Özəl taksi şirkəti (“189 taksi”) yaratmış bir gənc var, bu il hökumət onu “Yüksəliş” adıyla keçirdiyi kadr müsabiqəsində qaliblər sırasına saldı. 20 min manat da mükafat verdilər, düzü, bilmirəm o pul şirkətin müdirinə çoxmu lazım idi. Təzəlikcə isə nəqliyyat naziri həmin gənci “Bakı Taksi” MMC adlı qurumuna müdir düzəltdi.
Çox gözəl “yüksəliş”dir. Dünyanın başqa ərazilərində uğurlu biznes qurmuş adamı (müsabiqədə yüksəlibsə, deməli, işləri pis getmirmiş – məntiq belə deyir) heç kim zorla da olsa sürüyüb dövlət işinə gətirə bilməz, çünki özəl sektordakı qazancın onda biri dövlət sektorunda yoxdur. Ancaq korrupsioner sistemlərdə insanların “hökumət qulluğunun ləzzətinə” (Haqverdiyevin ölməz qəhrəmanı Kərbəlayı Zal demişkən) tamah salması dəbdir. Örnək üçün, bu dəqiqə İlon Maskı döyə-döyə də ABŞ dövlətinin kosmik projelərinə şef qoymaq mümkün olmaz. Nəyinə lazımdır, özünün dağ boyda kosmik şirkəti varsa…
İkincisi, görəsən, taksi işi niyə dövlətin fəaliyyət sahəsi olmalıdır? Yuxarıdakı misalımıza qayıtsam, təsəvvür eləyin, ABŞ-da kosmik projelərlə NASA dövlət agentliyi ilə yanaşı Maskın “SpaceX” şirkəti, Riçard Brensonun “Virgin Galactik” şirkəti, “Boinq”, “Lokhed Martin”, “Makdonel Duqlas” və sairə, onlarla sayda şirkət məşğul olur. Biz isə adi taksiyə sərbəstlik verdiyimizə peşmanlıq çəkirik. Sanki Biləcəridən “20 Yanvar”a getmək Marsa uçmaq qədər ağır, məsuliyyətli vəzifədir.
Bizdə monopoliya ilanının ağzından qurbağa kimi qurtulmuş bir-iki sahə varsa, onun biri elə taksi şirkətləridir. Rəqabətə görə taksilər ucuzdur, faktiki bizdə ucuzluğunu qoruyub saxlayan yeganə xidmət sektorudur. Lakin hökumət buna da əl qoymaq üçün daim can atır, müxtəlif konfiqurasiyalar, kələklər fikirləşirlər. Məsələn, elə vaxtaşırı “əxlaqsız təklif edən taksi sürücüləri saxlandı, cərimələndi”, “taksidə işləyənlər şəhəri tanımır, kobudluq edir” tipli söz-söhbətlərin süni tirajlanması bu məqsədlədir.
Axırda elə vəziyyət yaradacaqlar camaat taksiyə depozit qoyub minəcək. Bunu təzə öyrənmişəm, deyir Bakıda bir çox restoran-kafelər müştərilərdən masaya oturmazdan öncə depozit pul istəyirmiş (çox və mənasız bahalığına görə biz restoran xəbərlərini qiyabi əldə etməyə məcburuq). Hansısa müəyyən, konkret məbləği kassaya qoymasan sənə heç yer vermirlər. Kasıbçılığın və iqtisadi tərəqqimizin üzü qara olsun, biz niyə, yaxud nə yedik bu kökə düşdük?
Ancaq bu depozit sistemi mənim xoşuma gəldi. Bəlkə bunu bütün sferalara tətbiq eləsək yaxşı olar. Tutaq ki, kimisə deputat qoymuşuq. O da sabah polisə kəllə atdı, mandatı ləğv olundu, basdılar içəri. Yaxud tikinti şirkəti açdı, bir evi yeddi nəfərə satdı, fırıldağın, dələduzluğun zirvəsini fəth etdi, axırda öldü, borcları qaldı havada. Bəs millətin səsi necə oldu? Təklif edirəm deputatlığa namizədlərdən indən sonra depozit vəsaiti alınsın. Səs depoziti. 3 milyon, 5 milyon manat – nə qədərini ekspertlər toplaşıb hesablayar. Depoziti qoysun, deputat olsun, sonra problem çıxanda pulları seçicilərə paylayaq. Ət, yağ, qaz durbası şəklində. Vaxtilə bizdə buna oxşar təcrübə qeyri-leqal şəkildə var idi, sonra unuduldu. Söz olaraq da depozit deputat sözünə çox oxşayır, ikisini də harasa qoyursan.
Sonda Baş Prokurorluqdan xahiş edərdim öz xəbərlərini mümkün qədər açıq yaysınlar. Çünki orada internet saytlarına, media qurumlarına xəbərdarlıq etmək (özü də ofisə çağıraraq) artıq dəbə minir, lakin biz hər bir jurnalistin konkret günahını başa düşmürük. Prokurorluq adətən “İnformasiya haqqında” qanunun 13-2-ci maddəsinin pozulduğunu bəyan edir. Ümumi şəkildə. Orada isə terrorun təbliğindan pornoqrafiya yaymağa, intihara təşviqdən dövlət dilini qorumağacan min dənə (yalan olmasın, əslində 10-12 bənd var) maddə yazılıb.
Ümid edirəm hələlik taksilərdən yazmağa sərbəstlik verilmişdir.