“O səbəbə ki, hər kəsin öz sənəti özünə iksirdir və xoş güzəranlığına baisdir; dəxi nə lazımdır ki, adam kimyagərlərin dalısınca düşsün”

(Mirzə Fətəli Axundov, “Hekayəti-Molla İbrahimxəlil kimyagər”)

Nobel ödüllü türk alim Əziz Sancar Azərbaycana gəlib. Burada “Narxoz”un müəllimlərinin düzəltdiyi hansısa iqtisadi forumda iştirak eləyəcək, Şuşaya da gedəcəkmiş. Alimlərin ölkəmizə səfər eləməyinə yaxşı baxıram. Ancaq qonağı çağıranda onun məşğul olduğu sahə üzrə qabağına bir mütəxəssis çıxarmaq da lazımdır.

Əziz Sancar kimya elmindəki kəşflərinə görə Nobeli almışdır, bizdə kimya elminin hazırkı durumu isə, yumşaq yazsam, ağlamalıdır.

İlk növbədə orta məktəblərimizdə kimyanın tədrisi olduqca bərbad səviyyədədir. Nə laboratoriyalar, nə reagentlər, nə də təhsil üçün ürəyi yanan pedaqoqlar tapılır. Nəticədə bu sistemdən çıxan şagirdlər əzbərlədikləri beş-üç düstur hesabına universitetə girir, oradan da savadsız həkimlər, alimi-biəməllər şəklində istehsal olunurlar. Həkimə 300-500 manat maaş verilən ölkədə o həkimdən hansısa bilik gözləmək də mənasızdır. Bizdə təbabət sistemi icra hakimiyyətinin altında xidmət sektoru tipində bir şeyə çevrilmişdir. Yol polisinin serjantı həkimdən çox pul qazanmaq imkanına malikdirsə, həmin məmləkətdə nə yol olar, nə sağlıq. O üzdən özünə az-maz hörmət qoyan həkimlər ya xaricə, ya qansoran özəl sektora qaçırlar. İcbari tibbi sığorta isə ölü doğuldu, tam iflasa uğradı, lakin bu gün mövzumuz ayrıdır.

Sovet vaxtı Bakıda, Abşeron yarımadasında, Sumqayıtda çoxlu zəhərli kimya zavodları vardı, heç olmazsa onları kadr potensialı ilə təmin etmək üçün Azərbaycanda kimyanın tədrisinə diqqət vardı. SSRİ dağıldı, zavodlar batdı, kimyaçı alimlərimiz beyin köçü ilə xaricə axdılar, vəssalam, bununla sahənin ağzına yekə bir daş qoyuldu. Müstəqilliyin ilk 10-15 ilində yaradılan “Azərkimya” birliyinin şefi, YAP-çı deputat Fikrət Sadıqov isə sahənin həm korrupsiyada, həm də çirkin siyasi işlərdə adının hallanmasına səbəb oldu, 2005-ci ildə Əli İnsanovla bərabər həbsə girməyə imkan tapdı.

Görün bizdə kimya elmi nə vəziyyətdədir ki, ondan hətta Ramiz Mehdiyev narazıdır! Sitat: “Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib: ”Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”. AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini diqqətə çatdırıb” (AMEA Rəyasət Heyətinin, 2021, noyabr iclasından).

Yeri gəlmişkən, bu Vaqif Abbasov Azərbaycanda kimya elmini məhv eləyən adamların sırasında bəlkə birinci yerdə gəlir. Orta məktəblərdə onun həmmüəllifi olduğu çoxlu sayda kimya dərslikləri millətimizin balalarını kimya elmindən iyrəndirməyə xidmət edir. Bunun üçün uzağa getmədən, Rusiya və Türkiyədəki kimya dərsliklərini bizim kimya dərslikləri ilə müqayisə etmək yetərlidir (bu yerdə rəhmətlik Əlövsət Osmanlının ruhuna bir salavat zikr edək – bizdə dərslik monitorinqi onun ölümüylə yekunlaşdı, artıq hamı ağzına gələni yazıb məktəbə atır). Şəxsən mən 7-ci sinfin “Kimya” dərsliyini Rusiyadakı analoji dərsliklə müqayisə etmişəm və aradakı fərqdən, rusların dərsliyinin yüksək keyfiyyətindən heyrətə gəlmişəm. Çox uzağa getmədən, bizim dərsliyin birinci səhifəsindən, birinci cümləni bura yazıram, görün nə qədər mənasız cümlədir: “Kimya təbiət elmlərindən biri olub, bizi əhatə edən aləmdə daim təmasda olduğumuz maddi varlıqları öyrənir”.

Əhsən. Bu “kəşfinə” görə Vaqif Abbasova Şnobel düşür. Çünki biz təmasda olmadığımız polonium, yaxud başqa zəhərli, ölümcül elementlər, maddələr haqda bu dərsliklərdən heç vaxt bilgi almayacağımız qarantisinə malik oluruq. Hələ “daim təmasda olduğumuz” yazıblar, yəni beş, on, 45 dəqiqə dərs vaxtı sayılmır. Dərsliyi boşboğazlıqla, sarsaq cümlələrlə doldurublar.