İmdad Əlizadə: “Laçına qayıtmamaq mümkün deyil”
22 iyul 2025-ci il Azərbaycan jurnalistikası üçün tarixi gündür: milli mətbuatın yaranmasının 150 ili tamam olur. Prezident İlham Əliyevin bu münasibətlə iyulun 21-də imzaladığı sərəncamla təltif edilən jurnalistlər arasında “Teleqraf” İnformasiya Agentliyinin baş direktoru İmdad Əlizadə də var.
İmdad Əlizadə əvvəllər də jurnalist fəaliyyətinə görə mükafatlara layiq görülüb. 2015-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə fəxri fərman alıb. Parlament Jurnalistləri Birliyinin ən yaxşı media quruluşlarını və jurnalistlərini müəyyənləşdirmək üçün keçirdiyi sorğularda iki dəfə – 2013-cü və 2015-ci illərdə “İlin jurnalisti” seçilib. 2012-ci ildə “Lider” Qadınlar İctimai Birliyinin təsis etdiyi, Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərova adına mükafatla təltif olunub.
– İmdad bəy, salam, necəsiniz? – Əslində, bu, sual deyil, hal-əhval tutmaqdır, hərçənd mətbuat bayramı günündə, üstəlik, bir gün əvvəl “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş jurnalistlə müsahibə təbrikdən başlamalı idi.
- Çox sağ olun, yaxşıyam, yaxşı olasınız. Bayramınız mübarək!
Beləliklə, 
Medianews.az saytının bayram müsahibəsi başlayır...
- İcazənizlə, məni fəxri diploma layiq gördüyünə görə Prezident İlham Əliyevə təşəkkürümü bir daha sizin saytınız vasitəsilə də çatdırım. Bu təltif əməyimə verilən yüksək qiymət, mənim üçün çox böyük sevinc və qürur mənbəyidir.
- Mükafat gələcək üçün də stimul verir, yoxsa bu, sadəcə keçilmiş yolun, keçmiş əməyin qiymətləndirilməsi kimi qəlbə xoş gəlir?
-  Bu, ilk növbədə keçmiş əməyin qiymətləndirilməsidir. Təbii ki, əməyin qiymətləndirilməsi adama xoş təsir bağışlayır və minnətdarlıq hissi doğurur. Amma mükafatın başqa tərəfi də var – o, gələcək fəaliyyət üçün də stimuldur. Bu iki məqamı bir-birindən ayırmaq olmaz. Mükafatı aldığın anda daha çox keçmiş əməyinin qiymətləndirildiyi hissini yaşayırsan, amma sonra bu stimul yeni hədəflər üçün ilham mənbəyinə çevrilir...
Əlizadə İmdad Əli oğlu 1980-ci ildə Laçının Oğuldərə kəndində doğulub. 1987-ci ildən Oğuldərə kənd orta məktəbində oxuyub, 1992-ci ilin mayında Laçın rayonu işğal olunanda didərgin düşüb, təhsilini Bakıdakı 265 nömrəli orta məktəbdə davam etdirib.
Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində psixologiya ixtisası üzrə bakalavr, hüquq psixologiyası ixtisası üzrə magistr təhsili alıb, həmçinin hüquq psixologiyası ixtisası üzrə doktoranturanı bitirib.
2004-2005-ci illərdə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub.
“İntibah” qəzetinin müxbiri, “Həftə içi” qəzetinin müxbiri, siyasət şöbəsinin redaktoru, “Trend” İnformasiya Agentliyinin parlament müxbiri, Mediaforum.az xəbər portalının parlament müxbiri, siyasət şöbəsinin müdiri, “Report” İnformasiya Agentliyinin redaktoru olub.
2024-cü ilin noyabr ayından “Teleqraf” İnformasiya Agentliyinin baş direktorudur.
- Hələ tələbəlik vaxtından jurnalist kimi fəaliyyətə başlamısınız. İlk dəfə redaksiyada işə başlayanda bu sahənin sizin üçün müvəqqəti olduğunu düşünürdünüzmü? İxtisasca jurnalist olmayan media adamlarının çoxu deyir ki, əslində jurnalistikada ilişib qalırlar – necə deyərlər, jurnalistika bir tələdir, bəzən də deyirlər bataqlıqdır, çıxa bilmirlər. Sizi də daim bu sahədən baş götürüb getmək istəyən, amma yenə hərlənib-fırlanıb bir gün özünü redaksiyada görən “qrup”a aid etmək olarmı?
