Arda Gülərin “Real Madrid”də performansı mövsüm boyu yaşadığı enişli-yoxuşlu dövrə baxmayaraq, statistik göstəricilərlə özünü təsdiqləməyə davam edir. Gənc ulduz bu mövsüm 15 məhsuldar ötürmə ilə komandanın ən çox assist edən oyunçusu mövqeyindədir.
Musavat.com-un xəbərinə görə, İspaniyanın “Marca” qəzetində dərc edilən yazıda statistikaların Arda Güləri haqlı çıxardığı vurğulanıb.
Qəzetdə yer alan təhlildə futbolçunun göstəricilərinə xüsusi diqqət çəkilib:
“Mövsümün əvvəlində Xabi Alonsonun əvəzolunmaz oyunçularından biri olan Arda Cud Bellinqemin komandaya qoşulmasından sonra bir müddət kölgədə qalmışdı. Lakin Alvaro Arbeloanın ona yenidən şans verməsi ilə gənc futbolçu mövsümün əvvəlindəki performansına yaxın səviyyədə çıxış edərək meydanda təsirini yenidən göstərib. Xüsusilə assistləri ilə ön plana çıxan Arda qısa müddətdə komandanın ən məhsuldar oyunçularından birinə çevrilib.
Buna baxmayaraq, gənc oyunçunun əsas heyətdəki yeri yenidən risk altındadır. Bellinqemin start heyətinə dönməsi gözlənilir və onun ulduzun ilk “11-lik”də yer alması demək olar ki, dəqiqdir. Bu isə Arda Gülərlə yanaşı, Arbeloanın digər vacib seçimlərindən olan Tyaqo Pitarç üçün də birbaşa rəqabət deməkdir.
Arda Gülərin statistikası isə məşqçilər heyətinin qərarını çətinləşdirir. Davamlılıq problemi yaşamasına baxmayaraq, 15 assistlə komandanın zirvəsində yer alan gənc futbolçu Avropanın böyük liqalarında da diqqətçəkən mövqedədir. Bu sahədə yalnız Maykl Olise (25 assist), Fermin və Bruno Fernandes (16 assist) ondan irəlidədir və Arda ən yaxşı dördüncü assist müəllifi sayılır.
“Real Madrid”də Federiko Valverdenin 12, Vinisius Juniorun isə 10 assistlə kifayətlənməsi Ardanın məhsuldarlığını daha da ön plana çıxarır. O, bu formasını milli komandaya da daşıyaraq son qələbədə etdiyi assistlə həlledici rol oynayıb.
“Elçe”yə qarşı təxminən 60 metrdən vurduğu qol ilə də gündəmə gələn Arda Gülər milli komanda düşərgəsində verdiyi açıqlamada inkişafından razı olduğunu bildirib. Gənc futbolçu həm hücumda, həm də müdafiədə daha yaxşı çıxış etdiyini qeyd edib.
Onun mövqeyini bir qədər geri çəkərək Tçuameni ilə birlikdə ikiqat dayaq yarımmüdafiəçisi kimi çıxış edə bilməsi və topun müdafiədən qurulmasına axıcılıq qatması Ardanın “Real Madrid”də əsas heyətdə qalması üçün ən böyük üstünlüklərindən biridir. Bu taktiki variant Arbeloaya hücum xəttində Bellinqemdən istifadə etmək və onun cərimə meydançasına etdiyi qaçışlardan maksimum faydalanmaq imkanı verir. Bu xüsusiyyət isə ingilis futbolçunun 2023-cü ildə “Real Madrid”ə transferindən bəri ən güclü tərəfi kimi seçilir”.