Bu ölkədə çoxdan belədir: verilən təklifin, qaldırılan təşəbbüsün özünə yox, təklif verənin, təşəbbüs qaldıranın şəxsiyyətinə baxırlar.
Əgər təşəbbüsü qaldıran adam “ictimai rəydə vurulmuş”, adı “qara siyahıya düşmüş” biridirsə, qızıl xırdalasa da, hoydu-hoyduya götürüləcək, təklifi də, özü də yerdən-yerə vurulacaq.
Yox, adam “ictimai rəydə müsbət obrazda” tanınan şəxsdirsə, tərəfdarları və dəstək qrupları qaldırılan təşəbbüsü “müdrik və aktual”, “kreativ”, “praqmatik” elan edəcəklər.
Deputat Aqil Abbasın adı xeyli vaxtdır “qara siyahı”ya salınıb, nə desə, adı isimin bütün hallarında hallandırılır, tənə, məzəmmət, qınaq, yamanlama-pisləmə hədəfi olur.
İlk dəfə deputatı hədəf taxtasına “işləmək lazımdır, bekarçılıq bir şey deyil” məzmunlu açıqlamasına (“Soğan əkin” məsələsi) görə çıxarmışdılar. O söhbət hələ də ara-sıra təkrarlanır.
Bu günlərdə isə Aqil Abbasın yay tətilində tələbə-inşaat dəstələri yaratmaq və Qarabağın bərpasında onların qüvvəsindən istifadə etmək barədə çağırışı dillər əzbəri, kütləvi qınaq, istehza hədəfi olub.
Birincisi, deputatın təmsil olunduğu qanunvericilik orqanında bu kimi təşəbbüs və təkliflərlə çıxış etməsi normaldır, olmaması qəbahətdir. Bizdə isə 124 deputatın eyzən susan, xeyrə-şərə yaramayan, heç bir təşəbbüslə çıxış etməyən 100-nü qırağa qoyub, az-çox işləyən, danışan, mövqe bildirən 20-ni “psixoloji terror”a məruz qoymaq şakəri var.
İkincisi, məsələyə son yüz ilin ən stajlı siyasətçisinin – 60 ildən artıq İsrail dövlətinin rəhbərliyində təmsil olunmuş Şimon Peresin prizmasından yanaşaq.
Vəfat etməzdən bir-iki il qabaq Kiyevdə tələbə gənclərin qarşısında çıxış edən Peres demişdi ki, İsrail müstəqillik qazananda ərazisi yaşayış üçün heç bir şəraiti olmayan, daşlıq, bataqlıq, tikanlıq olan bir yer olub, ancaq İsrail oğulları gecə-gündüz, istirahətsiz, muzdsuz çalışaraq bu yerləri cənnətə döndəriblər. Özünün heç vaxt istirahət etmədiyini deyən prezident gənclərə yaxşı ölkə, normal gələcək qurmaq üçün çox işləmələrini tövsiyə etmiş və böyük alqış qazanmışdı.
Bəs indi biz tələbələrin Qarabağın bərpası işində iştirakı barədə təklifə nə deyirik? Əsasən belə deyirik: “Aparıb pulsuz işlədəcəklər”; “bunlara havayı işçi qüvvəsi lazımdır”; “dövlətin pulunu xərcləsinlər”; “kimsə orada restoran, supermarket işlədəcək, xalqın balasını kölə kimi işlətmək istəyirlər”; “görünür, Aqil Abbas Qarabağda obyekt tikmək üçün yer alıb, müftə fəhlə axtarır” və s.
Maraqlıdır, bir çoxları bu təşəbbüsə, eləcə də “tələbə-inşaat dəstələri” məsələsinə “sovetdənqalma” damğası vura-vura sırf bolşevik təbiri ilə çıxış edir, cəmiyyəti “ağalar və qullar”a, “ağlar və qaralar”a bölür, məsələlərə sinfi mübarizə müstəvisində yanaşırlar. “Burjuylar” Qarabağda, Şuşada özləri üçün istismar obyektləri quracaqlarmış, kasıb tələbələr də təhkimli kəndli kimi onların qapısında biyara gedəcəkmiş.
Bu məntiqlə biz Qarabağı almamalıydıq, ermənilərə buraxmalıydıq. Almışıqsa, demək, onu yenidən bərpa etməliyik. Bundan ötrü yəhudilər kimi ellikcə işləmək, hətta ardıcıl ümumxalq iməcilikləri keçirmək lazımdır. Çünki o bərpa işlərinə 100 milyarddan çox pul getməlidir və dövlətin maliyyə gücü buna yetmir. Üstəlik, on illərlə vaxt lazımdır. Biz isə istəyirik bir neçə ilin içində Qarabağı abad edək, abadlaşdıraq, insan yaşayan hala gətirək.
Şuşada, Qarabağda ticarət, xidmət, iaşə müəssisələri, əlbəttə, olacaq. Bu obyektlərdən pul qazananlar da az olmayacaq. İndi onlara acıq edərək Qarabağda yaşayışı bərpa etməyək? On minlərlə ev, yüzlərlə məktəb, xəstəxana, bağça, kitabxana, mədəniyyət evi tikilməlidir. Bunları başa gətirmək üçün ya öz qüvvəmizdən yararlanmalıyıq, ya da BƏƏ şeyxləri kimi gedib Hindistandan, Banqladeşdən fəhlə gətirməliyik.
Aqil Abbas heç də tələbələrin müftə işləməli olduğunu deməyib, 300-400 manat maaş almalarını nəzərdə tutub. Düzdür, bu çox deyil, amma az da deyil. 2-3 ay bekar oturmaqdansa, şəhərdə, kənddə veyillənib çayxanalarda telefonda qurdalana-qurdalana gün keçirməkdənsə, dərslər açılana qədər işləmələri, pul qazanmaları daha yaxşı olar. Həm də bir az zəhmət görərlər, çölçülüyə alışarlar, yoldaşlığın qədrini bilərlər.
Sovet vaxtı tələbə-inşaat dəstəsinə üzv olmaq üçün tələbələr mübarizə aparırdılar. Ən yaxşı oxuyanları, fərqlənənləri aparırdılar. Aparılmayanlar narazı qalırdı, dekana, rektora şikayət edirdilər.
O illərdə tələbə-inşaat dəstəsi ilə Rusiyanın şəhər və qəsəbələrində işləmiş, öz ölkəmizdə pambıq toplanışında iştirak etmiş keçmiş tələbələrdən soruşun, görün, həmin dönəmi necə xiffətlə, həsrətlə xatırlayırlar. Hamısı o günləri həyatlarının ən gözəl dövrü sayır. Bu gün onlara deyən olsa ki, “tələbə olsanız, yenidən pambığa, inşaata gedərsinizmi”, hamısı bir ağızdan “bəli” deyər.
Ona görə ki, auditoriyadan fərqli olaraq kamp həyatı daha romantik və mənalıydı. Mütləq hamının o günlərə dair işıqlı hekayətləri var. Biz, keçmiş məzunlar, görüşüb söhbətləşəndə daha çox pambıq toplanışında iştirak etdiyimiz günlərin xatirələrindən danışırıq.
Bu yazını ona görə yazmadım ki, Aqil Abbasla salam-kalamımız var, qələm yoldaşıyıq, həm ona görə yazdım ki, adamın nə qədər elcanlı, səxavətli, üstünə yardım üçün gələnlərə kömək edən biri olduğunu, “burjuy” olmadığını bilirəm, həm də onun qaldırdığı təşəbbüsün müsbət tərəflərinin daha böyük olduğuna inanıram.
Bu yazını yazarkən tələbə oğlumun ağzını aradım, dedim, gedib Qarabağda işləyərsənmi. Oğlum dedi ki, kollektiv şəkildə aparsalar, gedər, 400 manat maaş isə… bəs edər. Daha sonra əməkdaşlarımız başqa tələbələr arasında da sorğu keçirdilər, onların da cavabı eyni oldu. Yəni müəyyən qazancları, maraqları olsa, gedib işləyərlər. İndiki dövrdə isə heç kəsi ağır işdə müftə işlətmək olmaz. Tikinti işi, funksiyası əcnəbi qonaqlara zal qapısı, tualet səmti göstərməkdən ibarət olan “könüllü”lük deyil.