Böyük Britaniyanın “The Mirror” nəşri xəbər yayıb ki, İraqda qızların evlilik yaşının iki dəfə azaldılması ilə bağlı
qanun layihəsi müzakirə olunur. Məlumata görə, qanun layihəsi İraqdakı ultra-mühafizəkar müsəlman partiyalarının alyansı tərəfindən parlamentə təqdim edilib.
Nəşr bildirib ki, artıq İraq parlamentində qızlar üçün nikah yaşının 18-dən 9-a endirilməsi ilə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib. İndi sənədin dövlət başçısı tərəfindən təsdiqi gözlənilir. İraq hökuməti izah edib ki, nikah yaşının aşağı salınması ölkəni İslam qanunlarının daha düzgün şərhinə yaxınlaşdıracaq və gənclərin əxlaqsız münasibətlərdən qorunmasını təmin edəcək.

Maraqlıdır, İslamda evliliyin, o cümlədən qızların nikah yaşı neçədir? Bu kimi məsələlər dinimizdə, onun müqəddəs kitabında necə tənzimlənir? Nikah yaşının aşağı salınması doğrudanmı cəmiyyəti, dövləti İslam qanunlarının daha düzgün şərhinə yaxınlaşdıra, gənclərin əxlaqsız münasibətlərdən qorunmasını təmin edə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, evlilik yaşının aşağı salınması kimi qərar qəbul edilməzdən qabaq cəmiyyətin, xüsusən qızların belə bir hala psixoloji cəhətdən hazır olub-olmadığı dəqiqləşdirilməlidir.

İlahiyyatçı-alimin sözlərinə görə, cəmiyyətdə gənclər arasında əxlaqsızlığın, zinanın geniş yayılmasının səbəbləri öyrənilməli, əxlaqsızlığın vüsət kəsb etməsinin evliliklə, evlilik yaşı ilə əlaqəsinin olub-olmadığı üzə çıxarılmalıdır: “Qızlarda ilk menstruasiya hadisəsi baş verdikdə orqanizm fiziki-bioloji baxımdan ana olmağa hazır vəziyyətə gəlir. Bunu təbabət də təsdiqləyir. Yerdə psixoloji hazırlıq məsələsi qalır ki, bu da cəmiyyətin, yaxud yerli mühitin sosial konyunkturasından, evlilik ənənələrindən asılıdır. Qız uşaqlarının erkən yaşda ərə verildiyi cəmiyyət və mühitlərdə qızlar buna psixoloji cəhətdən hazır olurlar. Elə bizim ənənəmizdə də bunun şahidi oluruq. Ötən əsrin 20-30-cu illərində ailə həyatı qurmuş nənələrimizin əksəriyyəti ər evinə gedərkən 12-14 yaşında olublar. Şəxsən mənə bu məsələdə bir çox fakt məlumdur. İndi isə dövr dəyişilib, erkən yaşda evlilik təcrübəsinin tətbiq edildiyi yerlər məhdud sayda qalıb”.

Fəlsəfə doktoru E.Məmmədov deyib ki, İslam dininin əsas arqument bazası sayılan ayə və hədislərdə qız uşaqlarının evlilik yaşına dair göstəriş mövcud deyil: “Erkən yaşda evlənmiş Həzrəti Aişə faktına gəlincə, bu, həmin dövrün səciyyəvi ərəb mühitini əks etdirir. Bu faktdan utanmaq, onu qeyri-ənənəvi yozumlara təhkim etmək problemdən çıxış yolu deyil. Hansısa dövrdə, cəmiyyətdə baş verən halları həmin dövrə və cəmiyyətə aid sosial paradiqmalarla izah etməliyik. Müasir dövrdən keçmişə baxdıqda çox şeyin bizə qəribə görünməsi təbiidir. Həmçinin bu faktı, bu tarixi presedenti fərqli mühitlərə şamil etmək düşüncəsizlik olardı. Həzrəti Aişə faktı presedentdir, hər bir dövr və mühitdə tətbiq ediləcək dini hökm deyil. Ümumiyyətlə, İslam dinində evliliyin konkret yaşı göstərilmir. Çünki İslam dinamik və çevik yanaşma tərzi ilə seçilir. Qız uşaqlarının evlənməyə hazır olmaları sosial məsələdir. Odur ki, İslam bunu bu və ya digər cəmiyyətin öz öhdəsinə buraxıb. İslam istəyir ki, qız uşağının ailə qurmağa fiziki və psixoloji baxımdan hazır olduğu yaş mərhələsi evlənmədə əsas meyar seçilsin”.
Ərtürk İSMAYIL