Artıq texnoloji inqilab gözqamaşdırıcı sürətlə baş verməkdədir. Belə ki, internet təkcə kompüterlər, planşetlər və mobil telefonlarda istifadə edilməklə məhdudlaşmır.
“Əşyaların interneti” (“İnternet of Things” – “IoT”) adlı bir termin eşitmisiniz?
Bu termin müxtəlif cihazların və obyektlərin internetə qoşulması və bir-biri ilə qarşılıqlı əlaqədə olması konsepsiyasını ifadə etmək üçün işlədilir. Sözügedən texnologiya cihazların yalnız insanların müdaxiləsi ilə deyil, həm də avtomatik şəkildə məlumat toplamasına, paylaşmasına və analiz etməsinə imkan verir. Düşünün: Avtomobilinizin hansısa hissəsi nasaz olduğundan sizin xəbəriniz olmadan o özünün xarab olmuş həmin hissəsini dəyişdirmək məqsədilə internetdən sifariş verir. Yaxud da yemək yediyiniz qaşıq və ya çəngəliniz yediklərinizi və toxunduğu dilinizi analiz etdikdən sonra sizdə hansısa xəstəliyin olması ehtimalı barədə sizi xəbərdar edir və ya sizin xəbəriniz olmadan həkiminizə və ya sağlamlıq sığorta şirkətinə məlumat göndərir. Qeyri-adi gəlir, deyilmi? Lakin bu deyilənləri qəbul edib-etməməyinizdən asılı olmadan gələcək bunu doğru gedir.

Bəs, “Əşyaların interneti” (bundan sonra – “IoT”) hansı əsas xüsusiyyətlərə malikdir? Bunlar haqqında qısaca bir-bir məlumat verək:
1. Qoşulma: “IoT” cihazları “Wi-Fi”, “Bluetooth”, mobil şəbəkələr və digər texnologiyalar vasitəsilə internetə qoşulur.
2. Sensorlar: Bu cihazlarda ətraf mühitdən məlumat toplayan sensorlar olur (məsələn, temperatur, hərəkət, rütubət).
3. Məlumat ötürülməsi: Toplanan məlumat bulud xidmətləri və ya yerli şəbəkə vasitəsilə saxlanılır və təhlil olunur.
4. Avtomatlaşdırma: Cihazlar topladıqları məlumatlara əsasən avtomatik qərarlar verə bilir.
“IoT”-a çoxsaylı nümunələr gətirmək olar. Məsələn, ağıllı ev cihazları (məsələn, işıqların və termostatların uzaqdan idarə edilməsi), sağlamlıq texnologiyaları (fitness trekerləri və ya tibbi cihazlar), Ağıllı şəhərlər (nəqliyyat sistemlərinin idarəsi, enerji istehlakı analizi) və s.

Fikrimizə bir qədər də aydınlıq gətirmək üçün “IoT” texnologiyasının hazırda tətbiq olunduğu sahələri belə qruplaşdıra bilərik:
1. Ağıllı evlər – “IoT” cihazlarının ən populyar tətbiq sahələrindən biri məhz ağıllı evlərdir. Bu sahənin 2025-ci ilə qədər 53 milyard dollarlıq bazara çevriləcəyi gözlənilir. Təsadüfi deyil ki, “Amazon Alexa” və “Google Home” kimi ağıllı köməkçilər evdə işıqları, termostatları və məişət texnikasını idarə etməyə imkan verir. “Apple” şirkəti tərəfindən təqdim edilən “Apple HomeKit” “IoT” texnologiyası “iPhone” və “iPad” istifadəçilərinin evlərini ağıllı hala gətirmələrinə imkan verir. “HomeKit” cihazların bir-biri ilə əlaqə qurmasına və istifadəçinin idarə etməsinə şərait yaradır.
Cənubi Koreyada “Samsung SmartThings” platforması isə ağıllı ev cihazlarının idarə olunmasını təmin edir. Belə ki, bu zaman “Samsung”un ağıllı ev ekosistemi, müxtəlif “IoT” cihazlarını birləşdirir və istifadəçilərin telefonlarından və ya səsli komandalarla cihazları idarə etmələrinə imkan verir.
2. Ağıllı şəhərlər – Dubay ağıllı şəhər texnologiyalarının tətbiqi ilə dünya miqyasında ön sıralarda gedən bir şəhərdir. “Smart Dubai” adlı layihəsi 2014-cü ildə təqdim olunub və şəhəri dünyanın ən ağıllı və xoşbəxt şəhərinə çevirmək məqsədi daşıyır.
Qeyd edək ki, İspanıyanın Barselona şəhərində quraşdırılmış ağıllı işıqlandırma sistemi enerji sərfini 30%-dən çox azaldıb.

