30-a yaxın Ağdam ziyarətçisinin yalnız birinin gözündən yaş süzülürdü. Yerdə qalanlar toxtaq idi, xarabalıqlara baxır, başlarını bulayır, vandallara lənət oxuyur, asta səslə təəssüf və hiddət ifadə edirdilər.
Yalnız bir nəfər, 60 yaş civarında olan bəstəboy, üzü nurlu kişi heç nə demirdi, eləcə dağıntılara uzun-uzun tamaşa edirdi və qızarmış gözünün bulağından sızqa-sızqa yaş axırdı. Adam hönkürmürdü, hıçqırmırdı, əslində gözünün yaşardığını da gizlətməyə çalışırdı, amma göz yaşına hakim olması əlində deyildi. O, Ağdam məscdində də bu ovqatda oldu, Şəhidlər Xiyabanını ziyarət edəndə də.
Kişi əslən ağdamlıydı və səfər təşkilatçıları ona böyük hörmət bəsləyirdilər. Hiss olunurdu ki, o, ağdamlılar arasında çox tanınan və sevilən biridir. Biz bu qafiləyə bir az sonra qoşulmuşduq, hamıyla tanış olmaq fürsətimiz olmamışdı.
Pənahəli xanın imarətinə və eyni adla tanınan stadiona (“Qarabağ” futbol klubunun Ağdamdakı təlim-məşq bazasının və stadionunun qalıqları) yetişəndə ağsaqqalın kimliyi qismən açıldı. Ziyarətçilərdən biri ona dedi, Elxan dayı, bu da sənin stadionun. Elxan kişi stadionunun içinə doğru yeriyə-yeriyə ona xiffət dolu ritorika ilə cavab verdi: “Ehh, o qədər bu meydançada top daşımışam, qovmuşam ki…”
Səfər yoldaşlarımızdan Rey Kərimoğlu izahat verdi ki, Elxan dayı vaxtilə, yəni sovet dövründə “Qarabağ”ın futbolçusu olub. O zaman klubun adı “Şəfəq” imiş.
Heç demə, Elxan kişi Ağdama ilk dəfə gəlirmiş və Ağdamın əsl durumunun necə olduğunu yalnız şəkillərdə və filmlərdə görübmüş. Amma o görüntülər ağsaqqalın təsəvvüründəki salamat Ağdam obrazını zədələməyibmiş. O elə bilirmiş ki, Ağdamda heç olmasa haradasa xatirələrini canladıra biləcək bir diri, salamat guşə tapacaq. Yaşadığı ev elə, getdiyi məktəb o gündə, oynadığı stadion da belə… Hər yanda Ağdamın daşı, şüşəsi kimi çilik-çilik olmuş xatirələr…
Ağdama ilk dəfə gedən ağdamlıların hamısı belə olur – biri az, biri çox, biri aşkar, biri gizlin ağlayır. Birinin göz yaşı üzünə axır, birininki içinə. Elxan dayıda yarı-yarıyaydı, gözünün yaşının yarısı üzünə sızırdı, bir yarısı da içinə tökülürdü.
Sonradan hamı toxtaayır, sonrakı gedişlərdə göz yaşı quruyur. Jurnalist dostumuz Yadigar Məmmədlinin sözü olmasın (o bu sözü yazıçı İlqar Rəsulun “Sara” romanının təqdimatına həsr olunan ziyafətdə dedi), daha sonra adamlar Ağdamın işıqlı sabahına baxırlar və nikbin ovqata köklənirlər.
Bir qədər sonra Elxan dayının bütün Azərbaycanın tanıdığı bir ailənin ağsaqqalı olduğu məlum oldu. 20 Yanvar şəhidləri, xalqımızın sevgi-sədaqət simvolu İlham və Fərizəni kim tanımır ki? Elxan mərhum İlhamın böyük qardaşıdır və hazırda hələ də qudalıq münasibətlərini qoruyub saxlayan, bir ailəyə çevrilmiş ailənin qoruyucusudur.
Bəzən tanıdıqları ona “Həsən dayı” da deyirdilər. Niyə “Həsən dayı”? Bunun da sirri çözüldü. Elxan dayı kafe işlədir və dost-tanışları, yerliləri tez-tez onun yanına baş çəkib yeyib-içirlər, iki dəfə hesab ödəyəndə bir dəfə də onları Elxan dayı qonaq edir – Əbdürrəhim bəy Haqverdiyivin hekayəsi əsasında çəkilmiş “Ac həriflər” teletamaşasındakı Həsən dayı kimi…
O özü ilə yola o qədər azuqə götürmüşdü ki, jurnalistlər onun çantasına baxıb dedilər: “Elxan dayı, burada bir toyun yemək-içməyi var”. Onlara “yox, elə bir şey deyil” deyə cavab verən ağsaqqal gətirdiyi təamları masaların üstünə səliqə ilə, işindən zövq ala-ala düzdü, hər kəsə “buyurun, qonaq olun” dedi, daha sonra cibindən pul çıxardı, hamıya şirin-şirin “əmi” deyə müraciət edən gənc ofisiantlara verdi, çatışmayan şeyləri alıb gətirmələri üçün onları harasa göndərdi.
Qayıdanbaş Elxan dayı ilə ayaqüstü bir az söhbət elədik. Gözünün yaşı qurumuş, kefi kökəlmişdi. Artıq o da Ağdamın sabahına baxırdı. Nikbin idi, “qurub-yaradacağıq, bərpa edəcəyik, Ağdam yenə gözəl olacaq” deyirdi.
Əl-əlbət, elə olacaq. Başqa yerdə tikiləcək stadionda gənc elxanlar futbol oynayacaq, at sürəcək.
Ayrılanda Elxan dayı çiynindən yük götürülmüş kimi dedi: “Bu, əhdimə çatdım, Ağdamı belə də olsa, gördüm. Qaldı Şuşa…”
Siz, ey Şuşaya səfər təşkil edənlər, zəng edin, Elxan dayını Şuşaya da aparın, qoy orda da onun gözündən 5 damla yaş gilələnsin, amma adam uşaqlığının, yeniyetməliyinin, gəncliyinin keçdiyi yerlərə ayaq basaraq əhdinə çatsın və kimsə desin ki, sil gözün yaşı, qarabağlı dədə, öz torpağındasan.
Bu cür vətənpərvər, gözü-könlü tox, təvazökar, səxavətli, hörmətcil adamların qədrini bilmək lazımdır. Bax, əsl ağdamlı odur – maşın bazarındakı dildən pərgar uşaqlar deyil.
P.S. Ağdama dostumuz İlqar Rəsulun Qarabağdan bəhs edən “Sara” romanının təqdimatı üçün getmişdik…