Medianews.az
Putin Trampa bu zərbələrlə<span style=color:red> cavab verir
298 baxış

Putin Trampa bu zərbələrlə cavab verir

“ABŞ-nin sanksiyaları və Ukraynaya hərbi yardımları cəbhədə Rusiyanın irəliləyişini dayandıra bilər”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukraynada atəşkəs və sülh üçün verdiyi 50 günlük müddəti artıq 10 günə endirib: “Səbəb Rusiyanın atəşkəsdə maraqlı olmaması və Ukraynaya qarşı hərbi əməliyyatları genişləndirməsidir. Hazırda Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalar mövzusunda vahid mövqedən çıxış edir. Məhz Avropa İttifaqının 18-ci sanksiya paketindən sonra Rusiya Kiyevə qarşı daha çox ballistik raketlərlə hücum etdi. Eyni zamanda, Trampın Rusiyaya ikinci növ sanksiyalar tətbiq edəcəyini vurğulamasına cavab olaraq Rusiya Ukraynaya intensiv şəkildə hücumları genişləndirib. Bir növ Putin Trampa Ukraynaya zərbə endirməklə cavab verir. Putin Trampın mövqeyindən asılı olmayaraq Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirmək mövqeyindədir, bu isə diplomatik danışıqların qapısının bağlanması deməkdir. Bununla Rusiya üçtərəfli görüşdən imtina etmiş kimi mesaj verir. Hazırkı mərhələdə ABŞ, Ukrayna və Rusiya liderlərinin üçtərəfli görüşü mümkün görünmür. Artıq ABŞ Rusiyadan neft alan ölkələrə rüsumlar tətbiq edir. Təbii ki, ABŞ sanksiyaları Rusiyanın neft gəlirlərinin əhəmiyyətli şəkildə azalmasına gətirib çıxaracaq. Həmçinin Trampın Ukraynaya limitsiz silah yardımına yol açması Moskvanın cəbhədə irəliləyişini durduracaq. Ağ evin əsas məqsədi bu ilin axırına kimi Rusiyanı danışıqlar masasında əyləşdirib, güzəştə məcbur etməkdir. Lakin Putin danışıqlar müstəvisində güzəştə getməyəcək. ABŞ-ın Putinə təzyiq etmək üçün ölkənin siyasi elitasını hədəfə alacağı istisna deyil. Bu təzyiqlər nəticəsində Rusiyanın siyasi elitasında və cəbhə xəttində əhəmiyyətli dəyişikliklər baş verə bilər”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun