Bir zamanlar (1993-96-cı illərdə) ölkəmizdə ən odioz siyasi fiqur Rəsul Quliyev idi. O vaxtlar o, neft milyonçusu hesab olunurdu və parlamentin sədri vəzifəsindəydi.
Müxalifət düşərgəsinin başlıca hədəfi əslində prezident Əliyev yox, məhz Quliyev idi. O zaman belə bir düşüncə vardı ki, Heydər Əliyev ölkədə siyasi vəziyyəti sabitləşdirəndən sonra yaşı və səhhəti ilə bağlı postunu siyasi xələfinə ötürəcək. Bu siyasi xələf isə R.Quliyevdən başqası deyildi.
Düzdür, hakim partiyanın daxilində ondan başqa da beynində siyasi ambisiya daşıyan, hakim partiyanın və iqtidar komandasının formalaşmasında mühüm rola malik olduqlarını iddia edən fiqurlar (Əli Nağıyev, Əli İnsanov kimi) vardı, amma onların heç birinin varidatı və öz ətraflarında müxtəlif qüvvələri birləşdirmək bacarığı Quliyevinkinə çatmazdı.
Müxalifət bunu bilirdi, ona görə də Quliyev əsas tənqid hədəfiydi. Toplantılarda onun barəsində mənfi rəylər səsləndirilir, müxalifət qəzetlərində senzuradan birtəhər keçirməklə onun haqqında tənqid ruhlu məqalələr dərc olunurdu.
Quliyev də dilini dinc qoymurdu, öz rişxəndli ritorikası ilə müxalifət liderlərinə qarşı aşağılayıcı ifadələr işlədir, kəskin cavablar verirdi və müxalifət düşərgəsinin öz şəxsinə qarşı yumşalmasının qeydinə qalmırdı.
Bu cür fəaliyyətin nəticəsində artıq 1994-95-ci illərdə Rəsul Quliyev ölkənin “1 nömrəli korrupsioneri” statusunda idi. Bu barədə söhbətlər o qədər güclüydü və ictimai rəy o qədər birmənalıydı ki, hərdən Quliyev öz varidatı haqqında açıqlama verməyə məcbur olurdu, deyirdi, o, bu qədər pulu neftayırma sənayesində tətbiq etdiyi ixtiralara görə qazanıb. O ixtiraların nədən ibarət olduğu bu günə qədər də bəlli deyil və ictimaiyyət də deyilənə inanmırdı.
Amma 1996-cı ilin əvvəlindən başlayaraq Rəsul Quliyevə qarşı münasibət iqtidar düşərgəsində də dəyişdi. Onun siyasi ambisiyası, yaxın gələcəkdə ölkə prezidenti olmaq iddiası iqtidar komandası daxilində xoş qarşılanmadı. Komanda daxilində Quliyevin tərəfdarları qədər də əleyhdarları vardı. Sonda ikincilər üstün gəldi və Quliyev vəzifəsindən istefa verməyə, “xəstəliyi ilə bağlı” ABŞ-a getməyə məcbur oldu.
Eks-spikerin “xəstəliyi”nin müalicəsi uzun çəkmədi, ayağı ABŞ torpağına dəyən kimi “sağaldı”, hətta yeni istedadı üzə çıxdı, siyasi janrda bir neçə kitab yazdı və günlərin birində o da müxaliətçi oldu.
Artıq 1998-ci ildə Rəsul Quliyev müxalifət düşərgəsində yaradılmış ən geniş və güclü siyasi blokun liderlərindən biri idi. Sıravi müxaliflərin gözləmədiyi halda dünənki “1 nömrəli korrupsioner” 1998-ci il siyasi kampaniyasının “1 nömrəli demokratı”na çevrilmişdi. Hər halda puluna və ətrafına toplanan şəxslərin arealına görə özü belə hesab edirdi. Təbii ki, müxalifət liderləri Quliyevin kim olduğunu bilirdilər, sadəcə, onun gücündən, imkanlarından yararlanmaq istəyirdilər.
Heç də hər şey düşünüldüyü kimi olmadı. “Korrupsioner Quliyev”lə müxalifət arasındakı dostluq büsatı 2005-ci ilə qədər davam etdi, sonra yollar ayrıldı.
Ondan sonra da iqtidar düşərgəsindən müxalifət səfinə adlayanlar çox oldu. Hər transferdən sonra aydın olurdu ki, dünən müxalifətçiləri “satqın, səriştəsiz” adlandıran iqtidar adamları sarayda qapı dalında qoyulan kimi onların cərgəsinə qoşula bilirlər, eyni zamanda müxalifətçilər də dünənə qədər “korrupsioner, saxtakarlıqla mandat alan” biri kimi damğaladıqları şəxsi həvəslə öz sıralarına qatırlar.
Bununla yanaşı, vaxtilə müxalifət düşərgəsinin kəskin dilli funksionerlərinin sırasından da iqtidar düşərgəsinə adlayıb mandat olan, hakim partiyaya dəstək verən şəxslər oldu və bu proses həzin-həzin davam edir.
Ona görə də sabiq səhiyyə naziri Əli İnsanovun bu gün müxalifət liderləri ilə yan-yana oturması qəribə deyil. Xatırladaq ki, Rəsul Quliyevdən sonra iqtidar komandasının ən odioz fiquru kimi məhz Əli İnsanov tanınırdı. O da vəzifədə olduğu illərdə istər parlamentdə, istərsə də ayrı-ayrı toplantılarda müxalifətçilərə ağır epitetlər yapışdırır, hətta onları “faşist” adlandırırdı. İndi eyni fotodan baxan gülümsər çöhrələr köhnə düşmənçilikdən əsər-əlamət qalmadığını göstərir.
İnamla demək olar ki, 2005-ci il kampaniyasında İnsanovun niyyəti baş tutsaydı, Fərhad Əliyevlə birlikdə hakimiyyətə gələ bilsəydi, sonradan indiki “gerçək müxalifət”lə müttəfiqlyi bir müddət sonra başa çatacaqdı. O zaman belə bir situasiya da yarana bilərdi: hakimiyyətdən devrilmiş qüvvələr sonradan indiki müxalifətlə anlaşaraq İnsanova qarşı birləşəcəkdilər.
Belə durumlar siyasətin fitrətində var, sazişlər sənətidir. Maraqların üst-üstə düşməsi, mənafelərin toqquşması bir-birinə zidd olan iki qrupu və şəxsləri bir araya gətirə və bir-birindən uzaqlaşdıra bilir. Elə olanda dünənki rəqib müttəfiq, dünənki müttəfiq isə rəqib olur. Tərəflərin bir-birinə yapışdırdığı “korrpsuoner”, “xəyanətkar” kimi damğalar da əhəmiyyətini itirir.
Ona görə də bu gün bəzi şəxslərin “əqidəli siyasətçi”, “barışmaz müxalifətçi”, “sadiq dövlətçi”, “alovlu mübariz” kimi söz birləşmələri ilə tanıdılmasını, eləcə də “qatı korrupsioner”, “məşhur saxtakar”, “şeytanla sazişə hazır olan reneqat”, “vətən xaini” kimi damğalanmasını çox ürəyə salmaq olmaz. Əl-əlbət, mövqelər və ritorika bir gün dəyişəcək.