Medianews.az
Azadlıq sərhəd tanımır: <span style=color:red>Qanlı dirəklərdən BÖYÜK DİLƏKLƏRƏ - FOTO
178 baxış

Azadlıq sərhəd tanımır: Qanlı dirəklərdən BÖYÜK DİLƏKLƏRƏ - FOTO

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu bayram mənə daha doğmadır, çünki həmrəyliyə vasitə olan sərhəd hərəkatının 5 qadın üzvündən biri mənim anam - Əsədli Zeynəb Əsəd qızıdır. 31 dekabr 1989-cu il... Həmin günü heç vaxt unutmaram. Sovet qoşunlarının Cənubi Azərbaycanla sərhəddə durduğu bir zamanda bütün xəbərdarlıqlara baxmayaraq, sinəsini güllə qabağına verib tikanlı məftilləri sökmək hər kişinin işi deyildi. Həmin gün yuxudan duranda bayram süfrəmizin səhərdən hazır olduğunu gördüm. Anam artıq gecədən hər şeyi hazır etmişdi. Xalq hərəkatının fəal üvzlərindən biri kimi anam da müstəqil Azərbaycan qurmaq uğrunda canından keçməyə hazır idi. Onunla birgə bu yolu gedən məğrur qadınlarımızdan biri də Nəzakət Əsədova adlı tarixçi-alim idi. Məktəbli olsam da, uşaqlıqdan anamın evdə bizə təlqin etdiyi vətənpərvərlik və mübariz ruh, evimizdə hər axsam gedən siyasi söhbətlər bizim də siyasətə baxışımızı hələ uşaq yaşlarından formalaşdırmışdı. Balaca bacım yuxudan ayılmamış anam məni yanına çağırıb "vəsiyyətini" də eləmişdi - "Bu gün biz Cənubi Azərbaycanla bizi ayıran sərhədləri sökməyə gedəcəyik. Əgər rus əsgərlərinim gülləsinə tuş gəlsəm, evin böyüyü kimi bacını sənə tapşırıram, məndən sonra ona həm atalıq, həm də analıq edərsən". Anam mənə həyatda mübazir olmağı, əyilməməyi, dözümlü və səbrli olmağı da "vəsiyyət" edib dekabrın soyuq və şaxtalı son günü evdən çıxmışdı. İndiyədək yadımdadır, anamın arxasınca ağlamaq istəsəm də, içimdəki qürur məni onun sözləri qarşısında sındırmamış, anamın qəhrəmanlıq ruhunu özümdə yansıtmağa çalışmışdım. Həmin gün gözüm yollarda, qulağım səsdə qalmışdı. Anam olmadığına görə bayram süfrəsinə əl vurmağa əlimiz də gəlmirdi. Bacım balaca olsa da, o da içimdəki təlaşı hiss etmiş, sanki mənim həyəcanım ona da sirayət eləmişdi. Keçirdiyim o həyəcanlı 31 dekabr gününü ömrümün sonunadək unutmayacam. Yeni ilin girməsinə saatlar qalırdı. Biz bacımla birgə yorğana bürünüb pəncərə önündə qaranlıq küçəmizdən anamızın gəlməsini gözləyirdik. İl təhvil olurdu, biz isə 1990-cı ilə puç olmuş ümidlərlə yox, sevincli xəbərlərlə girmək istəyirdik. Saat 12-yə az qalmış blokun qabağında böyük bir maşın dayandı. Anam sərhəddən qayıtmışdı, əlində isə 2 böyük məftilli dirək var idi. Biz sevinərək pillələri aşağı qaçıb anamı qarşılamağa getmişdik. Anam bizim də köməkliyimizlə sərhəddən qopardığı məftilli dirəkləri evə gətirmişdi. Sevincimizin həddi-hüdudu yox idi. Anam bizə sərhəddə yaşadıqları hadisələri detallı danışır, biz isə özümüzü qəhrəman ananın qəhrəman qızları kimi təsəvvür edirdik. [caption id="attachment_764487" align="alignnone" width="1116"] Screenshot[/caption] 1989-cu ilin dekabrın 31-dən 1990-cı ilin yanvarın 1 -nə müstəqil və bütöv Azərbaycan görmək arzusu ilə qədəm qoyurduq. Amma 19 gün sonra bizi hansı faciələrin gözləməsindən xəbərsiz, işıqlı günlər arzusu ilə.... Biz 1990-cı ili Azərbaycanın müstəqillik salnaməsinə qanla yazsaq da, azadlığın qansız və itkisiz başa gəlmədiyini, döyüş ruhumuzun və əzmimimizin bizi sındırmadığını anladıq. Anladıq ki, Azadlıq verilmir, alınır, biz bu azadlığı tikanlı məftilləri sökə-sökə əllərindən qan axan, rus əsgərlərinin gözünə dik baxıb ölümdən qorxmayan qəhrəmanların, 19-20 yanvarda tanklar qarşısına əliyalın çıxan qəhrəman oğul və qızlarımızın, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda can verən 10 minlərlə şəhidimizim hesabına qazandıq. Tökdüyümüz qanlar bizi həmrəy etdi, acılarımız bizi bir etdi, çətin gündə birgə qərar verməyi, birləşməyi öyrəndik. 1990-cı ilin yayında öz həmrəyliyini bildirmək üçün Moskvadan Naxçıvana gələn Liderimiz də bizimlə bir oldu, yumruq oldu, dağ oldu, bizi qorudu və elə Naxçıvanda bizimlə bərabər yaşadığı qaranlıq və soyuq blokada günlərində 1990-cı ilin 31 dekabr gününü Həmrəyliik Günü kimi qeyd etdi. Ümummillli lider 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərərkən bu günün əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Biz bu hadisələrin içində idik, biz tarix yaşayırdıq, biz müstəqil Azərbaycanın müstəqillik salnaməsinin ilk səhifələrini yazırdıq. Və Mən əminəm ki, 1990-cı ilə sərhədsiz və məftilsiz qədəm qoyduğumuz günün arzusunu 2025-ci ildə Böyük Azərbaycan qurmaqla reallaşdıra biləcəyik. Anamın 31 dekabr 1989-cu ildə sərhəddən gətirdiyi Böyük Azərbaycanı bölən qanlı dirəkləri isə bugünədək evimizdə eksponat olaraq saxlamışıq. "Arazı ayırdılar Lil ilə doyurdular Mən səndən ayrılmazdım Zor ilə ayırdılar" - misralarını isə gələcəkdə: Araz şahid bir olaq Bir olaq yumruq olaq Səsim Təbrizdən gəlsin Şuşada birlik olaq" - deyərək görəcəyimiz günlər hələ qarşıdadır. Surə Seyid 31 dekabr 2024 Naxçıvan

Bizə qoşulun