Noyabrın 30-da Dövlət Departamenti ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller isə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib ki, rəsmi Vaşinqton yaxın həftələrdə Gürcüstana əlavə sanksiyalar tətbiq etmək niyyətindədir. O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib. M.Millerin sözlərinə görə, yaxın həftələrdə hər kəsin görməyə hazır olduğu başqa tədbirlər də davam edəcək.
ABŞ-nin bu addımı Gürcüstanı öz xarici siyasət kursunu dəyişməyə məcbur edəcəkmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Yusif Bağırzadə bildirib ki, istər ABŞ, istərsə də Avropa İttifaqı ölkələrinin Gürcüstanla bağlı qərarları təəssüf doğurur.
Onun qənaətincə, uzun illər ərzində özlərinin strateji tərəfdaşı adlandırdıqları ölkəyə qarşı bu şəkildə kampaniyanın aparılması həmin güclərin indiyə qədər Gürcüstanla münasibətlərdə səmimi olmadıqlarını sübut edir: “Xarici agentlər haqqında” qanunun qəbulu, seçki prosesi və sair məsələlərlə bağlı iradlar bəhanədən başqa bir şey deyil. O cümlədən Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilin sonuna qədər dondurması haqqında qərara etiraz da əslində bəhanədir. Birincisi ona görə ki, Gürcüstan hakimiyyəti belə bir qərar qəbul etməzdən əvvəl də Qərb tərəfindən maliyyənin dayandırılması, sanksiyaların tətbiqi və sair məsələlərlə bağlı addımlar atılmışdı. Elə oktyabrda seçki kampaniyası dövründə hakim “Gürcü Arzusu” partiyasının əsas şüarının “Avropa İttifaqına doğru” olmasına baxmayaraq, Gürcüstan hakimiyyətinə təzyiqlər davam edirdi. İkincisi isə Gürcüstan hakimiyyəti Avropa İttifaqına üzvlüklə bağlı öhdəliklərdən imtina etmir və indiyə qədər bu istiqamətdə üzərinə düşən vəzifələri icra etdiyi kimi, bundan sonra da həmin vəzifələrdən doğan tələbləri icra edəcəyin bəyan edir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Gürcüstan hakimiyyəti uzun illər ərzində olduğu kimi, hələ də Rusiyanın təmsil olunduğu bu və ya digər birliklərdə iştirak etmir. Yəni, Gürcüstan Qərbin “dostu” olan Ermənistandan fərqli olaraq, nə KTMT-nin, nə Avrasiya İqtisadi İttifaqının, nə də MDB-nin üzvü deyil. Hətta özünün əsas strateji müttəfiqi olan Azərbaycan və Türkiyənin israrlarına baxmayaraq, Rusiya var deyə 3+3 formatında da iştirak etmir. Amma Qərb bununla kifayətlənmək istəmir”.

Y.Bağırzadə vurğulayıb ki, Qərbə Ermənistan kimi sözəbaxan, müti, müstəqil siyasət yürütməyən və lazım olan halda Rusiyaya qarşı ikinci cəbhə açacaq Gürcüstan lazımdır: “Rəsmi Tbilisi Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti kimi Qərbin maraqlarından deyil, məhz Gürcüstanın dövlət maraqlarından çıxış etdiyi üçün hazırda bu şəkildə təzyiqlərlə üzləşir. Təzyiqlər və qəbul edilən qərarlar, bundan sonra gözlənilən sanksiyalar təbii olaraq Gürcüstan iqtisadiyyatına və ölkə daxilində vəziyyətə bu və ya digər şəkildə təsirini göstərəcək. Amma bunun mövcud Gürcüstan hakimiyyətini öz müstəqil xarici siyasət kursundan imtina edərək, bu kursun dəyişdirilməsi istiqamətində addımlar atacağına gətirib çıxaracağını düşünmürəm. Çünki mövcud hakimiyyət bu kimi təzyiqlərin olacağını əvvəlcədən bilirdi. Bu da o deməkdir ki, onlar buna müəyyən mənada hazır idilər”.

Politoloq söyləyib ki, Qərbin Gürcüstana indiki təzyiq kampaniyası get-gedə öz təsirini itirəcək: “Xüsusilə də ABŞ-nin yeni prezidenti Donald Trampın andiçməsindən sonra Ağ Ev tərəfindən bu şəkildə təzyiq kampaniyasının davam etdirilməsi dayandırılacaq və ya ən azından yumşaldılacaq. ABŞ-nin təzyiqi olmadan Avropa İttifaqının Gürcüstanı öz siyasətindən imtina etməyə məcbur etməsi inandırıcı deyil. Xüsusilə də indiki zamanda, yəni Avropa İttifaqının iki aparıcı ölkəsi olan Fransa və Almaniyanın daxili siyasi-iqtisadi böhran yaşadıqları dövrdə bu təzyiqlərin effekti zəifləyəcək”.
Nailə QASIMOVA