- Mətbuata gəlməyim bir qədər fərqli formada baş verib. Əvvəla, jurnalistikaya çox böyük marağım olub və bunu heç də təsadüfi saymıram. Laçın rayonunun Oğuldərə kəndində müəllim ailəsində doğulmuşam, xatırlayıram ki, atam tez-tez məktəbdən evə qəzetlə dönürdü, mənə maraqlı jurnallar da alırdı. O dövrdə abunə sistemi geniş yayılmışdı, qəzet-jurnallar ucqar dağ kəndlərinə də gəlib çatırdı.
1992-ci ildə Laçının işğalından sonra Bakıya köçdük və jurnalist mühitinə daha da yaxın düşdüm. 14 yaşımdan müntəzəm qəzet alıb oxuyurdum. Bundan başqa, əmim oğlanları Fəxri Uğurlu, Oqtay Qorçu, Azər Qaraçənli jurnalist işləyirdi. Gün keçdikcə bu peşəyə həvəsim daha da artdı. Hətta harada olsam özümü evə çatdırıb radioların xəbər buraxılışlarını da qaçırmamağa çalışırdım.
Universitetin birinci kursunda oxuyanda evdən gündəlik 3 min manat (
indiki pulla 60 qəpik – red.) cib xərcliyi verirdilər. Dayanacağa çıxan kimi min manata bir qəzet alırdım. Hər gün pulumun min manatı qəzetə, min manatı avtobus və metroya gedirdi. Belə bir mühitdə birinci kursdan işə başlamağa qərar verdim. Oxucusu, dinləyicisi olduğum prosesin içində olmaq istədim. Sosial vəziyyət də burada rol oynadı – ailəmə yük olmamaq, xərclərimi özüm ödəmək istəyirdim. Ona görə bu sahəyə həm maraq, həm də zərurətdən gəlmişəm.
Həmişə həvəslə işləmişəm. Hadisə yerində olmaq, prosesləri canlı izləmək, müşahidə aparmaq, insanlarla söhbətləşmək... Hesab edirəm ki, bunlar jurnalistikanın ən maraqlı və cəlbedici tərəfləridir. Gördüklərini, eşidib dəqiqləşdirdiklərini, aldığın açıqlamaları oxuculara çatdırırsan. Həm də insanları tanıyırsan, əhatən genişlənir... Bütün bunlar həm də insana dəyərli xatirələr qazandırır.
Siyasət müxbiri olmuşam, siyasətdən yazmışam, amma hər zaman hadisə yerinə getməyə can atmışam. Heç vaxt işi “yola verməmişəm”. “Bu gün bitsin, sabah başqa variant taparam” prinsipi ilə işləməmişəm. Məncə, insan işi yola verməməlidir 
– bu, ən çox insanın özünə fayda gətirir.
Düzdür, müxtəlif vaxtlarda başqa sahəyə keçmək barədə də düşünmüşəm. Mən BDU-nun sosial elmlər və psixologiya fakültəsinin məzunuyam, ixtisasım psixoloqdur, magistr və doktorantura dərəcələrim var. Dövlət qurumlarında işləmək, psixoloq kimi fəaliyyət göstərmək imkanlarım olub, amma heç biri ürəyimə yatmayıb. 1998-ci ildən jurnalistikadayam. Düşünürəm ki, artıq bu yaşdan sonra peşəmi dəyişməyəcəm, ömrüm jurnalistika ilə bağlı olacaq.
– “Teleqraf” İnformasiya Agentliyi yeni media quruluşudur, 7 fevral 2025-ci ildə “Gündəlik Teleqraf” qəzetinin və Teleqraf.com xəbər portalının bazasında fəaliyyətə başlayıb. Bu bir neçə aylıq fəaliyyətiniz nəyi göstərir?
– Fəaliyyətə başlayandan qarşımıza bir məqsəd qoymuşuq: agentlik işinin klassik prinsiplərini ən yüksək səviyyədə həyata keçirək. Əsas məsələ operativlikdir. İnformasiya agentliyi xəbəri başqa media quruluşlarından daha tez əldə edib yaymalıdır. Ancaq jurnalistikanın digər mühüm prinsipi – dəqiqlik də unudulmamalıdır. Dəqiqliyə ciddi önəm veririk. Təcrübə göstərir ki, operativliklə dəqiqliyi bir araya gətirmək mümkündür.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı agentlik üçün geniş maddi-texniki baza yaradıb. Sağ olsun, mənə və kollektivə etimadla yanaşır. Müxtəlif şöbələr, departamentlər formalaşdırmışıq, özünü təsdiqləmiş əməkdaşlarla kollektivi gücləndirmişik.
