Cavanşir Paşazadə ad-soyadlı bir deputat var, barəsində Vikipediya məlumatı cəmi bir cümlədir: “Paşazadə Cavanşir Hümmət oğlu 1953-cü ildə anadan olub”. Vəssalam.
Cənab deputat nə vaxt hansı orta məktəbə gedib, harada bitirib, hansı ali məktəbə daxil olub, hansı ixtisasa yiyələnib, haralarda işləyib – sıfır informasiya.
Adam şübhələnir ki, bəlkə də C.H.Paşazadə, ümumiyyətlə, ali məktəb bitirməyib.
Bu qənaətə gəlmək üçün ciddi əsaslar da var. O, bu savadla sovet dövründə heç bir ali məktəbə daxil ola bilməzdi – tarix, kimya, fizika, riyaziyyat kimi imtahanlardan 3 və ya 4 qiymət alsa da, dördüncü imtahandan – ədəbiyyatdan mütləq kəsilərdi.
Çünki 68 yaşında 3 cümləni ard-arda düzüb feysbuk statusu yaza bilməyən, bir cümlədə azı 6 səhv buraxan adam 17-18 yaşındaykən “Mirzə Fətəli Axundovun ”Aldanmış kəvakib” povestində cahilliyin ifşası” və ya “SSRİ Yer üzündə sülhün dayağıdır” (o vaxtlar ədəbiyyat imtahanında belə suallar düşürdü) mövzusunda inşa yazıb müvəffəq qiymət ala bilməzdi.
Əlbəttə, adıçəkilən cənabın həm siyasətçi, həm də iş adamı kimi uğuru onun savadına, erudisiya və səriştəsinə bağlı deyil.
Əgər Allahşükür Paşazadə 1980-ci ildə şeyxülislam dini rütbəsi alaraq, Qafqaz Müsəlmanları İdarəsinin sədri təyin olunmasaydı, ucqar rayonların birində kənd mollası olsaydı, onun kiçik qardaşı Cavanşir Paşazadə də uzağı kənd sovetində bir iş yiyəsi olardı. Onu bu savadla kənd sovetinin sədri və ya katibi də qoymazdılar, çünki istəyənlərə veriləcək arayış savadlı yazılmalıdır.
Ancaq iş belə gətirib ki, bir qardaş öz fərasəti, savadıyla önə çıxıb, böyük rütbə və vəzifə qazanıb, ardınca sülalədə nə qədər adam varsa, hərəsinə bir qapı açılıb. C.H.Paşazadənin qapısı isə hamısından böyük və hörmətli olub.
İndi bu adam paylaşdığı statuslarda səhv tutanlara ikrah dolu münasibət açıqlayaraq deyir: “Qoy, onlar mənim yazılarımı hərf-hərf oxumaqdan çərləsin, mən də yazmağımda olum. Mən davam edəcəyəm. Qoy, onların canı çıxsın, oturub hesab-hesab aparsınlar ki, bir vergül səhvdir”.
Birincisi, sosial şəbəkə istifadəçiləri kiminsə yazısında, danışığında səhv axtararkən və tutarkən, heç də çərləmirlər, əksinə, bu, onları əyləndirir, özləri demişkən, mırt tuturlar.
İkincisi, deputat “yazılarımı” deyərkən ciddi şişirtməyə yol verir, çünki bunlar yazı deyil, onları heç cızma-qara da adlandırmaq olmaz, bunlar qrammatik baxımdan olduqca savadsız yazılmış, məzmunsuz, heç bir ciddi mənası, hikməti, koloriti olmayan söz yığınıdır.
Üçüncüsü, deputat bu cür “yazılar” yazmaqda davam edəcəyini acığa, onda səhv axtaranları cırnatmaq üçün deyirsə, bərk yanılır, ona görə ki, özünü daha çox biabır edəcək, dilə-dişə salacaq, onu istəməyənləri daha çox əyləndirəcək və saylarını artıracaq.
Dördüncüsü, xalqın səsini alıb-almamasına, mandatının legitim olub-olmamasına baxmayaraq, “Milli Məclisin üzvü” ünvanı daşıyan bir adam ağır olmalıdır, “üzrü qəbahətindən betər” silsiləsindən yeni səhvlər buraxmamalıdır.
Birinci qalmaqallı statusdan sonra günahı sürücünün boynuna yıxaraq onun işdən kənarlaşdırılması göz-görəsi qəbahət idi. Hətta ola bilər, “günahkar sürücü” işdən kənarlaşdırılmayıb, sadəcə, belə bir açıqlama verilib, bunun özü belə həm etik baxımdan, həm də əmək qanunvericiliyi prizmasından düzgün deyildi.
İndi də bu məsələ – “yaxşı eləyirəm, davam edəcəyəm”.
Səhv tutanlara, irad bildirənlərə meydan oxuyanların sonu yaxşı olmur. Gərək heç kəs özünü dilə-dişə salmasın. Tənqid və boş yerə hoydu-hoyduya götürülmək kor balta kimi bir şeydir, vururlar, vurular, axırda kəsir.
15-20 il öncə də belə edənlər, “burda mənəm, Bağdadda, heç bilmirəm, kim kimdir” ədasıyla göz deşənlər vardı, elə danışırdılar, sanardın, 300 il yaşayacaq, həmişə də vəzifədə olacaqlar. Bu gün onların çoxu vəzifəsini də itirib, mandatını da. Hətta azadlığını itirənlər də olmuşdu.
Uzun sözün kəsəsi, qoy deputat Cavanşir Paşazadə daha yaxşı bacardığı işlə məşğul olsun, hər dəfə özünü nəsə bir açıqlama yaymağa, mövqe bildirməyə məcbur hiss etməsin, belə şeylərlə gündəmə gəlməsin. İctimai rəydə xroniki tənqid hədəfi olmaq pis şeydir, sosial şəbəkə iştirakçıları amansızdırlar, susanlara dəymirlər, danışanları, xüsusilə də tərsinə danışanları əfv etmirlər.