“Onlar danışırlar, qışqırırlar. Balacaları deyirəm. Elə bil ki… Elə bil ki, adada vəziyyət çox pisdir”.
(Uilyam Qoldinq, “Milçəklərin tanrısı”)
Böyük alman idealist filosofu Hegel Tanrının dünyanı hər şeydən öncə söz, ideya şəklində yaratdığını, sonra materiya formasına saldığını irəli sürmüşdü. Doğrudan da, nəsə bir zad qayırmaq istəsən, öncə onun adı adamın ağlına girir. Örnək üçün, bizdə müxalifət belə yaranmışdır. Ancaq bəzən söz ağılda yaranır, ideya olur, ortaya heç bir şey çıxmır. Buna da misal olaraq İsmayıllı yelsəpet zavodunu göstərə bilərik.
O qədər kiçik olmayan dahi azərbaycanlı filosof Ramiz Mehdiyev isə Hegelin iddiasını rədd etmişdir. Əsas tezislərdən biri belədir: “Əgər Hegel haqlıdırsa, niyə Almaniya dağılır?” Ramiz müəllim dünyadakı hər bir şeyin puldan törədiyini, Tanrının beynində ilkin ideyanın pul olduğunu irəli sürmüşdür. İddianın poetik təsdiqi də vardır: “Adəmi Adəm eyləyən paradır, Parasız adamın üzü qaradır”. Mirzə Ələkbər Sabir bu şeiri yazdığı üçün Ramiz müəllim onun heykəlini akademiyanın böyründə qoydurmuşdur.
Mən bu iki böyük alimin, dahinin mübahisəsinə qarışmaq istəmirəm. Atalar demişkən, iki dəvə əlləşəndə otluq xarab olar. Biz də rəiyyətik, balaca ot-mot kimi adamlarıq, kirimiş durmalıyıq. Ancaq bu diskussiyanın yadıma düşməyinin elmi səbəbləri olmamış deyildir.
Diqqətli oxucular fikir verdilər, mən bayaq “velosiped” sözünü “yelsəpet” kimi yazdım. Bu, Azərbaycan dilinin orfoqrafiya, yazı qaydalarını pozmaqdır. Lakin mən xalqın dilini yazıya gətirməyin tərəfdarıyam, üstəlik, bu halda deyiliş və anlam çox uyğun gəlir. “Velosiped” latın dilində “iti ayaq” mənası verirsə, “yelsəpet” də “yel, külək kimi gedən” oxuna bilər.
Dilçi alimlərimizin yeni orfoqrafiya lüğəti qayırması, lakin ora “hörümçək” sözünü salmaması hazırda böyük mübahisələrə səbəb olmuşdur. Burada Hegel xəttini seçsək, ola bilsin sözü akademiyanın müdiri Ramiz müəllimin tapşırığı ilə lüğətdən çıxarıblar. Nəyə görə? Axı hörümçək bizdə mənfi mənada işlənir: “Filankəslər hörümçək kimi monopoliya qurub xalqın qanını sorur”, “Məmurların hörümçək torundan çıxa bilmirik”, “Uşaqlar dünya hörümçək torunun – internetin mənfi təsiri altındadır” və sairə. İndi söz olmasa, mənfi nəticələri də olmayacaqdır. Məsələn, bu saat xalqın nə sözü, səsi var, nə də pulu. Bəlkə pulun səsi var, reklamlarda hərdən eşidirik, qulağımız doyur.
Bədbəxt cücüyə yeganə yaşamaq şansını dindarlarımız verir, o da vaxtilə mağaranın ağzında tor qurduğuna görə.
Sözgəlişi, bunun özü də bir absurd haldır ki, hazırda bizim kinoteatrlarda “Hörümçək adam” kinosunun növbəti bölümü göstərilir, ancaq lüğətimizdə “hörümçək” sözü yox imiş. Nə hörümçək var, nə adamlıq, lakin kinosu gedir. Möcüzədir. Azərbaycanın analoqu olmayan inkişafına növbəti sübutdur.
Adını çəkdim, yaxşı yadıma düşdü: fikir versəniz bizdə ana dilimizin adı “Azərbaycan dili” olaraq yazılır. Böyük hərflə. Əslində isə bütün dil adları bizdə kiçik hərflə başlamalıdır: rus dili, türk dili, ingilis dili və sairə. Bəs Azərbaycan dili niyə böyük yazılır? Bəlkə ana dilimizə böyük hörmətə görədir? Yox. Səbəb odur ki, belə adda dil yoxdur. Türk dili var. Bizə isə hökumət zor-xoş təzə dil adı sırıyıb, məcburuq onu böyük başlayaq, çünki respublikanın adıdır, ayıb olar.
Sonda onu qeyd edim ki, hazırda ölkəmizdə adını yazmağı bacarmayan böyük kütlə yetişir. Sən də hörümçəyin dərdini çəkirsən.