Medianews.az
Bank kartlarından oğurluq: hazırda vəziyyət necədir, dələduzlar harada oturur, pulları geri qaytarmaq olurmu? – <span style=color:red>MÜSAHİBƏ
217 baxış

Bank kartlarından oğurluq: hazırda vəziyyət necədir, dələduzlar harada oturur, pulları geri qaytarmaq olurmu? – MÜSAHİBƏ

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-ın suallarını cavblandırıb. - Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə birgə AvtoFM-də təşkil edilən “Kiberİnfo” verilişində qeyd etmisiniz ki, kibertəhlükələrə qarşı mübarizə bəhrəsini verir. Bu, vətəndaşların bank kartlarından pul oğurluqlarının azalması ilə bağlıdırmı? Statistika varmı? - Bəli, bu tendensiya əsasən kiberdələduzluq halları ilə bağlı müraciətlərin sayında müşahidə olunan kəskin azalma ilə bağlıdır. Xüsusilə vətəndaşların bank kartı məlumatlarının ələ keçirilməsi və icazəsiz köçürmələrlə bağlı baş verən hadisələrə dair şikayətlərin intensivliyi son günlərdə nəzərəçarpacaq şəkildə azalıb. Ötən həftə daxil olan müraciətlərin sayı əvvəlki dövrlərlə müqayisədə 6-7 dəfə azalıb, bu isə ciddi irəliləyiş göstəricisidir. Daha konkret desək, gündəlik şikayət sayı 30-40-dan 5-7-yə qədər enib. Bu nəticə həm hüquq mühafizə orqanlarının koordinasiyalı və operativ fəaliyyəti, həm də “Kiberİnfo” kimi maarifləndirici platformaların təsirinin birbaşa nəticəsidir. - Təəssürat belədir ki, kiberdələduzluqla bağlı halların sayı qəfildən artdı. Bu doğrudurmu? Yoxsa bu cür cinayətlər əvvəldən var idi, sadəcə ictimailəşdirilmirdi? - Bu, çox dəqiq müşahidədir. Kiberdələduzluq halları təkcə son zamanlara aid deyil. Bu tip cinayətlər əvvəlki illərdə də baş verirdi, lakin ictimai tribunlarda, mediada işıqlandırma zəif olduğundan, onların miqyası kifayət qədər görünmürdü. İnsanların bu halları gizlətməsi, bəzən də hüquqi nəticə gözləməməsi səbəbindən statistikaya düşməyən çoxsaylı hallar olub. Xüsusilə pandemiya dövründə rəqəmsal ödəniş sistemlərinin genişlənməsi və insanların onlayn platformalara kütləvi keçidi bu cinayətlərə zəmin yaratdı. Bu səbəbdən artım qəfil deyil, amma ictimailəşmə qəfil və daha geniş miqyasda baş verdi. - Kiberdələduzların əsasən hansı ölkələrdə fəaliyyət göstərməsi və hücumların coğrafiyası barədə nə deyə bilərsiniz? - Kiberdələduzlar adətən fiziki olaraq başqa ölkələrdə yerləşsələr də, texniki vasitələrlə öz fəaliyyətlərini beynəlxalq miqyasda gizlədə bilirlər. Mövcud texniki və əməliyyat araşdırmaları göstərir ki, belə hücumların bir çoxu Cənub-Şərqi Asiya ölkələri (Hindistan, Filippin, İndoneziya), Afrikanın bəzi regionları (xüsusilə Nigeriya) və Şərqi Avropa ölkələrindən həyata keçirilir. Lakin hücum edən şəxslər VPN, proxy və digər texnologiyalarla özlərini Azərbaycan daxilindəki istifadəçi kimi maskalaya bilirlər. Bu da araşdırmaları çətinləşdirir və beynəlxalq əməkdaşlığın zəruriliyini artırır. Hücumların izlənməsi və mənbələrinin müəyyən edilməsi çoxsəviyyəli texniki təhlil və hüquqi prosedurları tələb