Dünən 20-ci əsrə möhür vurmuş 3-5 dövlətdən biri olan SSRİ-nin (Sovet Sosialist Respublikalar İttifaqı) yarandığı gündür. 1922-ci ilin 30 dekabrında yaranan bu azman dövlət 1991-ci ilin 26 dekabrında süqut edib.
Ancaq SSRİ yoxdan, heçdən yaranmış dövlət deyildi. O, Rusiya imperiyasının küllərindən yaranmışdı və süquta uğrayanda da öz küllərini müasir Rusiyaya miras qoydu.
Ona görə də postsovet məkanında və sosialist düşərgəsi ölkələrində bu dövlətin adı SSRİ olsa da, Qərbi Avropada və ondan uzaqlarda bu dövləti sadəcə “Rusiya” kimi tanıyırdılar və əsl həqiqət də bu idi.
Prinsipcə, federativ dövlət olan, tərkibinə çoxlu və müxtəlif statuslu muxtar qurumlar sığışdıran-sıxışdıran qırmızı Rus imperiyası əslində sırf unitar dövlət kimi fəaliyyət göstərirdi. 15 müttəfiq respublikanın, çoxsaylı muxtar respublikaların və diyarların ən adi qərarları Moskvanın razılığı olmadan qəbul etmək hüququ yox idi.
1922-ci ildə SSRİ yaradılarkən öz yaxın qonşularının ərazilərini işğal etmiş, özü üçün çoxlu müstəmləkələr yaratmış Rusiya idarəetməni asanlaşdırmaq üçün formal olaraq ucqar əyalətlərini “milli mənzillər”ə bölmüşdü. SSRİ Rusiya, Belarusiya, Ukrayna və Qafqazın üç ölkəsini (Azərbaycan, Gürcüstan, Ermənistan) birləşdirən Zaqafqaziya SFSRin əsasında yaradılmışdı.
1936-cı ildən sonra Kreml Orta Asiya xalqlarına da “müstəqillik” verdi və bu ərazidəki muxtar qurumlar “respublika” statusu qazandılar. Beləliklə, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan SSRİ-nin tərkibinə “müttəfiq respublika” kimi daxil oldular. Bu arada Zaqafqaziya SFSR da dağıldı, Azərbaycan, Gürcüstan və Ermənistan SSRİ-nin tərkibində ayrı-ayrı respublikalara çevrildilər.
İkinci dünya müharibəsinə 11 “müttəfiq respublika” ilə girən SSRİ müharibədən 15 respublika və bütöv bir müstəmləkə arxipelaqı ilə çıxdı. Litva, Latviya, Estoniya və Moldova SSRİ-nin tərkibinə “müttəfiq respublika” kimi qatılarkən, məğlub olmuş Almaniyanın şərqində yaradılmış ADR, eləcə də Polşa, Rıminiya, Bolqarıstan, Macarıstan və Çexoslovakiya “çexlərin və slovakların təsis etdiyi dövlət) sırf Kreml tərəfindən idarə olunan müstəmləkə dövlətlərinə çevrildilər.
Yuqoslaviya və Albaniya sosialist ölkələrinə çevrilsələr də, ambisiyalı liderləri İosip Broz Tito və Ənvər Xocanın iradəsi ilə daha müstəqil siyasət yeritdilər və loru dillə desək, Moskvaya endirmədilər.
Sonrakı illərdə SSRİ imperialist siyasətini davam etdirdi və rəhbərlik etdiyi sosialist düşərgəsini xeyli böyütdü. Bu düşərgəyə Monqolustan, Vyetnam, Kamboca, Kuba, Nikaraqua, Əfqanıstan kimi ölkələr daxil oldu. Şərqdə də kommunist rejimi tərəfindən idarə olunsa da, Moskvaya boyun əyməyən dövlət ortaya çıxdı – Çin.
Hazırda bir çoxları SSRİ-ni “bütün zamanların yeganə fəhlə-kəndli dövləti” adlandırır və idealizə edirlər, amma bu təsbit həqiqətə uyğun deyil. Bolşeviklərin qurduğu dövlət heç vaxt fəhlə-kəndli dövləti olmayıb. İnqilabın ilk illərində bu dövlətdə yüzminlərlə fəhlə normal iş rejimi və çörək tələb etdiyi üçün güllələnib. Onlar yeni rejimin “fəhlə-kəndli dövləti” olmasına arxayın olub, çar dövründəki kimi mitinqə çıxıblar və qırmızı gülləyə tuş gəliblər. 1918-ci ildə təkcə Həştərxanada bir gündə 4 min fəhlə güllələnib.
