Almaniyanın Rusiya ilə münaqişə halında nəzərdə tutulan operativ planı “soyuq müharibə dövrü düşüncəsinə” qayıdışa əsaslanır
Musavat.com xarici agentliklərə istinadən xəəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
OPLAN DEU (“Almaniya” operativ planı) adlı sənəddə NATO-nun 800 minədək hərbçisinin mümkün cəbhə xətti istiqamətində şərqə doğru necə köçürülə biləcəyi təsvir olunur.
Planda hərbçilərin hərəkət edə biləcəyi limanlar, çaylar, dəmir yolları və avtomobil yolları göstərilib. Sənəddə həmçinin onların yolda necə təmin ediləcəyi və qorunacağı izah olunur. The Wall Street Journal yazır ki, plan müəllifləri mümkün müharibəyə yanaşmanı “ümummilli” adlandıraraq, mülki və hərbi sahələr arasında sərhədlərin “bulanıqlaşmasından” danışır.
Söhbət “soyuq müharibə dövrünün düşüncə tərzinə” qayıdışdan gedir, lakin yeni təhdidlər və maneələr nəzərə alınmaqla — qəzet qeyd edir ki, bunlara “Almaniyanın köhnəlmiş infrastrukturu, qanunvericilikdəki çatışmazlıqlar və sayca kiçilmiş ordu” daxildir.
Sənəd 2023-cü ilin martında hazırlanmağa başlayıb — bu, son otuz il ərzində Almaniyanın hərbi hücumdan müdafiəsi üçün tərtib edilən ilk təhlükəsizlik planıdır. Alman mediası 2025-ci ilin yayında 800 min əsgərin texnika ilə birlikdə köçürülməsi hazırlığından artıq yazmışdı.
Plan müəllifləri hesab edir ki, Avropanın müdafiə qabiliyyətinin artırılması müharibə ehtimalını azalda bilər, — WSJ yazır.
“Bizim məqsədimiz müharibənin qarşısını almaqdır — düşmənə göstərmək ki, əgər hücum etsə, qalib gələ bilməyəcək”, — qəzet planda iştirak edən yüksək rütbəli hərbçidən sitat gətirir.
Jurnal yazır ki, plan üzərində çalışanlar qeyri-aşkar maneələrlə üzləşir — mürəkkəb satınalma qaydaları, məlumatların qorunması ilə bağlı “çətin” qanunlar və Almaniyada “sülh dövrü üçün yaradılmış” digər qaydalar. Planın ən ciddi qorunan hissələrindən biri isə infrastrukturda yerləşən zəif nöqtələrdir — onlar qoşunların hərəkəti üçün maneəyə çevrilə bilər.