edir. - Dələduzluqdan zərər çəkənlər sonradan pulunu geri ala bilirmi? Hücum edən xaricdədirsə, bu, prosesi çətinləşdirirmi? - Zərərçəkənin pul vəsaitini geri alması bir çox amillərdən asılıdır. Əgər şəxs özü kart məlumatlarını könüllü şəkildə təqdim edibsə və ödənişi şəxsən təsdiqləyibsə, bu halda bankın kompensasiya öhdəliyi olmur. Amma texniki və ya bank sistemindəki boşluqdan istifadə olunubsa, həmin halda bank və ya xidmət təminatçısı məsuliyyət daşıyır. Xaricdən həyata keçirilən hücumlar zamanı vəsaitlərin bərpa olunması olduqca mürəkkəbdir, çünki dələduzlar əldə etdikləri vəsaiti çox sürətlə müxtəlif hesablara ötürür və izləri silirlər. Buna baxmayaraq, bəzi hallarda hüquq mühafizə orqanlarının vaxtında müdaxiləsi ilə vəsaitin bir hissəsi bloklanaraq geri qaytarıla bilir. Amma real vəziyyət onu göstərir ki, preventiv tədbirlər – yəni hücumun qarşısının əvvəlcədən alınması – daha effektlidir, nəinki sonradan pulun qaytarılması. - Texnologiyalar sürətlə inkişaf edir. Belə şəraitdə mövcud kiber müdafiə sistemlərinə nə dərəcədə güvənmək olar? Ölkəmizdə bu sistemləri daim yeniləmək üçün texniki və insan resursları varmı? - Tamamilə doğrudur, texnologiyaların inkişafı yeni imkanlar yaratmaqla yanaşı, yeni risklər də formalaşdırır. Bu səbəbdən kiber müdafiə sistemlərinə yalnız qurulduğu anda deyil, onların daim yenilənməsinə və adaptasiyasına görə güvənmək olar. Hazırda Azərbaycanda aparıcı dövlət qurumları, banklar və telekommunikasiya şirkətləri tərəfindən istifadə olunan kiber təhlükəsizlik infrastrukturu müasir tələblərə cavab verir. Mərkəzi Bank, Xüsusi Rabitə Xidməti, CERT və digər qurumların fəaliyyətləri bu sahədə dayanıqlı baza formalaşdırıb. Lakin eyni zamanda etiraf edilməlidir ki, ixtisaslı kadrlara ehtiyac hələ də mövcuddur. Bu sahədə universitetlərlə əməkdaşlıq, sertifikatlaşdırılmış beynəlxalq təlimlərin təşkili və regional tədris mərkəzlərinin yaradılması yaxın illərdə əsas prioritetlərdən olmalıdır. - Beynəlxalq təcrübədə uğurlu müdafiə metodları var. Bizdə hələ tətbiq olunmayan hansı yanaşmalar mövcuddur? - Dünyada tətbiq edilən bəzi qabaqcıl müdafiə metodları Azərbaycanda ya hələ ilkin mərhələdədir, ya da sistematik şəkildə tətbiq olunmur. Məsələn, “Zero Trust Architecture” – yəni istənilən daxili istifadəçiyə belə avtomatik etibar edilməyən sistem – bu gün Google və Microsoft kimi nəhənglər tərəfindən tam şəkildə tətbiq olunur. “Behavioral biometrics” – istifadəçinin davranış nümunələrinə əsaslanan identifikasiya texnologiyası – ABŞ və Avropa bank sistemlərində geniş tətbiq edilir. Eyni zamanda, “Cyber Range” kimi kibertəhlükə simulyasiya laboratoriyaları İsrail və NATO ölkələrində mütəxəssislərin real ssenarilər üzərində təlimi üçün istifadə olunur. Bizdə isə bu təcrübələrin bəziləri tətbiq olunsa da, ölkə üzrə sistemli və vahid yanaşma hələ formalaşmayıb. Bu metodların lokalizasiyası və tətbiqi gələcəkdə ölkənin müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun