasından aldığı tənqidi mesajları izləyiciləri ilə bölüşüb.
Aparıcı paylaşımında hər gün efirə ciddi hazırlaşdığını vurğulayaraq zarafatla “Hər gün yayıma diqqətlə hazırlaşıram, sonra anam da gəlir” sözlərini yazıb. Bozkuşun yayımladığı mesajlarda anasının onun çıxışı və görünüşü ilə bağlı iradları yer alıb.
Mesajlarda “Deyəsən, bu gün kəkələmə günüdür”, “Saçının ön hissəsi dağınıqdır”, “Niyə tamamilə qara geyinmisən?”, “Xalan və mən saçını heç bəyənmədik”, “Bu gün geyimini bəyənmədim” və “Niyə gözlərini çəp göstərirsən?” kimi ifadələr diqqət çəkib.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub. İzləyicilər bu vəziyyəti yumorla qarşılayaraq “İstər xəbər aparıcısı, istərsə də astronavt ol, ananın tənqidindən qaçmaq mümkün deyil” kimi şərhlər yazıblar.
Bozkuşun paylaşımı həm gülüş doğurub, həm də ana-qız münasibətlərinin səmimi tərəfini bir daha gündəmə gətirib.
Medianews.az