Medianews.az
2026-2027 mövsümü: kimə neçə komanda düşür?
142 baxış

2026-2027 mövsümü: kimə neçə komanda düşür?

2026-2027 mövsümünün ilkin sxeminə görə, UEFA-nın klub turnirlərinə 243 komanda buraxılacaq, Çempionlar Liqasında 84, Avropa Liqasında 46, Konfrans Liqasında 113 komanda start götürəcək.

Medianews.az bildirir ki, 3 yer əvvəlki mövsümün qaliblərinə, 2 yer həmin mövsümdə ən çox əmsal toplamış UEFA üzvləri üçün nəzərdə tutulub.

İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransanın 7, Niderlandın 6, Portuqaliya, Belçika, Çexiya, Türkiyə, Norveç, Yunanıstan, Avstriya, Şotlandiya və Polşanın 5 komanda ilə təmsil olunması gözlənir.

Şimali Makedoniya, Belarus, Andorra, Cəbəllütariq və San Marino üçün 3, Lixtenşteyn üçün 1 yer ayrılıb.

34 UEFA üzvünün, o cümlədən Azərbaycanın kvotası 4 komandadır. Ancaq bu sıradakı Rusiya yarışlardan kənar qala bilər.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq.

Azərbaycan çempionunun Çempionlar Liqasına birinci mərhələdən, ölkə kubokunun sahibinin Avropa Liqasına birinci mərhələdən, bürünc mükafatçının Konfrans Liqasına birinci, gümüş mükafatçının ikinci mərhələdən başlaması gözlənir.

Reqlamentə görə, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

UEFA-nın klub reytinqi turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun