Medianews.az
Azərbaycanda bu sahə üzrə ixtisaslı müəllimlərin sayı 15-20 nəfərdir - <span style=color:red>Təcili tədbirlər görülməlidir
256 baxış

Azərbaycanda bu sahə üzrə ixtisaslı müəllimlərin sayı 15-20 nəfərdir - Təcili tədbirlər görülməlidir

Çin Xalq Respublikası istər əhalisinin sayına, istərsə də iqtisadi, siyasi, hərbi, texnoloji gücünə görə dünyanın öndə gedən dövlətlərindən biridir. Son zamanlar Azərbaycanın da Çinlə əlaqələri inkişaf edir. İki ölkə arasında artıq vizasız gediş-gəliş də qüvvədədir. Bu və digər faktorlar ölkəmizdə Çin dilinin tədrisi məsələsini aktuallaşdırıb. Ən müxtəlif sahələrin mütəxəssisləri, o cümlədən elm-təhsil adamları Azərbaycanda Çin dilinin tədrisinə daha ciddi yanaşılmasına çağırış edirlər. Ölkəmizdə Çin dili nə dərəcədə effektiv tədris olunur? Bu dili öyrənmək istəyənlər üçün imkanlar – mütəxəssislər, kurslar yetərincədirmi? Orta məktəblərdə digər xarici dillərlə yanaşı Çin dilinin də tədrisinə başlanmasına ehtiyac varmı? Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Çin Xalq Respublikasının qlobal miqyasda artan iqtisadi, texnoloji və geosiyasi çəkisi onun dilinə olan marağı da paralel şəkildə artırır: “Çin bu gün dünya üzrə 2-ci ən böyük iqtisadiyyat, ən böyük ixracatçı, eyni zamanda süni intellekt, enerji texnologiyaları və beynəlxalq nəqliyyat-logistika sahələrində lider dövlətlərdən biridir. Azərbaycanın “Bir Kəmər–Bir Yol” təşəbbüsündə aktiv iştirak etməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun Pekin–İstanbul marşrutu üzrə strateji əhəmiyyət kəsb etməsi və nəhayət, 2024-cü ildən iki ölkə arasında vizasız rejimin tətbiqi Azərbaycan və Çin arasında münasibətlərin dərinləşdiyini göstərir. Lakin bu əməkdaşlığın davamlı və balanslı inkişafı üçün çoxdilli resurslar və Çin dilini bilən kadrlar kritik əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda Çin dili tədrisinin səviyyəsi və əhatəsi olduqca məhduddur. Rəsmi statistikaya görə, ölkədə Çin dili yalnız bir neçə ali təhsil müəssisəsində – əsasən Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və ADA Universitetində ayrıca ixtisas və ya ikinci dil kimi tədris olunur. Orta məktəb səviyyəsində isə Çin dili tədrisi demək olar ki, yoxdur. Elm və Təhsil Nazirliyinin təqdim etdiyi ümumi təhsil planlarında Çin dili nə “seçim xarici dili”, nə də əsas xarici dillər arasında yer alır. Halbuki “Təhsil haqqında” Qanunun 14.1.3-cü maddəsində göstərilir ki, təhsil sisteminin vəzifələrindən biri beynəlxalq əməkdaşlığa uyğun kadr hazırlığını təmin etməkdir. Əgər ölkə Çinə iqtisadi, siyasi və diplomatik baxımdan yaxınlaşırsa, buna uyğun təhsil strukturu formalaşdırılmalıdır". Təhsil eksperti qeyd edib ki, bu gün ingilis və rus dillərindən fərqli olaraq, Çin dili üzrə müəllim hazırlığı sistemi və mütəxəssis bazası çox zəifdir: “İxtisaslı Çin dili müəllimlərinin sayı 15–20 nəfərdən artıq deyil və onların əksəriyyəti də Çin universitetlərində təhsil almış şəxslərdir. Bu isə