Milli Məclisin iclasında “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib.
Musavat.com-un məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.
Komitə sədi bildirib ki, layihəyə əsasən, yaşayış minimumunun məbləği ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir.
Komitə sədri qeyd edib ki, yaşayış minimumunun artım məbləğləri gələn il üçün proqnozlaşdırılan inflyasiyanın səviyyəsini üstələyir.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.