Medianews.az
Texnologiya yetərlidirmi? -<span style=color:red> Bank kartlarından oğurluq riskləri
240 baxış

Texnologiya yetərlidirmi? - Bank kartlarından oğurluq riskləri

Azərbaycan vətəndaşlarının bank kartlarından kiber üsullarla pul oğurlanması halları davam edir. Rəsmi məlumata görə, aprel ayında 581 min, mayda 298 min, iyunda isə 160 min manatdan çox pul kiber üsullarla oğurlanıb. Göründüyü kimi, oğurlanan pulların ümumi məbləği aydan-aya aşağı düşür, amma vəziyyət tam düzəlməyib. İyul ayında vəziyyətin necə olacağını proqnozlaşdırmaq mümkündür? Ayın ilk günləri hansı gözləntilərə əsas verir? Bank kartlarının talanması hallarının daha da azalacağını, yəni aydan-aya vəziyyətin nisbətən yaxşılaşması tendensiyasının davam edəcəyini demək mümkündürmü? Bank kartlarından kiber üsullarla pul oğurlanması hallarının tam aradan qalxması necə, nə vaxtsa bunun baş verəcəyi də realdırmı? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, bank kartlarından kiberdələduzluqla oğurluq hallarının azalması tendensiyası müşahidə olunsa da, bu, tam təhlükəsizlik demək deyil: "Rəqəmlər göstərir ki, aprel, may və iyun aylarında oğurlanan məbləğ aydan-aya azalıb (581 min → 298 min → 160 min manat). Bu, həm bankların texniki təkmilləşməsi, həm də maarifləndirmə tədbirlərinin təsirinin göstəricisidir. Lakin bu halların sıfıra enməsi üçün yalnız texnologiya deyil, həm də istifadəçi davranışlarının dəyişməsi vacibdir". E.Abbasovun sözlərinə görə, iyul ayına dair proqnozlar ilk günlərdəki hücum aktivliyinə görə dəyişə bilər: "Yəni azalma davam etsə də, vətəndaşların diqqətsizliyi və yeni fırıldaq üsullarının dövriyyəyə daxil olması riski hələ də yüksəkdir. Hücumlar getdikcə texnoloji deyil, sosial mühəndislik — insan psixologiyasına təsir yönümlü metodlara əsaslanır. Yəni əsas risk hələ də insan faktorudur". Ekspert bildirib ki, tam təhlükəsizlik üçün yalnız bankların deyil, vətəndaşların da maarifləndirilməsi və diqqətli davranışı zəruridir. Kart məlumatlarının, xüsusilə CVV kod və istifadə müddətinin paylaşılması onlayn ödənişlər üçün kifayətdir. Bu səbəbdən parolun verilməməsi belə sizi tam qorumağa bəs etmir. Texniki səviyyədə risklər nə qədər azalsa da, sosial səviyyədə təhlükə qalmaqda davam edir. Lamiyə, Medianews.az

Bizə qoşulun