Medianews.az
“Hökumətin iqtisadi komandası ciddi düşünməlidir” – <span style=color:red>Sabiq nazir
193 baxış

“Hökumətin iqtisadi komandası ciddi düşünməlidir” – Sabiq nazir

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki illərin göstəricilərinə də nəzər salsaq görərik ki, 1996-cı ildə ölkədə ÜDM 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cu ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz, 2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artıb. 2011-ci il 0,1 faiz, 2012-ci il 2,2 faiz, 2013-cü il 5,8 faiz, 2014-cü il 2,8 faiz, 2015-ci il 1,1 faiz, 2017-ci il 0,2 faiz, 2018-ci il 1,5 faiz, 2019-cu il 2,5 faiz, 2021-ci il 5,6 faiz, 2022-ci il 4,6 faiz, 2023-cü il 1,1 faiz, 2024-cü il 4,1 faiz yüksəlişlə bitib. 1995-ci ildə 11,8 faiz, 2016-cı ildə 3,1 faiz, 2020-ci ildə 4,2 faiz azalma rəsmiləşib. ÜDM artımı tempi nə dərəcədə qənaətbəxşdir? Hazırda dünyada, regionda və Azərbaycanda gedən iqtisadi proseslər fonunda ölkəmizdə builki iqtisadi artımı necə qiymətləndirmək, hansı proqnozlar irəli sürmək olar? Medianews.az-ın bu suallarını keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifova cavablandırıb. O bildirib ki, ötən 20 ildən bir qədər artıq dövrdə Azərbaycan iqtisadiyyatı real olaraq 4 dəfədən çox böyüyə bilib: “Bu çox yaxşı bir nəticədir. Ötən illər ərzində vaxtilə bir məkanda olduğumuz ölkələrin heç birində belə nəticələr qeydə alınmayıb”. F.Yusifov qeyd edib ki, Azərbaycan iqtisadiyyatı neftlə bağlı bir iqtisadiyyatdır: “Dünya bazarlarında neftin qiymətlərinin necə dəyişməsi amili iqtisadiyyatımızın artım sürətinə öz təsirini göstərə bilir. Son illər ərzində ölkəmizdə neftin hasilatının azalması ümumi iqtisadiyyatın artım tempini bir qədər zəiflədib. Bütün bu dediklərimiz iqtisadiyyatımızın mövcud durumunu ümumilikdə dəyərləndirmək üçündür. Lakin bir neft ölkəsində iqtisadiyyatın durumunu, onun real sektorunun inkişaf səviyyəsi ilə səciyyələndirmək daha doğru olardı. Yeri gəlmişkən, bu illər ərzində iqtisadiyyatın qeyri-neft sektorunun üstün inkişafı təmin edilib. Ancaq bu sırada əsas göstərici real sektorun artım tempi deyil, bu sektordan ixracın həcmidir. Son 20 ildə Azərbaycanda real sektordan ixracın həcmi 260 milyon dollardan 3,4 milyard dollara qədər yüksələ bilib. Bu da məqbul nəticə sayıla bilər. Ancaq biz bu nəticəyə ümumi ixracımızda real sektordan ixracın xüsusi çəkisi və ya ümumi ixracımızın hansı hissəsinin real sektordan ixracdan əldə edilən valyuta gəlirləri ilə bağlanması kimi göstəricilərlə qiymət verməliyik. Burada isə vəziyyət heç də ürəkaçan deyil. Baxın, ötən 2024-cü ildə 26,3 milyard dollarlıq ümumi ixracımızda real sektordan ixracın payı 3,4 milyard manat və ya 12,9% təşkil edib. Yəni ümumi ixracımızın 87,1%-i neft və qazın payına düşür. Başqa bir müqayisə. 2024-cü ildə Azərbaycana 21,1 milyard dollar həcmində mal və məhsul idxal edilib. Real sektordan 3,4 milyard dollar həcmində ixracımız bu qədər idxalın cəmisi 16,1%-ni örtməyə yetər. İdxalın qalan 83,9%-i neft və qazın satışından əldə etdiyimiz valyuta ilə bağlanır. Bir anlıq təsəvvür edək ki, neft və qazımız yoxdur. O halda 21,1 milyard dollar həcmində idxalı real sektordan ixracdan əldə etdiyimiz 3,4 milyard dollar xarici valyuta ilə necə bağlaya bilərik? Bu dediklərim hökumətin iqtisadi komandasını ciddi düşündürməlidir. Dünyanın enerji balansı dəyişir, alternativ enerji mənbələri sürətlə dövriyyəyə daxil olur. Bu müstəvidə ölkəmiz üçün bir özəllik də ondan ibarətdir ki, son illər Azərbaycanda həm də neftin hasilatı azalır. Nə etmək lazımdır sualına mətbuat səhifələrində və TV çıxışlarımda dəfələrlə cavab verib, təkliflərimi səsləndirmişəm”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun