Avropa İttifaqının (Aİ) Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər.
Ötən gün saat 13:10-da “müşahidəçilər” Aİ-yə məxsus iki ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiətilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.
Ermənistana məxsus bir ədəd “Niva” və bir ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn dörd “müşahidəçi” və dörd erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb. Müşahidə Laçın yolu istiqamətinə doğru aparılıb.

Aİ-nin casus missiyasının aktivləşməsi onu deməyə əsas verir ki, Ermənistan bu dəfə COP29 öncəsi daha genişmiqyaslı təxribatları məhz Görüş istiqamətində planlaşdırır. Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydləri”, Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, sülh sazişi ilə bağlı danışıqlarda rəsmi İrəvanın daha qeyri-konstruktiv mövqe tutması da buna əyani misaldır. Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, 2018-ci ildə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsi ilə bu ölkədə Avropa missiyalarının, siyasi missionerlərin sayı artmağa başlayıb.

Onun sözlərinə görə, 2021-ci ildən sonra bu proses daha da güclənib: "Sözün əsl mənasında, Ermənistanda hörümçək toru yaradılıb. İki istiqamətli missiya formalaşıb və bu missiyanın biri sözdə humanitar, yəni Avropa İttifaqının müşahidə missiyasıdır. Hansı ki, orada daha çox Fransa xüsusi xidmət orqanlarının əməkdaşları var. Onlar Ermənistan ərazisində Azərbaycan, Türkiyə, həmçinin İranla sərhəd bölgələrdə müəyyən işlər aparırlar. Bununla yanaşı, ABŞ hərbi missiyası da Ermənistanda mövcuddur. Onlar da öz növbəsində üzərlərinə düşən işləri həyata keçirirlər. Yəni, Ermənistan ordusunu yenidən komplektləşdirir, döyüş hazırlığını artırır, silah və texnika parkını yeniləyirlər. Fransa da bu prosesdə həm birbaşa, həm də dolayısı ilə iştirak edir. Əsas məqsədlərdən biri də təbii ki, Azərbaycan ordusunun mövqelərini, dislokasiya yerlərinə öyrənməkdir”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan ordusunun bütün mövqeləri, hərbi hissələri dislokasiya olduğu bölgələr ayrı-ayrılıqda Fransa və ümumən Ermənistanda mövcud olan Qərb qüvvələri üçün olduqca maraqlıdır: “Bu baxımdan onların aktivləşməsi təbii qəbul olunmalıdır. Biz azərbaycanlı kimi danışmasaq, neytrallıq naminə üçüncü tərəf kimi fikir bildirsək, onların bu maraqları bəllidir. Ermənistan dövlətinə, hərbi strukturlarına məsləhətlər verirlər. Amma hesab edirəm ki, Fransanın bu addımları yalnız COP29-la bağlı deyil. Ümumiyyətlə, Azərbaycanın hərbi strukturunun, sisteminin, dislokasiya bölgələrinin öyrənilməsi ilə bağlıdır. Əsas məqsəd, tapşırıq bununla bağlıdır. Hesab edirəm ki, bu, olduqca kiçik məsələdir. Dislokasiya yerlərinin öyrənilməsi heç də müharibənin taleyinə təsir edən bir məsələ deyil. Çünki indiki hərbi hissələrin böyük əksəriyyəti mobil imkanlara malikdir. Şəxsi heyət də daxil olmaqla bu hərbi hissələr sürətli daşınma, yerdəyişmə funksiyalarına malikdir. Bu baxımdan bu cür addımlar təxribat xarakteri daşıyır. Sözdə Ermənistanın maraqlarına xidmət etmək, əslində isə problemlərin yaradılması istiqamətin atılan addımlardır”.
Nailə QASIMOVA