Yaxud “İsgəndər” raketinin üstündə sülh quşu rəsmi varmı

Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının Soçi görüşündən sonra Putin İlham Əliyevə və Paşinyana zeytun budağı heykəlcikləri bağışladı, bunun sülh rəmzi olmasını vurğuladı. Həmin gün hansısa media qurumumuz budağı səhv salmış, dəfnə budağı olduğunu qeyd etmişdi. Üstəlik, media orqanı rusdilli idi, dəfnə isə rusca “lavrovaya derevo” adlanır. Yəni, el dilində desək, belə çıxırdı Putin öz xarici işlər nazirinin (Lavrov) soyadını ifadə edən budaq bağışlayıb. O zaman bu qarışıqlıq mənim xoşuma gəlmişdi. İndi niyə yada saldım, heç özüm də bilmirəm. (İmkan ola, Lavrovu borşa atasan, qaynaya).

Ancaq Soçi görüşündən sonra birgə brifinqdə Paşinyanın ATƏT-in Minsk qrupunu yenə təkidlə bölgəyə dəvət eləməsi ermənilərin prosesə nə qədər destruktiv yanaşdığını, zeytun və dəfnə budaqlarından, onların simvollaşdırdığı barışıqdan min ağac (1 ağac qədim türk ölçü vahididir, təxminən 7 kilometrə bərabərdir) uzaqda olduqlarını göstərir. ATƏT-in Minsk qrupu 27 il münaqişə bölgəsində avaralanıb, turist səfərləri düzəldib, yeyib-içib, kiçik-böyük ehtiyaclarını ödəyib gediblər. Faktiki olaraq heç bir iş görməyiblər, həmişə də məsuliyyəti boyunlarından atıblar, deyiblər barışığa, qarşılıqlı razılaşmaya azərbaycanlı və erməni xalqları özləri gəlməlidir. Bəs indi Paşinyan bu mənasız “ölünü” niyə diriltmək istəyir? Doğrudanmı erməni xalqı ATƏT-in Minsk qrupundan bezməyibdir?

Əlbəttə, bezibdir. Sadə xalq orda da artıq prosesləri başa düşməkdədir. Azərbaycanla davadan xeyir görməyəcəklərini anlayanlar çoxalır. Sadəcə, Ermənistan elə bir dalanda, çıxılmaz durumda, bataqlıqdadır ki, istənilən saman çöpündən yapışır. Bu çöplərin birinin adı da ATƏT-in Minsk qrupudur. Buyursunlar, axıracan çöplənsinlər. Görək kim xeyir tapacaq.

Birgə brifinqdə Paşinyanın fikirləri, ümumiyyətlə, absurdun zirvəsi idi. Məsələn, deyir ki, Azərbaycan-Ermənistan sərhədi delimitasiya və demarkasiya olunmalıdır. Lap yaxşı. Bunu hazırda ən tənbəllər demir. Qafqazdan Moskvaya, Parisdən Vaşinqtona qədər hər yerdə Azərbaycanla Ermənistanı öz sərhədlərini dəqiqləşdirməyə, ortadan xətt çəkib ayırmağa (o andıra qalmış delimitasiya və demarkasiya da bu prosesin elmi adıdır) çağırır. Yəni, qısa yazsaq, aramızdakı sərhəd əslində bu dəqiqə müəyyən deyil. Bəs o zaman Paşinyanın “Azərbaycan bizim sərhədi pozub, ərazimizə müdaxilə edib” cümləsi necə anlaşılsın? Bir zad ki, hələ bilinmir nədir, onu necə pozmaq olar? “Sərhədimizi çəkməliyik, lakin azərbaycanlılar sərhədimizi pozur” – bundan sarsaq cümlə, bu qədər pozuq məntiq olarmı?

Molla Nəsrəddinin lətifəsi yada düşür. Bir gün küləkli havada Molla eşşəyin belində gedirmiş, hərdən ağzına qovurd-qovurğa atırmış, ancaq külək qovurğanı uçururmuş. Yolda biri Mollanı görür, deyir nə yeyirsən. Molla deyir: “Külək belə əssə, heç nə”. İndi erməni baş nazir də qəlbində, gizlicə başa düşür ki, Azərbaycan küləyi belə əssə Ermənistanın “yeyib-içdiyi” heç zad olacaqdır, sadəcə, donquldanmaqdan başqa çarəsi yoxdur.

Qaldı Putinin zeytunları, bildiyimiz kimi, qızıl palma budağı ünlü Kann festivalının ödülünün adıdır. Yəqin Putin də zeytun budağı mükafatının müəllifliyini üzərinə götürməklə bölgənin “kinosunu” özünün müəyyən elədiyinə işarə vurur. Ancaq heç yaxşı kino deyil, həmişə “əvvəli gülməli olur, axırı ağlamalı”. Hələ yaxşıdır Putin ərik budağı vermədi, çünki ermənilərlə biz bunun kimin ağacı olduğunu hələ müəyyən edə bilməmişik, davası gedir.

Bu yerdə bir “beşinci kolon”, “Rusiyanın Milli Şurası” söhbətləri də hardansa yadıma düşdü və nöqtəni qoymaq qərarına gəldim. Allah bilir qaldıqca yadımıza daha nə pis şeylər düşər.