Elə edəcəyik ki, axırda heç bir deputat, heç bir siyasətçi, heç bir yazıçı, heç bir tanınmış ziyalı ağzını açıb bir kəlmə açıqlama, müsahibə verməyəcək, mövqe və münasibət bildirməyəcək, debatlara gəlməyəcək.
Bu tendensiya artıq başlayıb, adamlar virtual məkandakı psixoloji terrordan çəkinərək danışmaqdan, fikirlərini bildirməkdən yayınırlar, susmağa üstünlük verir, “ağrımayan başlarına dəsmal bağlamaq” istəmir, qulaqlarının dincliyini istəyirlər.
Çünki onlar bilirlər: dedikləri söz antoqonist mövqedə duran ictimai qruplardan, siyasi “sekta”lardan birinin xoşuna gəlməyəcək, virtual linç qaçılmaz olacaq. Onun bir az təhrif olunmuş, bir az kontekstdən çıxarılmış sözünü və ya bir abzasda ifadə etdiyi fikrin bir cümləsini yayaraq hədəf taxtasına çıxaracaq, minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən söydürəcəklər.
Elə bir gün olmur ki, kimisə bu günə qoymasınlar. Bir toplantı olur, kimsə çıxır, bədahətən çıxış edir. Aydın məsələdir ki, adamlar birbaşa danışanda (hətta kağızdan oxuyanda) çaşa, hansısa sözü yerində işlətməyə, sözgəlişi nəsə deyə bilərlər, amma bu, bəs edir ki, adamın nəslini söyüb-biabır etsinlər.
Söhbət tənqiddən, irad bildirməkdən, mübahisəli fikir səsləndirmiş adamın yanlışını düzəltmək cəhdindən getmir, birbaşa “quş buraxmış” (yanlışlar bu sözlə ifadə olunur) adamların var-yoxuna ünvanlanmış söyüşlərdən gedir.
Əvvəllər, sosial şəbəkə olmayan vaxtlarda da hansısa siyasətçi, yazıçı, deputat, xalq artisti, başqa tanınmış şəxs ictimai mənafeyə zidd olan, bütövlükdə xalqı və ya onun bir hissəsini aşağılayan ifadələr işlədirdilər, ertəsi gün hansısa jurnalist ona tutarlı, sanballı, əhatəli cavab verirdi və minlərlə oxucu məmnun qalırdı, redaksiyaya zəng vurub təşəkkür bildirirdilər.
Məsələn, xatırlayıram ki, 20 il öncə xalq artisti Zeynəb Xanlarova ictimai nəqliyyatda yol gedən qız-gəlinlərlə bağlı nəsə ehtiyatsız, aşağılayıcı bir fikir bildirmişdi və Aynur Camalqızı “Yeni Müsavat” qəzetində ona sanballı bir cavab vermişdi. Ertəsi gün redaksiyanın telefonları susmadı – təşəkkür zəngləri ard-arda gəlirdi.
Amma indi ehtiyatsız söz danışanlara jurnalistlərin, ziyalıların tutarlı və əhatəli cavab verməsinə ehtiyac qalmayıb, xalq kütlələri “quşlayanlar”ın cavabını özü verir, həm də çox lakonik və daha “tutarlı” formada. Cavablar o qədər “tutarlı” olur ki, adamların yeddi qatından keçir və özlərini zərərçəkmiş kimi hiss edirlər.
Söz yox, bir çox hallarda təqsir “linç edilənlər”in özündə olur, ehtiyatsız söz danışır, xalqın gözləntilərinin ziddinə fikir bildirirlər. Ancaq demək olar ki, heç bir halda onların məruz qaldıqları linçin şiddəti təqsirlərinin “ağırlığı”na uyğun deyil. Məsələn, onlara verilən cavab “yox, müəllim, elə deyil, düz demirsən” ola biləcəyi halda yeddi arxa dönəninə söyür, şəxsiyyətinə təhqiramiz epitetlər yapışdırırlar.
Bunlar düzgün deyil, ölkədə, siyasi arenada polemika mədəniyyətini öldürür, söz və fikir azadlığına sarsıdıcı zərbə vurur. Ziyalı adam üçün söylədiyi bir fikrə görə dövlət strukturları tərəfindən təzyiqə məruz qalmasıyla kütləvi söyüşə, ictimai məzəmmətə ürcah olması arasında fərq yoxdur. Bunların ikisi də psixoloji təzyiqdir və adamlar bir kəlmə sözün üstündə bu duruma düşmək istəmirlər.
Ona görə də, yuxarıda dediyimiz kimi, ziyalıların kütləvi susqunluğu tendensiyası başlayacaq, heç kəs danışmayacaq, başqa sözlə, heç kəs “quş buraxmaq” istəməyəcək.
Bəs çıxış yolu nədir? Çıxış yolu odur ki, ictimai-siyasi mövzularda polemikalar bu sahə üzrə səriştəsi, biliyi, savadı olan adamlar arasında getməlidir və dinləyici olmalı olan adamlar ya mövzuya o səviyyədə, bəlli bir ədəb çərçivəsində müdaxilə etməlidir, fikir bildirməlidir, ya da susmalıdır, latayırla, nifrət qusuntusu ilə ortalıqda iyrənc mühit yaratmamalıdır.
Bir şey aydındır ki, bu cür davam etməyəcək. İnsanlar bu psixoloji terror mühitində özlərini müdafiə etməyin yolunu tapacaqlar. Bax, o zaman vay-nöfsə qopacaq ki, meydan ağzıpərto, dili söyüşlü, tərbiyəsiz adamlara qalıb və onlar bir-birini küçə söyüşləri ilə təhqir edirlər.