Ancaq beş ay yarım bir agentliyin tam formalaşması üçün o qədər də yetmir. Ötən dövrə nəzər salanda deyərdim ki, “Teleqraf” hələ də formalaşma mərhələsindədir. İnamla gedirik, ancaq “Teleqraf” “özünü tam təsdiqləyib” demək də tezdir. Boşluqları, çatışmazlıqları tapıb aradan qaldırmağa çalışırıq. Fəaliyyətimiz qənaətbəxşdir, amma bununla kifayətlənmək olmaz – görüləsi çox iş var. Bəzi sahələri, istiqamətləri daha da gücləndirməliyik. Agentliyin operativliyi üçün güclü kollektivin olması vacibdir. Kollektivimiz genişlənib, ayrı-ayrı media subyektlərindən gələnlər var. Onların bir-birinə isinişməsi, uyğunlaşması vaxt tələb edir.
Oxucular üçün etibarlı informasiya mənbəyi olmağa çalışırıq. Amma təkcə oxucular üçün deyil, bizə güvənən, əməkdaşlıq edən hamı üçün. Bu bir neçə ay göstərdi ki, Azərbaycanda həqiqətən yeni bir informasiya agentliyinə ehtiyac varmış. Xəbərlərimizə istinadların miqyası da bunu təsdiqləyir. “Teleqraf”ın əla bir agentlik olması üçün gecə-gündüz çalışırıq və bunu mütləq edəcəyik.
– “Media haqqında” qanuna son dəyişikliklər informasiya agentliklərinin yükünü artırır. Yeniliyə görə, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi öz məhsulu olmalıdır. Bu tələblərin öhdəsindən gələ biləcəksinizmi?
– Milli Məclis “Media haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri sonuncu oxunuşda qəbul edib. Prezident İlham Əliyev dəyişiklikləri təsdiqləyəndən sonra yeni qaydalar qüvvəyə minəcək. Düşünürəm ki, bu tələblərin öhdəsindən gələcəyik. İmkanlarımız var, boşluqları da doldurmağa borcluyuq.
Birinci məsələ - 20 media subyekti ilə müqavilə bağlamaq. Hazırda müxtəlif saytlar və portallar xəbərlərimizə istinad edir. Bir neçə müqaviləmiz var. Bundan sonra bəzi xəbərlərimizi yalnız müqavilə bağladığımız media qurumlarına verəcəyik. Hesab edirəm ki, həmkarlarımız da bunu anlayışla qarşılayacaqlar.
Xarici ölkələrdə 5 büro tələbini də yerinə yetirəcəyik. Biz fəaliyyətə başlayanda prioritet işlərdən biri də xaricdə büroların yaradılması olub. Bu istiqamətdə işləyirik. Hazırda Gürcüstanda büromuz fəaliyyət göstərir, əməkdaşımız Cəmilə Babayeva peşəkar jurnalistdir. Yalnız Gürcüstandakı cari, gündəlik xəbərləri yazmır, həm də orada Azərbaycan izi ilə bağlı araşdırmalar aparır, azərbaycanlıların problemlərini işıqlandırır. Avropada da büromuz mövcuddur. Başqa yerlərdə də büro açmaq planlarımız var. Hansı ölkədə büro açmağın daha vacib olduğunu müəyyənləşdirmişik. Əminəm ki, “Teleqraf”dan ötrü 5 büro tələbini yerinə yetirmək çətin olmayacaq.
İnformasiyanın 80 faizinin öz məhsulumuz olmasına gəlincə, bu onsuz da “Teleqraf” agentliyinin əsas prinsiplərindən biridir. Biz hər gün, gündə bir neçə dəfə özümüzə xatırladırıq ki, başqa saytlardan xəbər götürmək olmaz, xəbəri özümüz tapıb yazmalıyıq.
Monitorinq aparsaq görərik ki, xəbərlərimizin 80 faizindən çoxu öz məhsulumuzdur. Əlbəttə, bütün xəbərləri bir agentliyin yayması mümkün deyil. Elə hadisələr olur ki, başqaları bizdən əvvəl xəbər tutur, biz də həmin xəbəri onlara istinad etməklə yayır və genişləndirməyə çalışırıq.
- Valideynlər həmişə “indiki zaman”da uşaq böyütməyin çətinliyindən gileylənirlər...
Oxucular təəccüblənəcəklər: 
Medianews.az haradan haraya keçdi! Ancaq müsahibimizin özü bu keçidə təəccüblənmir. O, ixtisasca psixoloqdur və iki övlad atasıdır, Allah saxlasın!
- Sualımız tam yerinə düşür, İmdad bəy, oxucular niyə təəccüblənsin ki...
- Buyurun, buyurun.
- Valideynlərin “indiki zaman”da uşaq böyütməyin çətinliyindən gileylənməsini necə izah edərdiniz? Bunun səbəbi valideynlərin özlərinin “keçmiş zaman”da böyüməsidir, yoxsa “indiki zaman” doğrudan da uşaqlar üçün çətin zamandır?
