Ölkəmizdə yüksək mənsəbli məmurların korrupsiya və rüşvətxorluğunun, aşağı ranqlıların isə aylıq xəractoplama və xalturasının bu şəkildə tüğyan etməsinin əsas üç baiskarı var.
Onlardan birincisi mənsəbindən sui-istifadə edib sərvət toplamaq istəyən acgöz, tamahkar məmurlardır, ikincisi qanunsuz işlərini aşırmaq, neqativ əməllərinə göz yumulmasını istəyən iş-güc adamlarıdır, üçüncüsü isə korrupsioner və rüşvətxorlara qahmar çıxanlardır.
Bu dəfə üçüncülərdən danışacağıq. Onların əlindən hansısa sahədəki neqativlikləri, buna məsul olan vəzifəli şəxsləri tənqid etmək olmur. Dərhal toplaşırlar, müdafiəyə keçirlər, tənqid olunanı tərifləyib göyə qaldırır, tənqid edənləri ən yumşaq halda, tənqid edir, pis halda söyüb-yamanlayırlar.
Başqa vaxt onlar özləri də ölkədəki problemlərdən, ədalətsizlikdən gileylənirlər, tənqidi fikirlər səsləndirirlər, hətta “ölkə yaşanmaz hala gəlib” deyə sərt rəy bildirirlər, amma söhbət onlara yaxın olan, işləri aşan bir məmurun tənqidinə gəlirsə, birmənalı müdafiəyə keçirlər.
Elə çıxır ki, bütün sahələrdə neqativ hallar xirtdəkdəndir, amma bircə onların yaxın adamının rəhbərlik etdiyi sferada güllük-gülüstanlıqdır.
Təhsil naziri Emin Əmrullayevin brifinqdə dediyi bəzi fikirlərə görə peşəkar mediada, sosial şəbəkədə tənqid olunması zamanı bu tendensiya bütün çılpaqlığı ilə üzə çıxdı.
Nazirin müdafiəçiləri arasında bir neçə kateqoriyadan olan adamlar vardı: ona səmimi şəkildə inananlar, işi keçdiyi üçün yaltaqlananlar, iqtidar komandasının əbədi təəssübkeşi olanlar, naziri yeni nəslin təmsilçisi sayanlar və s.
Bir də elə adamlar vardı ki, illərdir mövcud iqtidara qarşı sərt müxalifətdədirlər, hər gün ona ilişməyə səbəb və bəhanə tapırlar, dövlət strukturlarının hamısını yerdən-yerə vururlar, amma yalnız təhsil nazirinə münasibətdə loyallıq nümayiş etdirirlər. Onlar son olayda isə sinələrini qabağa verib naziri müdafiə etdilər. Xeyirdirmi? Təhsil Nazirliyindəki durum ölkə reallıqları çərçivəsindən kənarda və fərqlidirmi?
Hamımız bilirik ki, elə deyil. Təhsil sferasında problemlər, neqativ hallar həddindən çoxdur. 25 ildən artıqdır belədir. Bir türlü həll etmək olmur və bu gedişlə həll etmək mümkün olmayacaq. Çünki məsələyə yanaşma yanlışdır, məktəblərdə tüğyan edən xırda çaplı korrupsiyanın legitimləşdirilməsi, rüşvətə “ianə” adı qoyulması xətti götürülüb. Bu isə cəmiyyət tərəfindən xoş qarşılanmır, tənqid olunur.
Naziri müdafiə edənlər isə məsələni şəxsiləşdirir. Yaxşı, razılaşaq, gənc nazir savadlıdır, xaricdə oxuyub, islahat aparmaq istəyir, dürüstdür, əli korrupsiyaya bulaşmayıb. Ona görə də o tənqid olunmasın. Bəs təhsil sferasındakı problemlər necə olsun? Bu barədə heç kəs danışmasın?
Təkcə bu fakt göstərir ki, müdafiəçilərin çoxu səmimi deyil və etdikləri hərəkət yalnız şəxsi mənafe daşıyır. Həmin vəzifədə özlərinə yaxın şəxs yox, bir başqası olsaydı, onlar sferadakı problemin ən sərt tənqidçiləri olacaqdı.
Bir bu deyil. İstənilən nazirin, komitə sədrinin fəal dəstəkçilər qrupu var. Son vaxtlar onlara “trol dəstəsi” də deyilir. Bu qrupa daxil olan şəxslər müdafiəsinə qalxdıqları vəzifəli şəxsin rəhbərlik etdiyi sahədəki neqativ halları hamıdan yaxşı bilirlər, amma bu hallara məsul olan şəxsi qoruyurlar.
İş belə olandan sonra hansı islahatdan, yaxşılığa doğru dəyişiklikdən söhbət gedə bilər? İctimai rəy yaradan ictimai-siyasi fəallar, yazı-pozu adamları qruplara bölünərək korrupsionerlərin keşiyində durursa, hamısını ayrı-ayrılıqda haqlı çıxarırsa, problemlərin təbii olduğu, köhnədən qaldığı iddia olunursa, onda dürüstlük və şəffaflığa necə nail olmaq olar?
Burada müzakirəlik heç nə yoxdur: mazut, qır, his qaradır, pambıq, süd, qar ağdır. Hər kəsin də bunları belə tanıması və təqdim etməsi lazımdır. Yoxsa adları çəkilənlər barədə uzun-uzadı müzakirə aparmaq vaxt itkisidir və həqiqəti pərdələməkdir.
Qoy heç kəs korrupsiya və rüşvətxorluğu, daxilində neqativ halların tüğyan etdiyi strukturları müdafiə etməsin, tənqid edənlərə qarşı çıxmasın. Arzuladığımız mühiti yaratmağın rolu sağlam tənqiddən keçir. Qərəzli tənqidlə sağlam tənqidi bir-birindən ayırmaq da çətin deyil.