Medianews.az
Suriyaya gedən İLK XARİCİ HEYƏT: <span style=color:red>MİT başqanının Dəməşq səfərinin PƏRDƏARXASI
239 baxış

Suriyaya gedən İLK XARİCİ HEYƏT: MİT başqanının Dəməşq səfərinin PƏRDƏARXASI

“Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Təşkilatı – MİT) başqanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir. Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir. Aydındır ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib. Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var”. Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O, Suriyanın milli pulunun dəyərdən düşməsinə diqqət çəkərək vurğulayıb ki, hazırda Dəməşqdə Türkiyə lirəsi işlənir. Politoloqun qənaətincə, məhz bu kimi səbəblərdən Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib: “Bu, Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Antoni Blinken artıq Ankaraya gedib, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər. Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər”. E.Şahinoğlu bütün bu hadisələr fonunda İranın mühafizəkar dairələrinin Türkiyə və Azərbaycana dil uzatmaqda davam etdiklərini söyləyib: “İranın ali dini liderinin müşaviri Vilayəti Bakı ilə Tehran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib. Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışıqlar dondurulmayıb. Azərbaycan İranla sərhədin daha yaxşı qorunmasıyla bağlı ona görə təlimlər keçirib ki, sərhəd daha yaxşı qorunsun, İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın və Tehran “niyə Azərbaycanla yalnız Türkiyə ilə hərbi təlimlər keçirir” yanaşmasından əl çəksin. Ancaq faydası yoxdur, yenə Azərbaycanı hədəf almaqda davam edirlər. Bu dəfə Türkiyəni də hədəf seçiblər”. Politoloq söyləyib ki, İranın mühafizəkar dairələri Əsəd rejiminin yıxılmasından yaman dilxor olublar: “Bu təbiidir. Əsəd Suriyada Tehranın maraqlarını təmin edir, İrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı “Hizbullah” qruplaşmasına çatmasına yardımçı olurdu. Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, türmələrdə çürütməsi İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. Əksinə, İranın ali dini lideri Əli Xamenei deyib ki, Əsədin süqutunda ABŞ, İsrail və “qonşu dövlətlərdən birinin” rolu olub. Xamenei “qonşu dövlətlərdən biri” dedikdə Türkiyəni nəzərdə tutub. Yəni Xameneinin məntiqinə görə, Əsəd rejimini ayaqda saxlamaq olardı, sadəcə böyük qüvvələr buna mane oldu. Əsəd rejiminin ayaqda qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi. Hər ikisi Əsəddən üz çevirdi, əks halda silahlı müxalifət döyüşsüz 12 günün içində şəhərləri və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə Əsədin xiffətini çəkirlər”. Nailə QASIMOVA

Bizə qoşulun