Politoloq təəssüflə vurğulayıb ki, Yaxın Şərqdə hər zaman fərqli örnəklər olub. Onun sözlərinə görə, Suriya üçün ən pisi odur ki, bu bölgədə müxtəlif dövlətlərin maraqları kəsişir və böyük oyunçular ölkədə pay sahibi olmağa çalışacaqlar. E.Şahinoğlu deyib ki, Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir.
İran şahının aqibətini yaşayan diktator
Politoloq Suriya paytaxtının ələ keçirilməsindən öncə prezident Bəşər Əsədin ölkədən qaçmasına da diqqət çəkib. Qeyd edib ki, vaxtilə İran şahı da oxşar aqibəti yaşayıb: “İran şahı 1979-cu ildə ölkədən qaçanda heç bir ölkə, o cümlədən ağası Amerika Birləşmiş Ştatları ona bir müddət sığınacaq vermək istəmirdi. Şahın təyyarəsi az qala enməyə hava limanı tapmırdı, onu qəbul etmək istəmirdilər. Vəziyyəti mürəkkəbləşdirən şahın xərçəng xəstəliyinin ağırlaşması idi, ona təcili tibbi yardım lazım idi. Vaşinqton şaha ona görə sığınacaq vermək istəmirdi ki, İrandakı yeni rejimi qıcıqlandırmaq istəmirdi. Şah müvəqqəti Misirdə qərar tutdu, orada da öldü. Şah ölməmişdən əvvəl ona qısa müddətə ABŞ-da müalicə almasına icazə verildi. Vaşinqton İrandakı yeni rejimlə dil tapmayacağını anladıqdan sonra şahın ailəsinə ABŞ-a köçməyə icazə verdi. Bu mənada Bəşər Əsəd üçün də sığınacaq tapmaq asan olmayacaq. Sığınacaq yeri kimi Əsədin müttəfiqləri Rusiya və İranın adı çəkilir. Moskva Əsədə sığınacaq versə, Suriyadakı iki hərbi bazasını qorumaq çətin olacaq. Çünki, Suriyadakı yeni rejim Əsədi geri istəyəcək, Rusiya isə bu ölkədəki hərbi bazaların fəaliyyətini davam etdirmək istəyir. Tehran üçün də çətindir. İrandakı rejim vaxtilə zalım şahı ABŞ və Misirdən geri qaytarmağı tələb edir, onun mühakimə olunmasını istəyirdi. İndi əgər Əsəd İranda sığınacaq tapacaqsa, eyni ilə Suriyadakı rejim də Əsədin mühakimə olunması məqsədilə onu Tehrandan tələb edəcək”.
Əsəd rejiminin 12 gün içində yıxılmasının səbəbi
E.Şahinoğlu söyləyib ki, Suriyada İdlibdən başlayan hücumun 12 gün içində qələbə ilə nəticələnəcəyini və 53 illik Əsəd rejiminin belə asanlıqla yıxılacağını proqnozlaşdırmaq mümkün deyildi: “Belə fikir formalaşmışdı ki, Əsəd illər öncə başlayan müharibədə Rusiya və İranın köməyi ilə hakimiyyətini qoruya bildiyindən gücünü bərpa edə bilib. Ərəb dövlətləri və Türkiyə də bu reallığı qəbul edərək Əsədlə yenidən təmasların mümkünlüyünü bildirirdilər. Ötən ilin may ayında Əsəd 12 illik fasilədən sonra Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən sammitinə dəvət olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son aylarda Bəşər Əsədlə dialoq imkanlarından danışırdı. Əgər ərəb dövlətləri və Ərdoğan Əsədin bir il sonra yıxılacağını proqnozlaşdıra bilsəydilər, onunla yenidən dialoq qurmağa çalışardılarmı? Çətin. Fikrimcə, “Heyət Tahrir eş-Şam” qruplaşmasının uğurlu hərbi əməliyyatına baxmayaraq, Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır. Bu analizin içində Əsəd hakimiyyətinin gücü, hücum başlayacağı halda xalqın və ordunun özünü necə aparacağı, Rusiya, İran və “Hizbullah”ın rejimə dəstək imkanları hesablanıb. Bu dərin analizin yalnlz “Heyət Tahrir eş-Şam”a məxsus olduğu qənaətində deyiləm. Bundan sonra həmin dərin analizin müəllifi və ya müəllifləri Suriyanı maraqlarına uyğun şəkilləndirməyə çalışacaqlar”.
“Suriyadakı yeni hakimiyyət Tehranla müttəfiq münasibətlər qurmayacaq”
Politoloq deyib ki, İranın mühafizəkar dairələri qısa zaman kəsiyində illərin iki müttəfiqini itirib: “İsrail “Hizbullah”ın liderlərini, komandirlərinin əksəriyyətini öldürərək təşkilatı zəiflətdi, Suriyadakı silahlı qruplar isə Bəşər Əsədi devirdilər. İranda islam inqilabından bu yana Tehran bu iki müttəfiqi vasitəsilə rəqiblərinə meydan sulayırdı. İrandakı mühafizəkar qüvvələr məhz Suriya və “Hizbullah”ın imkanlarıdan istifadə edərək İsraillə mübarizə aparırdı. İran Suriyanın hava sahəsindən istifadə edərək İsrailə zərbələr endirirdi. İranın mühafizəkar dairələrinin əlindən bu imkan çıxdı. Birincisi, Suriya üzərindən İranla “Hizbullah” arasında quru əlaqəsi ortadan qaldırıldı. İkincisi, Suriyada yeni qurulacaq hakimiyyət ata və oğul Əsəd dövründə olduğu kimi Tehranla müttəfiq münasibətlər qurmayacaq. Ona görə, “İranın mühafizəkar dairələri” ifadəsini işlədirəm ki, baş verənlər ali dini lider və SEPAH-dan fərqli olaraq, mötədil Prezident Məsud Pezeşkianın maraqlarına cavab verir. O ali dini lider və SEPAH-dan fərqli olaraq, İranın məhdud maliyyə resurslarının ölkə daxilində istifadə olunmasının tərəfdarıdır. Halbuki, mühafizəkar qüvvələr İranda yaşayanların ağır iqtisadi və sosial vəziyyətinə rəğmən, Əsəd rejiminin və “Hizbullah”ın ayaqda qalması üçün hər il on milyardlarla dollar xərcləyirdi. Pezeşkian bundan sonra həmin milyardların İranda xərclənməsinə çalışacaq. Suriya olayları İranı başqa dövlətlərin daxili işlərinə qarışmaqdan və bölgədəki silahlı qrupları dəstəkləməkdən çəkindirməlidir. Əks halda dəyişikliklər Suriya ilə yekunlaşmayacaq”.
Samvel Fərmanyanın sayıqlaması
E.Şahinoğlu Suriyada yaşanan olaylara Ermənistandan verilən reaksiyalara da diqqət çəkib: “Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın sabiq mətbuat katibi Samvel Fərmanyan Suriyadakı son hadisələr fonunda Bəşər Əsədin 2009-cu ildə İrəvana səfərini xatırlayaraq bunları yazıb: “Bəşər Əsəd Serj Sərkisyana deyib ki, Dəməşq Ankara ilə münasibətləri normallaşdırmağa başladığına görə “erməni soyqırımını” tanıya bilməyəcək. Serj Sərkisyan Əsədə cavab olaraq dedi ki, “Siz türkləri yaxşı tanımırsız, nəticələr fərqli ola bilər”. Mən 2014-cü ildə deputat kimi Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri kimi Dəməşqə səfər etdim. Bəşər Əsədlə görüşdük. Əsəd mənə dedi ki, Serj Sərkisyan haqlı idi, mən türkləri yaxşı tanınamışam”. Samvel Fərmanyan bunları ona görə xatırlayıb ki, guya Bəşər Əsədi Türkiyə devirib”.
“Türkiyə əleyhinə siyasət hələ heç bir dövlətə xeyir gətirməyib”
Politoloq bildirib ki, Suriyada 14 il bundan əvvəl başlayan qanlı hadisələrin Türkiyə ilə əlaqəsi yoxdur: “O zaman insanlar rejimə qarşı ayağa qalxmışdılar. Əsəd rejimi onlara divan tutdu. Buna baxmayaraq, ermənilər heç zaman Əsədin xalqına qarşı törətdiyi qətliamlardan danışmadılar. Çünki, Moskva və Tehran kimi İrəvan da Əsədi özününkü sayırdı. Xalq müxalif silahlı qruplara dəstək verməsəydi, Türkiyə Əsədi 12 günə devirə bilərdimi? Serj Sərkisyanın “uzaqgörənliyinə” qaldıqda isə, onun özü də 2009-cu ildə Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır idi. Necə olur Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olan Sərkisyan Əsədə Türkiyə məsələsində ağıl verib? O ki qaldı, Əsədin “erməni soyqırımını” tanımamasına, 2020-ci ildə Suriya parlamenti qondarma erməni soyqırımını tanıyıb. Türkiyə əleyhinə siyasət hələ heç bir dövlətə xeyir gətirməyib”. Ərtürk İSMAYIL