ABŞ-ın San-Fransisko şəhərində isə “IoT” əsaslı ağıllı parkinq sistemi yaradılıb, bu da sürücülərin boş yerləri tapmasını asanlaşdırır.
Kanadanın Toronto şəhərində “Sidewalk Labs” layihəsi şəhər planlaşdırılması və idarəsi üçün “IoT”dan istifadə edir.
Çinin Hangzhou şəhəri “ağıllı şəhər” texnologiyası ilə tıxacları azaltmaq üçün yol şəbəkəsini idarə edir.
Hindistanda Ağıllı şəhər layihələri “Digital India” proqramı ilə təşviq olunur.
Cənubi Koreyanın paytaxtı Seul şəhərində “IoT” texnologiyası ictimai ictimai nəqliyyat və təhlükəsizlik kameralarında istifadə olunur.
Sinqapurun “Smart Nation” layihəsi çərçivəsində ölkədə ağıllı işıqlandırma, ictimai nəqliyyat və səhiyyə sistemləri yaradılıb. Parkinq yerləri və zibil toplama sistemləri “IoT” ilə avtomatlaşdırılıb. “IoT”un tətbiqi ilə zibil qutularının doluluğunu təyin edən sistemlər tullantıların toplanmasını səmərəli edir.
3. Sənaye və istehsalat – “General Electric” zavodlarında “IoT” cihazları maşınların iş vəziyyətini izləyir və texniki problemlərin erkən aşkarlanmasına kömək edir. Qeyd edək ki, “IoT”un sənayedə tətbiqi ilə məhsuldarlıq 20%-ə qədər arta bilər.

Yaponiyada “Toyota” ağıllı avtomobillər istehsal edir və bu avtomobillər “IoT” vasitəsilə bir-biri ilə ünsiyyətdə olur.
İsveçdə enerjiyə qənaət etmək üçün ağıllı enerji şəbəkələri və istilik idarəetmə sistemləri tətbiq olunur.
4. Sağlamlıq və tibb – Bu sahədə “IoT” cihazlarının sayı 2022-ci ildə təxminən 3 milyard ədəd idi və 2026-cı ilə qədər 10 milyarddan çox olacağı gözlənilir. “Fitbit” və ya “Apple Watch” kimi cihazlar insanların ürək ritmini və fiziki fəaliyyətini izləyir.
Bu gün “IoT” texnologiyası tibbi cihazların uzaqdan monitorinqi üçün istifadə olunur. Bu, xroniki xəstəlikləri olan pasiyentlərin həyatını asanlaşdırır.
ABŞ-da “Johns Hopkins Medicine” “IoT”dan xəstə monitorinqində istifadə edir.
5. Ağıllı kənd təsərrüfatı – “IoT” sensorları torpağın rütubətini və hava şəraitini ölçərək suvarma prosesini optimallaşdırır. Ağıllı kənd təsərrüfatı texnologiyaları su sərfini 50%-ə qədər azalda bilir. Təsadüfi deyil ki, Hidistanda kənd təsərrüfatında suvarma və məhsul idarəsi üçün “IoT” cihazlarından istifadə edilir.
6. Sosial sahə - Yaponiyada “IoT” əsaslı yaşlı insanlara qulluq sistemləri yaradılıb.

Ümumilikdə götürdükdə 2023-cü ilə qədər dünya üzrə 15 milyarddan çox “IoT” cihazı aktiv olub və bu rəqəm sürətlə artırmaqdadır. “IoT” cihazları hər gün 5 kvintilyon bayt məlumat yaradır. Bir çox şirkət ağıllı buzdolabları istehsal edir. Bu cihazlar məhsulların istifadə müddətini izləyir və bitməkdə olan ərzaqları sifariş etməyə kömək edir. Lakin təəssüf ki, “IoT” texnologiyasının üstünlükləri çox olsa da, bu sahədə müəyyən təhlükələr də mövcuddur. Bu məsələ ilə bağlı ən narahatedici məqam kiber təhlükəsizliklə əlaqədardır. Belə ki, milyonlarla cihazın internetə bağlı olması onları haker hücumlarına qarşı həssas edir.
Digər təhlükəli məsələ məlumat məxfiliyinin qorunmasına risklərin yaranmasıdır. Belə ki, bu texnologiyadan yararlanma bəzən şəxsi təhlükəsizlik hüququ pozula bilir. Şirkətlər bu şəxsi məlumatları reklam və digər kommersiya məqsədləri üçün istifadə edə bilər ki, istifadəçilər nəzarət edə bilmədikləri bir çox şəxsi məlumatlarının toplanmasından narahat ola bilərlər.
Bundan başqa, “IoT” texnologiyasından istifadə idarəetmə və uyğunlaşma çətinlikləri də yarada bilir. Belə ki, bir çox “IoT” cihazı fərqli istehsalçılar tərəfindən istehsal edilir və bu, müxtəlif cihazların bir-biri ilə uyğunluq məsələlərini yarada bilər. Cihazlar arasında əlaqə və idarəetmə çətinləşə bilər, bu da istifadəçi təcrübəsini mənfi təsir edə bilər.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas