Medianews.az
Azərbaycanda meymunçiçəyi: <span style=color:red>Virusa yoluxmamaq üçün NƏ ETMƏLİYİK? - FOTO
231 baxış

Azərbaycanda meymunçiçəyi: Virusa yoluxmamaq üçün NƏ ETMƏLİYİK? - FOTO

Yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilib ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi, əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub. TƏBİB-dən verilən son məlumata görə, meymunçiçəyi virusuna yoluxan həmin şəxsin hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir. O, müvafiq tibb müəssisəsində müalicəsini davam etdirir və həkimlərin müşahidəsi altındadır. Maraqlıdır, meymunçiçəyi virusu nədir? Bu xəstəliyə yoluxma hansı ağır nəticələrə səbəb ola bilər? Bu virusa yoluxan vətəndaş müalicəni hansı qaydada aparmalı, hansı prosedurlara mütləq riayət etməlidir? Virusun kütləvi yayılma ehtimalı varmı? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının assistenti Şəfa Vəliyeva bildirib ki, meymunçiçəyi zoonoz viruslara aiddir, əsasən DNT tərkiblidir, ortopoksiviruslar ailəsinə daxildir. Həkimin sözlərinə görə, bu kateqoriyaya təbii çiçək virusu da aiddir: “Təbii çiçək virusu meymunçiçəyinin birbaşa və ya dolayısı yolla əcdadı deyil. Buna görə də onlarım simptomları eyni ailəyə məxsus olduqlarına görə oxşardır. Lakin meymunçiçəyi virusunun kliniki simptomları təbii çiçəyə nisbətən daha yüngül keçir. Eyni zamanda bundan yaranan ölüm halları daha azlıq təşkil edir. Digər viruslara nisbətən ölçüsü daha böyükdür. Bu səbəbdən də orqanizmin müdafiə baryerlərini daha çətin keçir. Elə ölçüsü böyük olduğuna görə də bunların çoxalması zəifdir. Eyni zamanda orqanizmin verdiyi cavab reaksiyasından da asanlıqla qaça bilmirlər. İnfeksiyanın rezervuarı əsasən nəmli tropik meşələrdə yaşayan gəmiricilər, infeksiya mənbəyi və daşıyıcıları primantlar hesab olunur. Bu viruslar heyvandan insana və yaxud d insandan insana birbaşa kontakt yolu ilə keçə bilir. Yəni, xəstə heyvana birbaşa bioloji mayeləri ilə kontakt və yaxud da dişləmə vasitəsi ilə yoluxa bilər. İnsandan insana havadan damcı yolu ilə və ya birbaşa kontakt, yaxın təmas yolu ilə də yoluxa bilir. Məsələn, xəstənin təmasda olduğu əşyalarla, geyimlərlə, yataq dəsti ilə keçə bilər”. Ş.Vəliyeva qeyd edib ki, virusun inkubasiya dövrü əsasən 10-14 gündür: “Başlanğıc əlamətləri baş ağrısı, əzələ ağrıları, qızdırma və limfa düyünlərin böyüməsi ilə başlayır. Xəstənin əsasən simptomları dəridə yaranan səpgilərdir. Bu səpgilər öncə üz nahiyəsində, sonra bədənin digər nahiyələrinə yayılır. Əsasən əlin, ovucun içərisində və ayaq altında, ağır hallarda isə bədənin bütün sahələrində, xüsusən də gözdə, ağız boşluğunda, genital nahiyələrdə yayılmağa başlayır. Səpgilər çox qaşınanda ağrılıdır. Sağaldıqdan sonra yerində qabıq, sonra isə çapıq qoyur. 14-21 gün xəstəliyin davam etmə müddəti olur. Əgər orqanizmin immun sistemi yüksəkdirsə, bunlar öz-özünə sağalırlar. İmmun sistemi aşağı olan xəstələrdə daha ağır nəticələrə, hətta ölümə də səbəb ola bilər. Bu isə 10 nəfərdən üç və ya dördündə müşahidə olunur. Bu xəstəliyə yoluxan əhali arasında uşaqlar çoxluq təşkil edir. Belə xəstə müşahidə olunarsa, ilk növbədə onunla kontaktdan çəkinmək lazımdır. Xəstənin özü izolyasiya olunmalı, ətrafındakı insanların hamısı yoxlanılmalıdır. Xəstə ilə kontakta girərkən fərdi qoruyucu vasitələrdən istifadə etməliyik. Özümüz gigiyenik qaydalara tam əməl etməklə bu virusdan qoruna bilərik”. Nailə QASIMOVA

Bizə qoşulun