“Həştərxana gedən gəmi bənd olur,
Qayıdıb gələndə yükü qənd olur.
Qızların gözləri gözə bənd olur.
Bala, bənd olur, gülüm, bənd olur, belə bənd olur”.
(Azərbaycan xalq mahnısından)
Hörmətli akademik, AMEA prezidenti Ramiz Mehdiyevin başı üzərində yenə qara buludlar dolaşır. Gah hansısa Elton müəllim onu məhkəməyə verir, gah tarixdən dərs almağa bacarmayan özündən tarixçilər tərəfindən alçaldılır, təhqir olunur. Hətta onun baldızının polisdə yüksək vəzifə tutan oğlu Levan Qurskaya adlı hörmətli yoldaşı da işdən çıxardılar. Açıq-aşkar ədalətsizlikdir.
Lakin onun əleyhinə çıxan bu südəmər körpələr başa düşmür, hətta deyərdim anlamaq istəmir ki, (Anar müəllim məhz belələri haqda “Anlamaq dərdi” adlı gözəl poema yazmışdır) Ramiz müəllim Bakı Dənizçilik Məktəbini 1957-ci ildə bitirmişdir, qoca dəniz qurdu, bir kapitandır, ömrü boyunca belə tufanlara, ştormlara, qasırğalara, tornadolara çox sinə gərmişdir, yüzlərlə, minlərlə aysberq bu milli “Titanik”ə çırpılıb darmadağın olmuş, buz qırıntısına dönmüşdür. Bu gün hər bir azərbaycanlı gənc yaşamağı, daim suyun üzündə qalmağı, həyat mübarizəsini, intriqa qurmağı, mürəkkəb siyasi-ictimai durumlar qayırıb oradan zərərsiz, əksinə, qazancla çıxmağı Ramiz müəllimdən öyrənməlidir. Məndə dəqiq məlumat var, amerikalı klassik yazıçı Herman Melvill hələ 19-cu əsrdə yazdığı ünlü “Mobi Dik” romanının baş qəhrəmanı olan qorxmaz kapitan Ahab surətini Ramiz Mehdiyevin fırtınalı həyatından təsirlənərək yaratmışdır. Bunu yalnız bir faktla isbat eləmək olar ki, roman İsmayıl adlı dənizçinin rəvayətləri əsasında qələmə alınır. Azərbaycanda isə İsmayıl adı geniş yayılıbdır. O cümlədən, Ramiz müəllim Şah İsmayıl irsinin görkəmli tədqiqatçısıdır. Səfəvilər tarixi haqda saysız kitablar yazmışdır.
Ramiz müəllimin düşmənlərinin arqumentləri də gülüncdür. Məsələn, biri deyir onun 83 yaşı var, getsin pensiyasını yesin. Guya adam çox qoca olanda akademiyanı idarə edə bilməzmiş. Halbuki, tarixi mənbələrdə, Şampolyonun araşdırdığı Rozetta daşındakı yazılı kitabədən, Tutanhamonun sərdabəsindən çıxan mumiya qalıqlarından da elmə məlumdur ki, qədim Misirdə kahinlər ölənəcən rəhbər vəzifə tuturdular. O biri dünyaya yollananda isə mütləq baş kahinin yanına bir neçə akademik, institut direktoru və aspirantlar öldürülüb qoyulurdu ki, rəhmətliyə axirətdə qulluq eləsinlər. Firon 17-ci Ramizesin ehramından tapılan elmlər namizədi, laborant mumiyaları çoxdan dünya elminə məlumdur, indi siz kitab oxumursunuzsa, mən buna neyləyim? Sözgəlişi, Salyanın 2500 illiyini qeyd eləyən icra başçısı Tahir müəllimi də vəzifədən uzaqlaşdıranda siz susurdunuz.
Bu hala (hansı hala, açığı yadımdan çıxdı), qədim Yunanıstanda Platonun akademiya sistemində də rast gəlinmişdir, ona görə Aristotel həmişə deyərmiş ki, Əflatun (Amaşov) mənim dostumdur, lakin Vüqar Səfərlinin pulunu alıb azadlığa buraxmaq yaxşı olardı.
İkinci çox çürüyü çıxan arqument isə belənçikdir ki, guya Ramiz müəllim alimlərə işləməyə imkan vermir. Bah. Gedin qarnınızı qaşıyın. Dombalaq aşın. Başınızı divara vurun. “Elmlər” metrosunda qatar gələndə tunelə yıxılın. Bilmirəm, hansısa üsul tapıb cəhənnəmə vasil olun. O qədər sizə nifrət edirəm. Ramiz müəllim 3-4 il olar barxanasını, yorğan-döşəyini daşıyıb tamamən ora köçübdür, bəs ondan qabaqkı illərdə Akademiya nə işlə məşğul idi? Boş-boş laqqırtı, mənasız müdafiələr, qatıq bankasının ağzına yamamağa da layiq olmayan elmi işlər… Akademiyanın bütün institutlarını toplasan, tərəzinin bir gözünə də Ramiz müəllimin “Lenin və kommunistlər arasında opportunizm” məqaləsini qoysan, ikinci ağır gələr. Kişi alimlərimiz nərd atmaq, qadın alimlərimiz də corab toxumaqla məşğuldur da bə. Guya Nobel mükafatını vedrə-vedrə alırmışlar, Ramiz müəllim gəlib, qoymayıb. Allah hamınıza ağıl versin.
İndi söz əlaqədar təşkilatlarındır.