ümumtəhsil məktəblərində bu dili kütləvi şəkildə tətbiq etmək üçün yetərli baza formalaşdırmır. Mərkəzləşdirilmiş Çin dili dərslikləri, tədris resursları, metodik vəsaitlər və lisenziyalı kurs proqramları mövcud deyil. Mövcud kurslar isə əsasən özəl təşəbbüslərdir və yüksək ödənişli olduqları üçün hər kəs üçün əlçatan deyil. Dünya təcrübəsində isə Çin dili artıq strateji xarici dil kimi mövqe qazanıb. Məsələn, ABŞ-ın 23 ştatında Çin dili məktəb proqramlarına daxil edilib. Rusiya, Qazaxıstan, Türkmənistan kimi ölkələrdə isə bu dil seçmə fənn kimi tədris olunur və Konfutsi institutları ilə əməkdaşlıq çərçivəsində təhsil resursları təmin edilir. Hətta Gürcüstan və Özbəkistan kimi ölkələrdə də Çin dili artıq orta məktəblərdə pilot layihə şəklində tətbiq olunur. Bu yanaşma həmin ölkələrin Çinlə iqtisadi əməkdaşlıq strategiyasına uyğunlaşdırılmış təhsil siyasətinin bir hissəsidir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu istiqamətdə indiyə qədər sistemli addım atmayıb. Nə Çin dili müəllimi hazırlığı ilə bağlı proqramlar açıqlanıb, nə də orta məktəblər üçün tədris planlarında dəyişiklik edilib. Bu sahədə nə planlar, nə də proqnozlar mövcuddur. Hətta ictimai maarifləndirmə, Çin dili tədrisinin əhəmiyyəti, bu sahədə ixtisas seçimləri ilə bağlı yönəldici tədbirlər belə həyata keçirilmir. Halbuki bu sahədə qlobal əmək bazarında yer tutmaq istəyən ölkələr üçün vaxtında reaksiya vermək strateji əhəmiyyət kəsb edir". K.Əsədov vurğulayıb ki, Çin dilinin Azərbaycanda sistemli və effektiv tədrisi üçün təcili olaraq bu dəyişikliklərə ehtiyac var: "Birincisi, Çin dili müəllimi hazırlığı üzrə xüsusi magistr proqramları və təqaüd proqramları təsis olunmalıdır. İkincisi, ümumtəhsil məktəblərində Çin dilinin ikinci xarici dil kimi pilot layihə çərçivəsində tətbiqinə başlanmalıdır. Üçüncüsü, Konfutsi İnstitutu və ya digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində dərslik və metodik materiallar tərcümə edilməli və lokallaşdırılmalıdır. Dördüncüsü, Çin dili üzrə peşəkar karyera marşrutları (diplomatiya, biznes, tərcümə, logistika və texnologiya sahələrində) təqdim olunmalıdır ki, tələbələr bu dili öyrənməyə motivasiya olsunlar. Əgər bu istiqamətdə sistemli tədbirlər görülməzsə, Azərbaycan Çinin artan qlobal təsirindən yalnız siyasi bəyanatlarla faydalana biləcək, praktiki əməkdaşlıqda isə dil baryeri və kadr çatışmazlığı səbəbilə geridə qalacaq. Təhsil, xüsusən dil təhsili strateji düşüncə tələb edir və bu sahədə gecikmək gələcək imkanların itirilməsi deməkdir. Elm və Təhsil Nazirliyi bu sahədə nə qabaqlayıcı mövqe tutur, nə planlaşdırma aparır, nə də ictimai müzakirə təşəbbüsü göstərir. Əgər yaxın 3 ildə Çin dili üzrə real tədris modeli və mütəxəssis hazırlığı qurulmazsa, Azərbaycanın bu strateji əməkdaşlıqda insan resursu baxımından geri qalması labüddür. Təhsil diplomatik əlaqələrin arxa planı deyil, öncül dayağı olmalıdır". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun