Medianews.az
Anne E.Derse-ni xatırlarkən –
54 baxış

Anne E.Derse-ni xatırlarkən – səfir xanımın ad-soyadını 7 variantda yazırdıq

Adam bilsə ki, belə olacaq, Macarıstandakı seçkilərdə “Tisa” partiyasının və onun lideri Peterin qələbəsini istəməzdi.

Bunun xırda bir səbəbi var. Gördüyünüz kimi, bu gün-sabah Macarıstanın baş naziri olacaq şəxsin soyadını yazmadım. Çünki, şəmkirli cəbhəçinin sözü olmasın, spornu məsələdir.

Yeri gəlmişkən, o hadisəni yazım, bilməyənlər də bilsin. 1992-93-cü illərdə Şəmkirdə bir kişi vəfat edir. Mərhumun cənazəsi yerdən qaldırılanda qızı el adəti üzrə “qoymaram papamı aparasınız” deyə qiyyə çəkir. Bu yerdə kəndin cəbhəçisi deyir ki, cənazəni qoyun yerə, spornu məsələ var.

İndi onun sözü olmasın, Peterin soyadı ilə bağlı mübahisəli durum yaranıb. Adamın soyadı milli mediamızda üç variantda yazılır: Madyar, Magyar, Macar.

Ruslar “Madyar” yazır. Sualı çıxır: o “d” hərfini haradan götürüblər? Ona görə ki, ruşlarda c hərfi yoxdur, dilləri dönmür, c yerinə “dj” deyirlər. Peterin soyadındakı “d” də G-nin “dj”-sidir. Bizdə o o problem yoxdur, gül kimi c hərfimiz var, ona görə də kişinin soyadını “Macar” kimi yaza, deyə bilərik. Bildiyiniz kimi, ingiliscədəki G hərfinin səslənişi bizim C-yə identikdir. Məsələn, ingilislər GEORGİA yazır, “Corciya” deyirlər. Amma biz qonşumuz “Georgia”nı Gürcüstan adlandırırıq, yəni kəlmədəki birinci G-ni öz tələffüzümüzlə deyirik, ikincini ingiliscə.

Bu baxımdan Peterin soyadını orijinaldakı kimi yazacağıqsa, onda Macarıstanın da adını Magyaristan kimi yazmalıyıq. Çünki adam ölkəsi ilə adaşdır. Ruslara qalsa, onlar heç Macarıstan da demirlər, haradan götürüblərsə, “Venqriya” deyir, yazırlar. Ola bilər, bunu ölkənin beynəlxalq adından (Hunqary) əxz ediblər.

Şimal qonşumuzda başqa belə şeylər də var. Misal üçün, bütün şərq ölkələrində Misir adlandırılan ölkəyə ruslar “Yeqipet” deyirlər. Sual çıxmazmı ki, niyə belədir. Çıxar. Cavab isə budur: ruslar bu kəlməni Avropadan götürüblər. Avropalııar Misiri “Egypt” yazır, “İcipt” oxuyurlar, ruslar isə elə hərfləri gördükləri kimi də oxuyublar, gedib.

Biz də eyni səhvi Hindistan meqapolisi Delhiyə qarşı edirik. Şəhərin adı Delhidir. Bunu mənə iki il öncə Astanada beynəlxalq forumda Nouşad adlı hindistanlı türkoloq dedi. Söhbət edirdik, mükalimə əsnasında bir-iki dəfə “Dehli” dedim, Nouşad birinci dəfə dinmədi, amma ikinci dəfə dedi, abi, bizim kentin adı Dehli yok, Delhidir.

delhi.jpeg (6 KB)

Bu yanlışlıq da bizə ruslardan gəlib. Ruslar Delhinin adını Delxi əvəzinə Deli kimi yazıb-oxuyublar, bizim dilçilər də onlardan götürüblər, amma arada itmiş H hərf-səsini bərpa ediblər, intəhası, L-dən sonraya yox, əvvələ. Bu üzdəndir ki, yüz ildir Hindistanın meqapolisinin (Delhi) və paytaxtının (Nyu-Delhi) adını səhv deyirik.

Türk qardaşlar da nəyə görəsə dünyanın “London” kimi tanıdığı şəhərə “Londra” deyib dururlar. İlk başda nəsə bir yanlışlıq olub, düzəliş etmək söhbəti yoxdur.

Xüləs, söhbəti adam soyadından başlamışdıq, şəhər adlarına gəldik. Qayıdaq geri.

İndiyə qədər bizdə mübahisəli soyad məsələsi çox olub. İndiki cavanlar bilməz, 20 il əvvəl ABŞ ölkəmizə bir qadın səfir təyin etmişdi, adı-soyadı orijinalda beləydi: Anne E. Derse.

anne ders.jpg (74 KB)

İndi görün biz neynədik. Xanımın adını əvvəlcə Ann Ders yazdıq. Savadlı, dil bilən həmkarlarımız düzəliş etdilər, Enn Ders yazdılar. Bu, yetmədi, başqa biri Anne Ders yazdı. Ardınca daha savadlı qələm adamı sübut etdi ki, Anne-ni Enn yazmaq olar, amma soyadı Dörs olmalıdır. Beləcə, xanım səfirin adı bir müddət mediamızda Enn Dörs kimi getdi. Fəqət bu variantla razılaşmayanlar da oldu, dedilər ki, bəs Derse-dəki e necə olsun? Məcbur olduq, bu dəfə səfirin ad-soyadını Enn Dersi kimi yazaq. Yazdıq. Bu variant müqavimətlə üzləşdi, soyadda ö hərfi görmək istəyənlər kompromisə gedərək i-ni qəbul etdilər, diplomat xanımın soyadını “Dörsi” kimi yazmağa başladılar.

Bəlkə hələ başqa variantlar da çıxacaqdı (məsələn, Ana Dərsi kimi), amma Dövlət Departamenti Elizbet xanımı (Anne E. Derse-nin adının ortasındakı E. ) Litvaya səfir göndərdi, hamımızın canı qurtardı.

Belə mübahisəli məqamlar nədən yaranır, bilirsiniz? Savadlı adamların çoxluğundan. Hərəsinin öz variantı olur və hamısı da sübut edir ki, onlar deyən düzdür.

Bir az da bilməzliyin rolu var. Çox adam bilmir ki, ingilis əlifbasındakı Cc hərfi y, e və i-dən əvvəl gələndə “si” səsi verir. Məsələn, “vice-president” sözünü biz “vike-prezident” kimi oxumuruq, “vitse-prezident” kimi oxuyuruq (yeri gəlmişkən, sözdəki t hərfi də ruslardan hədiyyədir, ingilislər izləri vice-ni “vays” kimi tələffüz edirlər). Bu üzdən idi ki, məşhur siqaret markası “Viceroy”a hələ də “Vikeroy” deyirik.

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəzzafi sovet dövründə “Qəzzafi” idi, müstəqillik dövründə “Qəddafi” oldu. Ərəb dilini bilən alimlər ha özlərini öldürdülər ki, “Qəzzafi”yə “Qəddafi” deyiriksə, onda gərək “Zülfüqar”a da “Dülfüqar” deyək, xeyri olmadı. İndinin özündə də yüz yazardan 98-i “Qəddafi” yazır. Hələ yaxşı ki, “Ramazan”dakı Z-ni dəyişdirərək, sözü “Ramadan“a çevirmədik. Ruslar elə ediblər.

“Xamneyi, Xamanei, Hamaney” məsələsinə də toxunaq. Fərmandeh Xamnə qəsəbəsindən idi, ona görə də özünü Xamneyi adlandırmışdı, o biri variantlar yanlış idi. Amma yenə bir-iki yazardan başqa hamı “Xamanei” yazır. Bu günlərdə bir yazar onun oğlunun adını da, türkün sözü, mübahisələndirmişdi, deyirdi, “Müctəba” yox, “Müştəba” olmalıdır.

İndi gərək savadlı dilçilərimiz ortaya çıxsın, bu istiqamətdə də mübahisəyə başlayaq.

Düzdür, bu cür detalların Beyləqan və Ağcabədi təsərrüfatlarında döl kampaniyasının gedişatına isti-soyuğu yoxdur, amma yenə də düzgün yazıb-oxumaq lazımdır, dünyaya açılırıq, gedib xaricdə kiməsə “important persona” əvəzinə “impotent kişi” desək, qanqaraçılıq olar.

Samir SARI 

Bizə qoşulun