Medianews.az
Əlacsızlıqdan atılan ADDIM: <span style=color:red>Avropa İttifaqı bununla göstərmək istəyir ki...
216 baxış

Əlacsızlıqdan atılan ADDIM: Avropa İttifaqı bununla göstərmək istəyir ki...

Avropa İttifaqı 2025-ci il fevralın 24-də Ukraynada hərbi əməliyyatların başlamasının ildönümündə Rusiyaya qarşı yeni, 16-cı sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Bu barədə "Welt am Sonntag" qəzeti məlumat yayıb. Məlumatlı diplomatlar nəşrə bildiriblər ki, yeni paket "Rusiya iqtisadiyyatının indiyədək sanksiyalarla kifayət qədər əhatə olunmayan xüsusi sektorlarına qarşı tədbirlər"dən ibarətdir. Halbuki, bu həftə Avropa İttifaqının sammiti zamanı Macarıstanın baş naziri Viktor Orban yeni sanksiyaları təsdiqləməkdən imtina etmişdi. O, Aİ liderlərinə yanvarın 20-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimini gözləməyi tövsiyə etmişdi. Bildirmişdi ki, yalnız bundan sonra qərar qəbul etmək niyyətindədir. Nəzərə alaq ki, Aİ artıq Rusiyaya qarşı 15 sanksiya paketini təsdiqləyib və onların qüvvədə olma müddəti hər altı aydan bir avtomatik uzadılır. Maraqlı tərəfi isə budur ki, sanksiyalara rəğmən, Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb. "Eurostat" məlumatlarına əsasən, Aİ oktyabrda Rusiyadan 687.5 milyon avro dəyərində neft almaqla alış həcmini 2024-cü ilin fevralından bəri ən yüksək həddə çatdırıb. Fevral ayında Avropa ölkələri Rusiyadan 690 milyon avroluq "qara qızıl" almışdı. Oktyabrda isə alışların artması ay ərzində Rusiya neftinin idxalını iki dəfə (91.3 milyon avrodan 185.9 milyon avroya) artıran Çexiya ilə bağlı olub. Macarıstana (233 milyon avro) və Niderlanda da (60,7 milyon avro) neft tədarükü artıb. Görünən budur ki, Aİ bir tərəfdən Rusiyaya sanksiya tətbiq edir, digər tərəfdən isə iqtisadi əməkdaşlığı artırır. Bunu necə başa düşmək olar? Mövzu ilə bağlı Medianews.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Aİ tətbiq etdiyi sanksiyalarla guya Rusiyanın enerjidən siyasi məqsədlər üçün istifadə etməsi hallarının qarşısını alır. Onun sözlərinə görə, əsl reallıqda Rusiyanın nefti Hindistana, oradan isə Avropaya satılır: “Avropa İttifaqı bu sanksiyalarla göstərmək istəyir ki, məhz o Rusiyanın enerjidən siyasi məqsədlər üçün istifadə etməsi hallarının qarşısını almaq istəyir. Rusiya kimi təcavüzkar ölkə ilə heç bir iqtisadi əlaqədə olmamasını bu yolla ortaya qoyur. Əslində isə Rusiyanın nefti Hindistana və oradan Avropaya gedir. Rusiya neftindən alınan neft məslullarının ixracı ötən illə müqayisədə bu il 3 dəfədən çox artıb. Ancaq Avropa buna göz yumur. Avropa İttifaqı digər tərəfdən Rusiyanın təbii qazını almasa da, maye qazı alır. Yəni, bu, sadəcə əlacsızlıqdan və enerjiyə olan tələbatını qarşılamaq üçün atılan addımdır. Sadəcə olaraq bunu birbaşa yox, dolayısı yolla həyata keçirirlər. Siyasi qərar kimi isə Avropa İttifaqı göstərir ki, guya Rusiya ilə heç bir münasibətdə olmaq arzusunda deyil və onu minimallaşdırmaq siyasəti yürüdür. Reallıq isə başqa şey deyir”. Nailə QASIMOVA

Bizə qoşulun