30-cu illərdə isə Ukrayna və Qazaxıstanda milyonlarla kəndli becərdikləri taxılın dövlət tərəfindən müsadirə olunması üzündən acından ölüb, başqa respublikalarda isə bir az artıq var-dövləti (öküzü, kotanı, mal-qarası) olan milyonlarla kəndli “qolçomaq” adıyla repressiyaya məruz qalıb.
“Proletariatın dahi rəhbəri” adlandırılan Leninin hakimiyyət dövrü tarixdə “qırmızı terror illəri” kimi qalıb. 1922-34-cü illər arasında dövləti nə cür idarə edəcəklərini bilməyən, xalqın güzəranını təmin etməyi bacarmayan bolşeviklər, nəhayət, 30-cu illərin əvvəlindən kollektiv təsərrüfatlar yaratmağa başlayıblar və SSRİ xalqlarına böyük faciələr yaşadıblar.
Bunun üstünə Stalin repressiyası gəlib. “Xalqlar atası” 1934-cü ildə keçirilən partiya qurultayında ona səs verməyən, Sergey Kirovu yeni rəhbər kimi görən köhnə bolşeviklərin – “sadiq leninçilər”in qırğınına başlayıb və bütün SSRİ ərazisində onları təqib edərək “trotskiçi” kimi məhv edib. Bu kampaniyada on minlərlə günahsız, sıravi adamlar da məhv edilib.
II dünya müharibəsindən hamıdan çox, 20 milyondan artıq insan qurban verməklə qalib çıxan SSRİ əsrin ortalarını türmə arxipelaqları yaradaraq və onları məsum insanlarla, ucuz işçi qüvvəsi ilə ləbələb dolduraraq keçirib. Sonra Xruşovun “mülayim illəri” başlanıb. Yenə də dövləti idarə etməyi, əhalini yedirtməyi bacarmayan sovet rəhbərləri SSRİ xalqlarına aclıq və səfalət çəkdiriblər.
Brejnevin hakimiyyəti dövrünün əvvəllərində pis-yaxşı iqtisadi sabitliyə, müəyyən iqtisadi inkişafa nail olan dövlət baş katibin hakimiyyətinin və ömrünün son illərində yenidən tənəzzülə meyllənib. Kağız üzərində məhsul istehsalına dair şişirdilmiş və saxta rəqəmlər özünü ərzaq və geyim dükanlarının boş piştaxtalarında göstərib. Ölkəni bürüyən qıtlıq, çatışmazlıq ta Qorbaçov hakimiyyətinin son dövrünə qədər davam edib.
Başını başlara qoşaraq silahlanmaya, zorla əldə saxladığı müstəmləkələr milyardlar xərcləyən SSRİ bu “yarışma”da özünü düzəldə bilməyib, bir də ermənilərin fitnəkarlığı ilə millətlərarası nifaq başlayınca dövlətin çürümüş sütunları sarsılıb çökməyə başlayıb. Nəhayət, 1991-ci ilin dekabrında SSRİ-nin tabutuna son mismar çalınıb.
SSRİ-nin mövcud olduğu 69 ili ümumiləşdirsək, açar kəlmələr bunlar olar: Aclıq və səfalət, müharibələr, qan-qada, repressiyalar, milyonlarla insanın salındığı türmələr, müxtəlif kampaniyalar, yalançı vədlər, imkanı olan hər kəs tərəfindən sosialist əmlakının dağıdılması, insan əməyinin istismarı, ölkənin intəhasız çöllərinin digər respublikaların gəncləri hesabına məskunlaşdırılması, gizli yeridilən ruslaşdırma siyasəti, kütləvi rüşvətxorluq və s.
Bununla belə, SSRİ-nin uzun çəkməyən ömrünün ikinci yarısındakı mütərəqqi məqamları da qeyd etmək lazımdır: pis-yaxşı şikayəyə baxanlar vardı, təhsil və səhiqqəy pulsuz idi, möhtəkirlik və rüşvətxorluq cəzalandırılırdı, milli, dini nifaqı qızışdıranlar əl-qol aça bilmirdi, ölkənin ən ucqarlarından çıxan istedadlar dövlətin bütün sahələri üzrə ən yüksək zirvələrə gedib çıxa bilirdilər və s.
Amma bu gün “SSRİ-də rüşvət yox idi, hər şey əla idi” demək düzgün olmaz. Bu ölkənin tarixində rüşvət də hər zaman olub, korrupsiya da. Partiya xadimləri Leninin vaxtında da yaxşı, yüksək rifah içində yaşayıblar, Stalinin dövründə də, Xruşovun, Brejnevin, Qorbaçovun hakimiyyəti illərində də. Partiya burjuaziyası hər zaman fərqli həyata malik olub, sadəcə, onların varidatların miqdarı indikilər qədər olmayıb, bir də özlərini cəzasızlıq mühitində hiss etmələri fərqli olub. Köhnələr daima səksəkə içində olublar, indikilər çox arxayındırlar.