Medianews.az
“36 ildir ki, atam vəfat edib, hələ də yazıb onu verilişə dəvət edənlər var”-Sənətkarın qızından qəribə hadisə haqda AÇIQLAMA -
131 baxış

“36 ildir ki, atam vəfat edib, hələ də yazıb onu verilişə dəvət edənlər var”-Sənətkarın qızından qəribə hadisə haqda AÇIQLAMA - FOTO+ÖZƏL

“Atasız böyümək çətin idi. Özü də qız uşaqları üçün ikiqat çətin olur. Çox şükürlər olsun ki, atam bizi elə böyüdüb ki, mənim də, bacımın da heç kimə ehtiyacımız olmayıb. Oğlan kimi böyümüşük. Həmişə bizə deyirdi ki, çalışın həyatda məqsədinizə çatın. Bu xüsusiyyətləri uşaq yaşlarından bizə öyrədirdi. Bəlkə elə buna görə bu gün öz ayağımızın üstündə durmuşuq. Atamı itirəndə mənim 15, bacımın isə 11 yaşı var idi. Anam 40 yaşında tək qaldı. Həm ona çətin idi, həm də bizə. Amma bunu da qeyd etmək istəyirəm ki, nə anamın anası-nənəm, nə də dayım bizə atasızlığı hiss etdirməyib. Anamın qohumlarının sayəsində özümüzü birqanadlı hiss etməmişik. Həyat bizi hər cür çətinliklərə hazırlayır və həm də sınayır. Çox şükürlər olsun ki, bu gün də həm bacım, həm mən, həm də ailəm fəxrlə “Xanızadə” soyadını daşıyırıq. Hara gediriksə, kim bizi görürsə hamısı ayağa qalxıb, atamı yad edirlər”.

Bunu Medianews.az-a açıqlamasında mərhum sənətkar, aktyor, əməkdar artist Hamlet Xanızadənin qızı Aygün Xanızadə deyib.

O daha sonra gənc nəslin korifey sənətkarları tanımadığını bildirib: “İndiki dövrün cavanları atamı çox da yaxşı tanımır. Maraqlanan, oxuyan, kinolarını izləyənlər bəlkə də tanıyır. Hər şey dəyişib. Bizim ətrafımız da, mühitimiz də dəyişib. Çalışırıq ki, uyğunlaşaq. Mən bəzən fikirləşirəm ki, biz öz keçmişimizi və tariximizi heç vaxt unutmamalıyıq. Yeni nəsil gənclər çox aktyor və rejissorlarımızı tanımır, köhnə kinolarımızı izləmirlər. Çox istərdim ki, bu istiqamətdə təbliğatlar olsun. Kinolarımız elə bir nümunədir. İstərdim ki, maraq çoxalsın. Kim atamın doğum və anım günlərini yada salırsa sağ olsun. Elə sənətkar var ki, tamamilə unudulub. Amma atamın ölümündən 36 il keçib, hər il, ildə 4-5 dəfə atamı yad edirlər. Özüm də teatrda işlədiyimə görə bir neçə dəfə Akademik Milli Dram teatrında yubileyi keçirilib. Bu il 80 illiyi qeyd olunacaq. Tək atamın yox, bütün sənətkarların xatirələri teatrımızda yad olunur. Ümid edirəm ki, atamın yubileyini də qeyd edərlər. Çox fəxr edirəm ki, Hamlet Xanızadənin qızıyam. Onu bu gün də gözəl sözlərlə xatırlayırlar. Onların hər birinə təşəkkür edirəm”.


Aygün Xanızadə illər öncə baş verən qəribə bir hadisəni də bizimlə bölüşüb:

“Atamın adına açılan rəsmi feysbuk səhifəsini mən işlədirəm. Orada bir televiziya işçisi yazmışdı ki, mən Hamlet müəllimi verilişə çağırmaq istəyirəm. İşdə idim, boşluq idi. O ərəfədə də bir az onunla yazışdım. Ona yazıb mövzunu soruşdum. Həmin şəxs dedi ki, mövzu teatrdan, kinodan olacaq. Bu məsələ 5-6 il əvvəl olub. Hələ də o yazı məndə var. Ondan soruşdum ki, mənim haqqımda ətraflı məlumatınız varmı? Dedi ki, bəli sizi çox gözəl tanıyırıq. Gördüm ki, ümumiyyətlə kimə yazdığı haqda məlumatı belə yoxdur. Ona yazdım ki, atam 20 yanvar hadisələrindən 13 gün sonra rəhmətə gedib. Vikipediyanı da yollayıb dedim ki, bilmirsinizsə bunu yaxşı-yaxşı oxuyun. Həmin dəqiqə sözünü dəyişib dedi ki, biz Hamlet müəllim haqda bir veriliş etmək istəyirik. Ondan sonra da 1-2 nəfər də olub”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun