19-23 il əvvəl Türkiyə kinematoqrafçılarının çəkdiyi “Dəli ürək” adlı bir serial vardı. Serialda baş rolda bu gün hamının tanıdığı məşhur aktyor Kənan İmirzalıoğlu oynayırdı, o, mafiya ilə, özbaşınalıq edən məmurlarla savaşan Yusif Mirioğlu obrazını canlandırırdı.

Bir də həmin serialda möhtəşəm ifası ilə iz qoyan aktyor Əli Sürməli xüsusi xidmət orqanlarından birinin şefinin obrazını yaratmışdı. Bu gün o serialdan çox az şey yadda qalıb, amma Əli Sürməlinin “Turqay Atacan”ı yaddaşlardadır. Nəyə görə?

Ona görə ki, bu obraz o dövrdəki (eləcə də ondan sonrakı) acgöz, tamahkar, özlərini qanunun, hətta dövlətin fövqündə görən məmurların bədii təcəssümü idi. “Turqay Atacan” öz vəzifə səlahiyyətlərindən istifadə edərək, uğurlu biznesi olan sahibkarları həbs etdirir, onlardan istədiyi qədər xərac alır, müəssisələrinə, obyektlərinə əl qoyur, yoluna çıxanlarla haqq-hesab çəkirdi. O, dövlətin həbsxana və təcridxanalarını öz şəxsi türməsinə çevirmişdi.

Sonralar, gərək ki, 2006-cı ildə o film Azərbaycan telekanallarından birində də nümayiş etdirildi. Bu, o zaman idi ki, artıq ölkəmizdə pullu adamları, vəzifəli şəxslərin qohumlarını girov götürərək xərac tələb edən dəstə ifşa olunmuş, onlara rəhbərlik edən general və polkovnik rütbəli polislər həbs edilmişdi.

Biz “Dəli ürək” serialında odioz və mafioz məmurlarla savaşan “Yusif Mirioğlu”ya baxır və heç ağlımıza gətirmirdik ki, eynilə həmin filmdə baş verən hadisələr artıq ölkəmizdə də yaşanır.

Heç demə, təkcə müqəddəs yer boş qalmırmış, qanqster polkovnik Hacı Məmmədovdan boşalmış “poqonlu bədheybətlər” sektasının yerini də MTN-ə rəhbər təyin olunmuş Eldar Mahmudovun bandası tutubmuş. Onlar da eynilə “Turqay Atacan” kimi vəzifəli və pullu şəxsləri, eləcə də güclü arxa-dayağı olmayan sahibkarları tutur, öz şəxsi türmələrinə çevirdikləri dövlət təcridxanasına salır, böyük məbləğdə pullarını alır, sonra buraxırmışlar.

Bu dəstə Hacı Məmmədovun qanqster qrupundan daha peşəkar və daha qorxusuz işləyirdi. H.Məmmədov xərac tələb etdiyi adamları (məsələn, Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin Londonda milyonlar xərcləyən arvadı Zamirə Hacıyevanı) gözdən-könüldən uzaq bir yerdə, hansısa zirzəmidə gizlədirdisə, mahmudovçular bundan ötrü dövlətin təcridxanasından istifadə edirdilər.

Belə daha yaxşı idi. Zirzəmidə gizlədəilənləri qohumları və dövlət orqanları axtarırdı (və ya belə bir görüntü yaradırdı), dövlətin “zirzəmisi”ndə gizlədilənləri isə heç kim axtarmırdı. Qohum-əqrəbaları onların yerini bilirdilər və köməkləşib pul toplayırdılar ki, qanqster generalların xəracını düzəldib versinlər.

Ən pisi o idi ki, bizdə bunlarla savaşacaq “Yusif Mirioğlu” yox idi, “atacan”lar kef edirdi və qan soran zəli kimi gündən-günə şişirdilər.

Hər şişən zəlinin bir pis aqibəti də var. Necə ki, “Dəli ürək”dəki “Turqay Atacan” axırda siyasətə baş vurdu və istədiyi yerə öz adamını seçdirmək istəyəndə layihəsi əlində yandı, eyni proses burdakılarla bağlı da getdi və axırda dövləti tamam ələ götürmək istəyən “MTN çetesi” ifşa olundu. Dövlətin, millətin təhlükəsizliyini təmin etməyə mükəlləf olan bir qurum dövlət və millət üçün təhlükəyə çevrilmişdi, artıq onun strukturlarında hansısa dəyişiklik və islahat aparmaq da mümkün deyildi. Ona görə də adı bədnam olmuş nazirliyi tamamilə ləğv etdilər, yerində başqa bir idarə, xidmət yaratdılar.

Budur, MTN-in ləğv edilməsindən, qanqster general və polkovniklərin məsuliyyətə cəlb edilməsindən 7 il keçir, amma onların mühakiməsi hələ də tam olaraq bitməyib. Eşələdikcə yeni cinayətlər, yeni təfərrüatlar çıxır.

Əlbəttə, onların sadə, pulsuz adamlarla işi olmayıb. Ona görə yox ki, humanist və ya “xalqcanlı” idilər, ona görə ki, onlara lazım olan şey – pul-para, sərvət xalqda yox idi. Özlərini hind filmində pula ehtiyacı olan hozu Şaka kimi hiss edən bu qanqsterlər pullu adamlarla “işləyirdilər” və ağına-bozuna baxmırdılar, ölkədə 3-5 manat pul qazanan hər kəs onları hədəfi idi.

Sovet vaxtı olsa, onların hamısını güllələyərdilər. Elə müasir Çində də dövlətin etibarını yerlə bir edən, dövlətə iqtisadi zərbələr vuraraq milyonçuya çevrilən bu şəxslərin gözünün yaşına baxmır, divara söykəyirlər.

Bizdə isə uzun çəkən mühakimə prosesi gedir. Bəzən məhkəmələr qapalı olur və xalq bu adamların cinayətinin miqyasından xəbərsiz qalır.

Belə anlaşılır ki, bu qanqsterlərə layiq olduqlarından yüngül cəzalar veriləcək və onlar iki-üç ildən sonra azadlığa çıxıb cəmiyyətə qarışacaq, quldurluqla topladıqları milyonların əllərində qalan hissəsini bir neçə yüz il xərcləyəcəklər.