Kanada və Avstraliyada misli görünməmiş kütləvi arı ölümlərindən sonra gözlər arıçılıq sənayesinin aparıcı ölkələrindən biri olan Türkiyəyə çevrilib. Dünyada pətək sayına görə 2-ci, bal istehsalında isə 6-cı yerdə olan Türkiyədə ciddi itkilərin olduğu bildirilir. Kütləvi ölümlərin ən böyük səbəbi kimi pestisidlərin şüursuz istifadəsi və praktiki olmayan arıçılıq təlimləri göstərilir.
Medianews.az xəbər verir ki, Kanadada ötən ay başlayan kütləvi arı ölümləri ölkədə görünməmiş itkiyə səbəb olub. İş o yerə çatıb ki, Kanada yeni koloniyaların yaradılması üçün ABŞ, Çili, Yeni Zelandiya, Danimarka, Ukrayna, İtaliya və Maltadan ana arıların idxalına icazə verəcəyini açıqlayıb. Kütləvi arı ölümləri səbəbindən sektorun itkisinin 1 milyard dolları keçə biləcəyi bildirilib. Kanadada bu il arı ölümlərinə “varroa” adlı parazitin səbəb olduğu göstərilir. Lakin arıçılığın təsirləndiyi ölkə təkcə Kanada deyil. Son zamanlar Avstraliyanın arıçılıq sənayesinin sel və meşə yanğınlarından hər zamankindən daha çox mənfi təsirləndiyi bildirilir.
Məlumata görə, Düzce Universiteti Arıçılıq Araşdırma, İnkişaf və Tətbiq Mərkəzi Müdiri Meral Kekeçoğlu Türkiyədə arı ölümlərinin bölgə miqyasında da dəyişdiyini ifadə edərək, “bu il Güneydə ciddi itkilər oldu, hətta bütün arılarını itirən arıçılar var. Ən böyük səbəb pestisidlərin və heç vaxt müəyyən edilməmiş virusların təsiridir. Kütləvi arı ölümləri ilə maraqlanmalıyıq, ərzaq və kənd təsərrüfatının gələcəyi arıların qanadındadır”,-deyə bildirib.
Kanada Bal Şurasının direktoru Con Van Alten bildirib ki, tarixi səviyyədəki itkilərdən sonra iyulun ortalarında real mənzərə ortaya çıxacaq.
“Kanadada bal arılarının təxminən 50 faizi tələf oldu. Arıların davamlılığı ilə bağlı işçi qrupu yaradılıb. Bundan sonra ana arı istehsalı diqqət mərkəzində olmalı və təşviq edilməlidir. Hələlik sənaye qeyri-müəyyən gələcəklə üz-üzədir”.
Leyla, Medianews.az