EFES-2022 təliminə qatılan ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Arlington gəmisinin komandiri general-mayor Frensis Donovan Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin edilməsində mühüm rola malik olduğuna diqqət çəkib.
Meidanews.az xəbər verir ki, amerikalı general “Qara dənizdə təhlükəsizliyin təmin edilməsində Türkiyənin roluna böyük əhəmiyyət veririk”, – deyə açıqlama verib.
9 May-9 İyun tarixləri arasında keçirilən EFES-2022 təlimində iştirak edən USS Arlington gəmisi, təlim bitdikdən sonra İzmir Alsancak limanında lövbər salaraq qapılarını jurnalistlərin üzünə açıb.
Jurnalistlərlə görüşdə çıxış edən “USS Arlington” gəmisinin komandanı general-mayor Frensis Donovan Türkiyədə olmaqdan qürur duyduqlarını bildirib: “İzmir şəhəri həqiqətən isti və qonaqpərvərdir. Onlar bizə və əsgərlərimizə çox xoş münasibət bəslədilər. Buna görə xoşbəxtəm. Mən də Türkiyədə olmaqdan qürur duyuram. Burada əməkdaşlığımızı möhkəmləndirmək çox gözəldir”.
Türk Dəniz Qüvvələri ortağımızdır. Bizim imkanlarımız bir-birimizə inamımıza və NATO-nun gücünə əsaslanır. Qara dənizin iqtisadi rifahı bu sabitlikdən asılıdır. Biz Türkiyənin Qara dənizdə təhlükəsizliyin təmin edilməsində oynadığı rola böyük əhəmiyyət veririk. Bu çətin günlərdə Efes təlimi bu birliyin çox gözəl nümunəsini təqdim etdi. ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun bu alyansdakı öhdəliyi bizə bu gün və gələcəkdə qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Heç bir ölkə təkbaşına beynəlxalq təhlükələrlə üzləşə bilməz. Amerikanın 6-cı donanması adından əməkdaşlığımızı gücləndirdiyinə görə Türkiyəyə təşəkkür edirəm”.
Qeyd edək ki, Türkiyədə keçirilən “Efes-2022” çoxmillətli hərbi təlimlər İzmir bölgəsində təşkil olunmuşdu. İyunun 9-da başa çatan təlimdə 37 dost və müttəfiq ölkən, 10 mindən çox şəxsi heyət iştirak edib. Sözügedən təlimə Azərbaycan hərbçiləri də qatılmışdı. Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Medianews.az