- Zəmanədən şikayət hər dövrdə olub – min il əvvəl də vardı, yəqin min il sonra da olacaq. Hər nəsil keçmişə istinad edir, indikilərdən gileylənir. Amma bu gün övlad böyütmək həqiqətən də çətinləşib. İxtisasca psixoloq olduğum üçün bu sahədə müşahidələrim çoxdur.
Əvvəllər valideynlər övladları ilə daha çox vaxt keçirirdilər. İndi isə səhər işə gedib axşam yorğun qayıdırıq, uşaqla kifayət qədər vaxt keçirməyə güc, enerji qalmır. Bu, ciddi problemdir. Digər tərəfdən, müasir informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı çox şeyi asanlaşdırsa da, uşaqların tərbiyəsinə ciddi mənfi təsir də göstərir. Zərərli videolar, təhlükəli oyunlar, nəzarətsiz məzmun... Bunun qarşısını almaq asan deyil. Çünki valideynin özü də daim telefona bağlıdır. Burada valideyn özü üçün də, övladı üçün də texnologiyadan istifadə məsələsində bir qayda, bir rejim formalaşdırmalıdır.
Əvvəllər televiziya verilişlərinin vaxtı-vədəsi vardı. İnternet isə sonsuzdur – “Yutub”, sosial şəbəkələr daim əlçatandır. Buna görə indiki uşaqları sağlam böyütmək asan deyil. Amma o biri yandan yaxşı təhsil və inkişaf üçün də geniş imkanlar var: idman, kurslar, məktəblər, layihələr. Valideynlər bu imkanlardan düzgün istifadə etsələr, uşaq üçün çox şey etmək olar. Məsələ iki səbət kimidir: biri müsbətlə, digəri mənfilərlə doludur. İndi baxır biz hansı səbətdən daha çox faydalanırıq. Nəticə də buna uyğun olacaq.
“Sualın gözəlliyinə baxın!” – Oxucular təəccüblənməsin: müsahibənin bu yerində biz suala cavabdan bir parçanı sualın özündən əvvəldə yazırıq.
Buyurun, sualın gözəlliyinə baxın:
– Doğma yurdunuz Laçın üç ildir tam azaddır. Heç ora köçmək, jurnalist fəaliyyətinizi Laçında davam etdirmək ağlınızdan keçir?
“Üzünə demək olmasın” yazmırıq, çünki müsahibənin mətni söhbətdən sonra yazılıb, İmdad Əlizadə 
Medianews.az-ın bu tərifini onsuz da saytın səhifəsində oxuyacaq. Ona görə bunu arxayın yazmaq olar: cavab da çox gözəldir! Müsahibəyə görə çox sağ olun, İmdad bəy! Bir daha təltifiniz və bayramınız mübarək olsun!
İmdad Əlizadənin sonuncu sualımıza bir cümləsini iqtibas gətirdiyimiz cavabı isə bütöv şəkildə belədir:
– Laçına qayıtmaq məsələsi, “nə vaxt yurda dönürsünüz” sualı adamın ürəyini dağa döndərir. Biz bu günləri görmək, indi verdiyiniz sualı eşitmək üçün 30 ilə yaxın gecə-gündüz, toyda-yasda, dağda-aranda, istidə-soyuqda Allaha yalvarmışıq, dua etmişik. Köçkünlüyün, didərginliyin ilk illərində insanlar bir-birini görəndə “harada məskunlaşmısan”, “hara sığınmısan” sualını verərdilər. O illərdə çox az halda kimsə “Laçın alınsa qayıdarsan?” deyə soruşardı. Bu mövzular başqa cür danışılırdı. İndi isə “Laçına qayıdacaqsınızmı”, “Nə vaxt qatıdacaqsınız” sualları verilir. Sualın gözəlliyinə baxın! Buna “yox” cavabı vermək mümkünsüzdür.
Laçın erməni işğalından azad olunandan sonra qayıtmaq üçün yollar axtarmışam. 2024-cü ilin yazında “Report” İnformasiya Agentliyindən ayrıldıqdan sonra uzun müddət başqa yerdə işə girmədim, əsasən azad edilmiş ərazilərdə iş axtardım. Təəssüf ki, bu arzum hələ reallaşmayıb, amma ümidlə gözləyirəm.
Mənim üçün Laçına qayıtmamaq mümkün deyil. Bütün ailəmiz, doğmalarımız ümidlə Oğuldərənin bərpasını gözləyir ki, 33 illik həsrətə son qoyaq, gedək dədə-baba yurdumuzu abadlaşdıraq...
Toğrul Əli,
Medianews.az
[gallery columns="1" link="file" size="full" ids="853151,853150,853153,853152,853158,853155,853156,853154,853160,853159,853161"]