Azərbaycan və Ermənistan arasında ən azı 116 ildən bəri davam edən qovğa-mərəkənin daha bir mərhələsi başlamaq üzrədir. Bu, nisbi sülh mərhələsidir.
İlk toqquşmaları 1905-ci ildə qeydə alınmış millətlərarası nifaqın hər qanlı-qadalı, faciəvi periodundan sonra müəyyən zaman kəsiyində sülh mərhələsi də olub, iki millət dinc-yanaşı yaşamağı bacarıb. “Buna məcbur olub” da demək olar.
1905-ci ildə Azərbaycan türklərinə qarşı silahı ilk qaldıran ermənilər olub. 1918-ci ildə də təşəbbüs onlardan gəlib. 1988-ci ildə başlanan münaqişənin detallarını da artıq hamı bilir.
Hər üç halda müharibə baiskarı ermənilər olub və onlar ta məğlub duruma düşənə qədər düşmənçiliklərini sürdürüblər. Zəifləyəndə, qələbə qazana bilməyəcəklərini anlayanda yola gəlib, farağat durmağa başlayıblar.
Amma bu, o demək deyil ki, bu silahlı münaqişələr arasında olan nisbi sülh dövrlərində ermənilər düşmənçilikdən vaz keçib, səmimi olaraq sülhpərvər olublar. Elə şey olmayıb.
Onlar sadəcə, yeni bir müharibəyə başlamağa hazır olmadıqlarını görüb, altdan-altdan, yavaş-yavaş yeni qovğaya hazırlaşıblar və bir gün belə öz düşmənlərinin kim olduğunu unutmayıblar.
Unutmağa qalsa, bizdə də şifahi danışıqlarda ermənilərlə aramızda olmuş münaqişə unudulmamışdı, yaşlı adamlar keçmiş günlərdən bəhs edəndə “erməni-musurman davası vaxtı” deyə cümlələr qururdular.
Amma bu xüsusda nə dövlət səviyyəsində bir iş aparılırdı, nə ədəbiyyatımızda və milli publisistikamıza erməni-türk davasının əsl gerçəkləri barədə doğru-dürüst mətnlər yazılırdı. Əksinə, sovet yazarları xalqlar dostluğunu tərənnüm edir, millətin başının altına yastıq qoyur, yalana əsaslanan təbliğatlar aparırdılar.
Bəlkə də hər iki tərəf xalqlar arasındakı bu nifaqı yumşaltmaq, malalamaq, unutdurmaq xətti yeritsəydi, bölgədə qalıcı sülh bərqərar olar, tarixi ədavət unudulub gedərdi. Fəqət tərəflərdən biri gecə-gündüz yeni nəsillərə əzəli düşmənlərinin kim olduğunu pıçıldayır, sovet dövlətində qadağan olunmuş, milli ədavəti qızışdıran materiallar yayırdı, o biri tərəf isə “Kür, Araz, Ararat, gözəldir bu həyat, qardaş olub Hayastan, Azərbaycan” kimi saxta məzmunlu mahnılar oxuyurdu, Bakının çoxsaylı məhəllələrində süni qardaşlıq büsatları qurulurdu, saxta “bakinets” xalqı yaradılırdı, azərbaycanlı və erməni gənclərin ailə qurmaları təşviq edilirdi, əyalətlərdə iki millətin yetkin adamları arasında kirvəlik institutu getdikcə genişlənirdi.
Əslində o qohumluqların, kirvəliklərin, mehriban məhəllə qonşuluqlarının bir xeylisi səmimiydi. Gerçəkdən də biz tərəfdən problem yox idi. Ancaq erməniləri öz ətrafında sıx birləşdirən qriqorian kilsəsi və fəal ermənilərin qurduğu gizli millətçi təşkilatlar elə düşünmürdülər. Onlar bu fikirdəydilər ki, güclənən kimi Azərbaycanın torpaqlarını parçalasınlar, erməniləri Qafqazda dominant xalqa çevirsinlər, tarixi məğlubiyyətlərin qisasını alsınlar.
1988-ci ildə başlayan və xalqımıza sarsıdıcı zərbələr vuran 3-cü erməni-azərbaycanlı savaşının əsl səbəbi də məhz bu idi: ermənilərin dominant xalq olmaq istəmələri, böyük dövlət qurmaq xülyaları, qisas almaq niyyətləri…
İndi iki çoxuşaqlı ailələrdən ibarət qonşuları təsəvvür edin. Bir gün qonşulardan biri çəpər üstündə o birinə hücum edir, araya qırğın düşür, hər iki tərəfdən ölənlər olur. H. ailəsi A. ailəsinin evini yandırır, heyvanlarını sürüb aparır, torpağını şumlayır, ailənin özünü kənddən didərgin salır. Uzun illərdən sonra A. ailəsi güclənib geri qayıdır, H. ailəsini torpağından qovur. Kənd ağsaqqalları yığışıb araya girir, “barışın, qonşuluqda dinc yaşayın” deyirlər. İndi onlar necə barışsın, necə dinc, yanaşı yaşasın? A. ailəsinin evi yoxdur, təsərrüfatı dağılıb, böyük maddi ziyana düşüb, amma heç nə olmayıbmış kimi öz aqressiv, qan çanağı qonşusuyla qapıbir qonşu olaraq yaşamalıdır.
Həmin A. ailəsi bizik. Düşdüyümüz durumla, ziyanla barışmağımız mümkündürmü? Real olaraq mümkün deyil. Bunun mümkün olması üçün illər keçməlidir, nəsillər dəyişməlidir, yaralar qaysaqlamalıdır, bir sözlə, çox şey olmalıdır. Ən əsası, tarixi ədalət bərpa olunmalıdır, ölkəmizin məruz qaldığı maddi itkilər kompensasiya edilməlidir. 800-dən artıq yaşayış məntəqəsində 100 mindən artıq ev tarmar və yox edilib, bunun bədəli olmalıdır.
Sülhə hazırlıqdan danışırıqsa, bizdə yenə problem yoxdur. Xalq olaraq xasiyyətimiz belədir, tez sıyılırıq, bizə edilmiş yamanlıqları tez unuduruq. Amma eyni şeyi müharibədə real zərbə almış ailələrə aid etmək olmaz. Lay divar kimi oğul itirmiş, sağlam övladı əlil arabasına məhkum olmuş, rəhmətə gedənlərini yeddi ayrı-ayrı qəbirstanlıqda dəfn etmiş ailələr ortaya qan salan erməniləri əsla bağışlamazlar.
Biz bu tezlikdə ermənilərlə sülh danışarkən və sülh göyərçininə çevrilib özümüzə əl qatarkən o adamları da düşünməliyik və yaralarını təzədən qanatmamalıyıq.
Bir də məsələnin başqa tərəfi var: ermənilər də sülh istəyirmi? Bu istəklərində səmimidirlərmi? Yoxsa bu, yenə də məğlubiyyətin, zəifləmənin vadar etdiyi sülhdür? Sadəcə, nəfəsdərmə, yenidən güc toplamaq üçün vaxt qazanmaq səciyyəsi daşıyır?
Təcrübə göstərir ki, məhz elədir. Söz yox, sülhün alternativi yoxdur, qoy həmişə sülh olsun, müharibə, ölüm-itim olmasın. Amma etibarını itirmiş qövm ilə əvvəlki vaxtlarda olduğu kimi yaxın dostluq, qohumluq və kirvəlik də olmasın.