Yolların qırağındakı yağış barmaqlıqlarını oğurlayıb satmaq istəyən adam haqda yazmışdım. Prokurorluğun məlumatından hər barmaqlığın qiyməti ortaya çıxmışdı və görünürdü ki, vaxtilə bunları çox baha qiymətə dövlət büdcəsinə sənədləşdiriblər. Yəni, faktiki, həmin işdə ikinci dəfə oğurluq baş vermişdi. Lakin prokurorluq nədənsə küçədən dəmiri oğurlayanı və hətta bir müddət sonra onu metal sexinə qəbul eləyəni də tutdu, ancaq həmin dəmirləri şəhərin, dövlətin büdcəsinə baha qiymətə sırıyanlara güldən ağır söz deyilmədi. Necə ki, özünə xaricdən bir-iki telefonu qaçaqmal yolu ilə gətirmək, gömrük vergisindən yayınmaq istəyəni tuturlar, lakin milyonlarla manatı vergidən yayındıran azadlıqda kef eləyir. Sovet vaxtı bu gülünc praktika modda idi. Məsələn, mənim yadıma gəlir, bir kənddə dükançını 20 qəpiyə görə tutmuşdular. İyirmi milyonları qamarlayan raykom katibləri isə kef eləyirdi. Həmin dövlətin axırı necə oldu, bunu məndən gözəl bilirsiniz. Korrupsiya dövləti dağıdan birinci xəstəlikdir.
Ümumiyyətlə, bu işdə dövlətə bir neçə qat ziyan vurulur. Birinci saxta tender keçiriləndə. İkinci, baha qiymətə barmaqlıq alınanda. Üçüncü, barmaqlıq söküləndə. Dördüncü, oğru tutulub türmədə bir neçə il dövlət hesabına saxlanılanda. Hələ bunun davamlı tsikllər şəklində təkrarlandığını demirəm.
Dünən yuxarıda yazdığım barmaqlıq əhvalatının tam oxşarına rast gəldim. Bu dəfə işıq dirəkləri şəklində. Şirvanda bədbəxtin birisini tutmuşdular, şəhər parkından 5 işıq dirəyini oğurlayıbmış. Hələ “camaat niyə bu kökdədir ki, parklardan dirək oğurlamağa məcburdur” sualını qoyaq qalsın, xəbərdə dövlətə 2880 manat ziyan vurulduğu qeyd olunmuşdu.
Belə çıxır dirəyin 1 dənəsi 576 manat imiş. Camaat 200-300 manat pensiya ilə günü-günə birtəhər calamağa çalışır, Şirvan Şəhər Kommunal Təsərrüfat İdarəsi isə adi işıq dirəklərinə bu qədər vəsait sərf eləyir. Nə matah şeydir bu dirəklər? Görəsən, niyə? Bu dirəyin bir az ucuzunu qoymaq olmazmı? Onsuz çox zaman həmin dirəklərin başında işıq olmur. Bakının özündə bir çox parklarda gecə saat 12-dən işıqları söndürürlər.
Əlbəttə, mən başa düşürəm, bizim analoqu olmayan inkişafımızı işıqlandırmaq üçün bahalı dirəklər lazımdır. Lakin işıq pulunu artırmasınlar, dirəyin pulunu bir az da Tarif Şurasına versinlər. Hamıya görüm-baxım lazımdır. Hər kəs yemək istəyir. Ölkəmizdə aclara yer olmamalıdır.
Pensiyalardan yazdım, bu yaxında Füzuli rayon sakini Həsən Quliyevin sosial təminat idarəsindən narazılıq məktubunu dərc etmişdim. O, pensiyası hesablananda vaxtilə çalışdığı özəl şirkətin hesabından pensiya fonduna ödədiyi vergilərin nəzərə alınmadığını deyirdi. Nəhayət nazirlik ona cavab yazıb və deyir: “Sizə 25 illik iş stajınıza görə 2021-ci ildən 216 manat 25 qəpik pensiya yazmışdıq. Bu il yanvarın 1-dən isə qanuna edilən dəyişikliyə görə pensiyanız 240 manata çatdırılmışdır”. Yəni adamın sualına heç bir cavab verilmir, əvəzində muştuluq istəyirlər ki, gözün aydın, pensiyan 24 manat artacaq.
Eyni zamanda adam fikirləşir ki, ey dadi-bidad, 25 il işləyəndən sonra cəmi 240 manat pensiya almaqla indiki şəraitdə necə yaşamaq olar? Xəstəlik, dərman-filan pullarını eləmir. Gəl gör hələ istirahətə-zada gedəsən. Biz belə şeyləri xarici kinolarda görmüşük. Hərçənd, bizim bəzi pensioner məmurlara Almaniyada, Britaniyada, Ərəbistanda, Amerikada, Parisdə-filanda rastlaşmaq olur. Bunlar köhnə terminlə yazsaq, fəxri təqaüdçülərdir. Vaxtilə xalqın qanını yaxşı sorduqları üçün fəxri adlar, medallarla təltif olunublar, yaşlı vaxtlarında da gəzib-dincəlirlər.
Çalışmalıyıq işıq pulu da işıq dirəklərinin qiymətinə qədər qalxsın.