Medianews.az
“Evlənmək yaşım çatdığı üçün filmlərə ara verdim, sonra isə...”- <span style=color:red>“Əhməd haradadır?” filminin “Uzundraz Oqtay”ı- FOTOLAR
381 baxış

“Evlənmək yaşım çatdığı üçün filmlərə ara verdim, sonra isə...”- “Əhməd haradadır?” filminin “Uzundraz Oqtay”ı- FOTOLAR

“Əhməd haradadır?” filmini yəqin ki, izləməyən yoxdur. Azərbaycan kino sənətinin əvəzsiz filmlərindən biri sayılan ekran əsərində zəngin aktyor kollektivi çəkilib. Filmdə “şofer Əhməd”, “saqqal Ramiz” və s. obrazlar var. Bu obrazlardan biri də “Uzundraz Oqtay” rolunu oynayan aktyor Novruz Axundovdur. Medianews.az -a açıqlama verən aktyor bildirib ki, filmə tələbə ikən çəkilib: “ “Əhməd haradadır?” filmi 1963-cü ildə Ədil İsgəndərovun rejissorluğu ilə çəkilib. Filmdə gənclərin evlənməsi məsələsi ön plana çəkilib. Adil müəllim filmi çəkməzdən öncə universitetdə aktyor qəbulu elanı etmişdi. 1962-ci ildə bizim kurs seçildi, bizi qəbul etdi. Həmin qrupda Elxan Qasımov, Əbdül Mahmudovbəyov, Amaliya Pənahova, mən və başqaları var idi. Biz ilk bunu hiss etməmişdik. Sən demə o bizi bilərəkdən seçir ki, o filmdə çəkilək. Sabit Rəhmanla ssenari yazmışdı. Moskvadan da Yuli Fogelman adlı bir operator gəlmişdi. O da bizə baxırdı. Adil müəllim “uzundraz Oqtay” roluna başqa aktyoru da “prob” etmişdi. Amma son anda sınaqdan mən keçdim”. Novruz Axundova deyir ki, filmdə eynəkdən istifadə etməsi rejissorun istəyi ilə olub: “Gözlərim o vaxt çox yaxşı görürdü. İndi pis görür. O vaxt obraz elə idi ki, eynək geyinmək lazım idi. Elə uydurmuşdular ki, bu arıq, uzunboy oğlan guya kitab oxuyandır, gözləri də zəifləyib. Həqiqətən kitab oxuyan idim. İstifadə etdiyim eynək adi şüşə idi, düzəltdirmişdik. Bu film mənə böyük şöhrət gətirdi. Bundan sonra o biri rejissorlar da ard-arda məni filmlərə çəkməyə başladılar”. Novruz Axundov bildirib ki, filmlərdə davamlı çəkilməsə də, dublyaj sahəsində 500-dən çox filmin rejissorluğunu edib: “Bir neçə filmdə çəkiləndən sonra daha getmədim. Kinostudiyada qalıb, dublyaj rejissoru oldum. “Mozalan” satirik kinojurnalının filmlərində də çəkilirdim, həm də rus dilindən tərcümə ediməsinə rejissorluq edirdim. Vaxtım az olurdu, yaşım çatmışdı, evlənmək vaxtım idi. Evləndim də. Bizim filmlər o vaxt primitiv üsulla çəkilirdi. 2 günə çəkiləsi bir şeyi 2 aya çəkirdilər. Bu proses də məni yorurdu. O qədər də çox meyl etmirdim çəkilməyə. Bu gün artıq səhhətimə görə filmlərdə çəkilmək istəmirəm. Film sahəmiz günü-gündən inkişaf edir. Ümid edirəm ki, bundan da yaxşı olacaq. İnşallah ki, o günü siz görərsiz”. Əli Əsgər Medianews.az

Bizə qoşulun