Arada adamın ürəyi yumşalır, deyirsən, müharibəydi, oldu, bitdi, ermənilər yazıqdır, başlarını aşağı salıb yaşasınlar. Bizim camaatın xasiyyəti belədir, intriqada olduğu, düşmənçilik etdiyi adamın başına pis bir iş gələndə, adam yazıq günə düşəndə əvvəlki nifrət və hikkəsindən əsər-əlamət qalmır.
Buna dair çoxlu misallar çəkə bilərəm. Ən sonuncusu bu yaxınlarda olub, xaricdə bir-biri ilə rastlaşan erməni və azərbaycanlı eyni suallara cavab verərkən, azərbaycanlı suallarının hamısına cavab yazıb, sonra erməniyə deyib ki, kömək lazımdırsa, edim. O da sıxıla-sıxıla “lazımdır” deyib, bizimki də kömək edib.
Düzdür, son 30 ildə baş verənlərə görə ürəyi daşlaşmış və düşmənə bir içim su belə verməz olan həmvətənlərimiz də var, amma sizi inandırıram ki, onlar azlıqdadır. Əslində onları da anlamaq olar: ötən əsrin 88-ci ilindən bəri millətimizin başına gələnləri atom buzqıran gəmisinə yükləsən, daşıya bilməz.
Amma burası da var ki, ermənilərin bizə qarşı ürəkləri 1994-2020-ci illər arasında bir tık da yumşalmamışdı, gecəbəgündüz düşmənçilik edirdilər, 2020-nin sentyabrından sonra isə tamam üzləri çönüb. İndi onların könlünü heç nəylə almaq mümkün deyil. Adamların qəlbini (gözünü, belini də həmçinin) qırmışıq.
Bax, budur, İrina Safaryan adlı bir erməni harsın götürüb sosial şəbəkədə, özü də ingiliscə yazıb ki, dədə-nənələri onlara azərbaycanlıların Novruzda və başqa bayramlarda erməni kişisini qurban kəsməsi və ya erməni qadını zorlaması barədə danışırmışlar.
Bizimkilər bu statusu o qədər qeyri-ciddi sayırlar ki, skrinşot edib, paylaşır, lağlağı, rişxənd, istehza və bu kimi şeylər edirlər.
Nəzərə almaq lazımdır ki, İra bu sözləri bizim üçün yazmayıb, ingilsdilli auditoriya üçün yazıb və onların bir yarısı bunu ciddi qəbul edəcək, elə biləcəklər ki, bizdə bayramlarda erməni kəsmək və zorlamaq kimi bir vazkeçilməz ənənə var.
Gəl də bundan sonra ürəyiyuxa ol, görüm. Görürsən ki, sən yumşalırsan, amma qarşındakı qan-qan deyir, ağla gələn və gəlməyən hər cür səfeh iftiraya, təxribata əl atır, ondan sonra hirslənib Anadolu türkləri kimi deyirsən, Allah sizi bildiyi kimi yapsın, elə yapsın ki, küt gedin, inşallah.
Adam öz-özünə quşqulanır, yəni seksual manyakıq biz? Yoxsa adamyeyənik? Biz olsa-olsa bir-birimizi yeyərik, o da məcazi mənada. Yoxsa tarixən bizdə insan əti ilə qidalanmaq xasiyyəti yoxdur və elə adamlara pis baxırıq.
Hələ bu, harasıdır? Bir erməni biznesmen də, sağ olmasın heç, ürəyimizin yumşalması prosesinin qarşısını lazımınca alıb, götürüb sahibi olduğu ticarət mərkəzinin dəhlizlərinə bayrağımızın rənglərindən ibarət “yol” çəkdirib.
Bu haramzadanın adı Aşot Alfredoviç Sirunyandır. Nakişinin oğlu bununla guya bizdən qisas alır, Şuşanın ermənilərin əlindən çıxmasına bu cür təpki göstərir. Hikkən başında çatlasın eləcə.
Bunu edən bizim millətdən biri olsaydı və o, Moskvada ermənilərin bayrağının rəngindən ibarət dəhliz ayaqaltısı düzəltdirsəydi, ermənilərdən, ruslardan qabaq öz millətimizin oxumuş adamları deyərdilər, etmə, eləmə, əmioğlu, belə edəndə heç nə olmur, müharibəni səngərdə aparmaq lazımdır, ticarət mərkəzlərində yox.
Yüz faiz edirəm ki, bizimkilərin bir-ikisi erməni bayrağının təhqir edilməsini alqışlasa da, üç-dördü bunu alqışlamaz, beş-altısı da “qırğı”ların qorxusundan mövzuya dair fikir bildirməzdi.
Fərq ondadır ki, ermənilərdə həmin “üç-dörd” adam yoxdur, tam əksəriyyəti, bəlkə də 99, 99 faizi hesab edir ki, Sirunyan düz eləyib, hələ gərək daha artıq şeylər edəydi. Bu cür haqq-hesabları təqdir etməyən bir-iki erməni ola bilərdi. Onlardan biri – Vanyan ölüb getdi, Avetyan da, deyəsən, 44 günlük müharibədən sonra bizdən incik düşüb, fikirləşir ki, Şuşanı geri almaqda düz eləməmişik, gərək Şuşa ermənidə qalaydı və iki millət arasında barışıq olaydı.
Amma bir tərəfə baxanda belə olsa, yaxşıdır, qoy onlar elə etsinlər, vaxtaşırı nəsə bir gicqulu təxribatlar törətsinlər ki, təzədən sıyılmayaq, yumşalmayaq, anlayaq ki, bizim rəhmli və mülayim olmağımız hələ heç nəyi həll etmir, qarşı tərəf sərt olaraq qalır.