Rusiya ordusu Ukrayna ərazisinə ballistik və qanadlı raketlərlə yanaşı, 300-dən çox zərbə dronu buraxıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında açıqlama yayıb.
Zelenskinin sözlərinə görə, artıq bölgələrdən ilk məlumatlar daxil olub və zərbələr Kiyev və Kiyev vilayəti, Vinnitsa, Dnepropetrovsk, Odessa, Zaporojye, Poltava vilayəti və digər əraziləri əhatə edib. Hazırda bütün bölgələrdə təmir briqadaları, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti və digər müvafiq qurumlar gücləndirilmiş rejimdə çalışır.
Ukrayna prezidenti bildirib ki, hücum zamanı Rusiya ordusu böyük sayda ballistik və qanadlı raketlərdən istifadə edib, eyni zamanda 300-dən artıq kamikadze tipli pilotsuz uçuş aparatı tətbiq olunub. Onun sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri çoxlu sayda hədəfi məhv etməyə nail olub.
Zelenski hücumdan bir gün əvvəl Ukraynanın uzun müddətdir gözlədiyi hava hücumundan müdafiə raketlərini nəhayət aldığını vurğulayıb. Prezidentin fikrincə, bu yardım hücumun nəticələrinin daha ağır olmasının qarşısını əhəmiyyətli dərəcədə alıb.
“Dəstəyin hər bir partiyası həyati əhəmiyyət daşıyır. ‘Patriot’, ‘Nasams’ və digər HHM sistemləri üçün raketlər son dərəcə vacibdir. Diplomatiyamızın birbaşa vəzifəsi Ukraynanın kifayət qədər hava hücumundan müdafiə vasitələrinə malik olmasını təmin etməkdir. Tərəfdaşlar bu məsələdə bizi yarı yolda qoymamalıdır. HHM üçün raketlər insanların həyatının real müdafiəsidir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna rəsmiləri hücumun nəticələri ilə bağlı dəqiq məlumatların dəqiqləşdirildiyini, mülki infrastruktura dəyən ziyanın qiymətləndirildiyini bildirirlər. Analitiklər isə bu miqyaslı hücumu Rusiya-Ukrayna müharibəsində son dövrlərin ən geniş hava əməliyyatlarından biri kimi dəyərləndirirlər.