Azərbaycanda bir neçə daimi mövzular vardır ki, onları ortaya atmaqla camaatın diqqətini mənasız müzakirələrə yönəltmək olur. Bunlardan bəzilərini yazıram: “Himnimiz uzundur, qısaltsaq yaxşı olar”, “Deputatların sayı 125 yox, 200 (400, 500 – vəziyyətdən asılı olaraq rəqəm dəyişə bilir) olsun”, “Paytaxtı Bakıdan qırağa köçürək”, “Rusdilli məktəblər niyə çoxdur”, “Manıslar qısa geyinir”, “Test üsulu pisdir”, “Uşaq pulu versinlər”, “Xalqın ana-bacısı var”. Belə bambılı temalardan biri də rayonlarımızın sayında islahatlar aparmaqdır.
Mən mətbuata gəldiyim vaxtdan – 1990-cı illərin ortalarından bu mövzunu bəlkə 90 dəfə gündəmə gətirənləri görmüşəm. İnsafən bəzən yanaşmalar fərqlənmişdir. Birdən görürsən rayonları ləğv eləyib birləşdirməkdən dəm vurulub, birdən də əyalət, vilayət, quberniya, nə bilim, xanlıq yaradılması təklif edilib. Və mən onu da yaxşı xatırlayıram ki, bizdə rayonların ixtisarı, idarəçiliyin guya bu yolla islahatı təklifləri sürüldükcə tam əksinə, rayonların sayı artıbdır. Qabaq 75 olan rayon, artıb 85 olubdur. Qabaq yetmiş yeddi məhəlləsi olan yerə kənd deyirdilər, indi 3 daxma qəsəbə sayılır. Sanki bizdə yaşayış məntəqələrinin strukturu amöblərin bölünməsi üsuluyla artır.
İndi də AMEA Coğrafiya İnstitutundan başbilənlər rayonlarımızın sayının çoxluğunu gündəmə gətiriblər. İnsafən, ilk baxışdan doğru da deyir: “Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar”. Sitatın sonu.
Bizim problemimiz rayon-mayon dərdi deyil. Lap istəyirsən Kürdəmiri “Amerika Birləşmiş Ştatları” adlandır. Bununla nə olacaq ki? Bəlkə Girdiman çayının dərəsi dönüb Silikon dərəsi, Şahbəyli kəndi də San Fransisko olacaqdır? Olmayacaqdır.
Başqa tərəfdən, bəyəm bu coğrafiyaçı alim bilmir ki, bizdə rayonlar iqtisadi səmərə, xalqa faydalılıq baxımından yaradılmayıbdır? Əsas odur icra başçısı, prokuror, rəis və sairə vəzifələr üçün yerlər, ştatlar açılsın. O rayonların bəzilərində təkcə icra hakimiyyətində şöbə müdirlərinin və müşavirlərin-zadın orta sayı 50-100 nəfər arasında dəyişir. Bəs bu havayı yeyən balaca quldurlar toplusu nə ilə dolanmalıdır? Xalqın qanını içməklə. Strukturu yaradanlar bunu yaxşı anlayırlar.
Mənə elə gəlir AMEA Coğrafiya İnstitutunun şefi “filan rayonda cəmi 3 kənd var, gəlin onu ləğv eləyək, qataq başqa rayonun gözünə” deyərkən nə dərəcədə siyasi səhvə, təxribata, ictimai-siyasi sabitliyimizi pozan davranışa yol verdiyini anlamır. Parçala, hökm sür siyasəti tələb edir ki, biz hər kəndi ayrıca rayon elan edək. Rayon nə qədər çox olsa yaxşıdır – iqtidar üçün. Elə camaat üçün də bəlkə bizi həmin təzə rayonlara nümayəndədən, müşavirdən-filandan qoydular? Sonra büdcədən dotasiya alıb yaşamaq da olar, lap camaatın dərisi axıracan soyulsun. Canları cəhənnəmə.
O baxımdan, mənim fikrim belədir ki, coğrafiyaçını təzə müdiri Ramiz Mehdiyev danışdırır. Ramiz müəllim dolayısı ilə dövlətçiliyimizin altını qazmaqdadır. Əks halda, niyə özü elə həmin rayonlara icra başçısı göndərdiyi vaxtlarda bu mövzunu qaldırmırdı?